4 noyabr 2020-ci il şəhid olan kəşfiyyatçı Cəfərov Əli Bəyulla oğlu göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il və 29.12.2020-ci il tarixli sərəncamları ilə ”Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
1993-cü ilin 29 avqustunda Astara rayonunun Maşxan kəndində dünyaya göz açan Əli Birinci Qarabağ müharibəsinin şəhidi Nizami.Əliyev adına Maşxan kənd tam orta məktəbinin məzunudur. Uşaqlıqdan sərbəst güləşlə məşğul olub, müxtəlif yarışların qalibi olub, Əli yaşından çox mükafatlar alıb.
Həqiqi Hərbi xidmətə 2011-ci ilin oktyabrında yola düşüb. Ağdamda xidmət edib. Xidmət müddəti bitdikdən sonra 2013-cü ilin aprelində doğma kəndinə qayıdır Samir. Sonra Bakıya gəlir və Xırdalanda yerləşən Abşeron Taxıl MMC şirkətində operator vəzifəsində işə düzəlir. İşlədiyi müddətdə Əli bütün kollektivin rəğbətini qazanıb, sevimlisi olub.
Abdulla Abbasov Taxıl MMC-də şöbə rəisidir: Hamının hörmətini qazanmışdı. Əli həqiqətən yaxşı işçi idi. O, şəhid olana qədər də bizim üçün dəyərliydi. Heç bir mənfi xüsusiyyətini görməmişdik. İndi də əzizdi bizim üçün. Abşeron Taxıl MMC-nin ərazisində, girişdə rəhbərliyin, kollektivin təşəbbüsü ilə Əli Cəfərovun adına bulaq açmışıq. Rəhbərliyin göstərişi ilə 2021-ci ilin sonuna kimi Əlinin maaşı hər ay maaş kartına köçürülür. Bütün şəhidlərimiz əzizdir. Onları unuda bilmərik.Unutmamalıyıq.
Əlini kimsə unuda bilmir: nə dostları, nə qonşuları, nə qohumları. Hamı üçün doğmaydı.
Mehriban xanım: Sonbeşik bacımın sonbeşiyi idi Əli. 5 bacının bir qardaşı. Bizim qardaşımız Azər Əsədullayev də Birinci Qarabağ savaşının zabiti, baş leytenant olub. Əli həmişə deyərdi ki, dayım kimi şəhidlər olub Qarabağ savaşında, onların qanını yerdə qoya bilmərik.
Mehriban xanımın oğlu Hüseynov Vüqarın da Birinci Qarabağ savaşında iştirak etdiyini öyrəndim. Döyüşlərdə ağır yaralanan Vüqarın səhhətində hələ də ciddi problemlər var.
Əli kimi oğullar Azər kimi, Vüqar kimi fədailərdən nümunə götürüb.
5 bacının yeganə qardaşı olan Vətən müharibəsinə könüllü yollanaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin qəhrəmanı olub.
Bacısı Ayselin xatirələri: O qədər əziz idi. 5 bacının bir dənəsiydi. Müharibə başlayanda dedik ki, səni aparmazlar, tək oğlansan. Danışaq, deyək. Dedi ki, məni aparmayacaqlar. Demə Tovuz hadisələri zamanı könüllü kimi qeydiyyatdan keçib dostuyla birlikdə. Heç biri də evdə deməyib. Müharibənin ilk günlərində aparmadılar onu, oktyabrda çağırdılar. Özü can atıb getməyə. Biz müharibəyə gedəndə xəbər tutduq. "Kəşfiyyatçıyam, kəşfiyyatçılara ehtiyac var. Getməliyəm” dedi. Getdi. Noyabrın 1-dən sonra xəbər tuta bilmədik. 4 noyabrda səhər şəhid olub. 4 noyabr gecəsində kəndimizdə torpağa əmanət olundu Əli....
Əli həqiqi hərbi xidmətini kəşfiyyatçı kimi başa vurduğundan müharibədə kəşfiyyaçılara ehtiyac olduğunu bilirdi. Dostu ilə birlikdə qeydiyyatdan keçmişdi. Birlikdə də savaşa yola düşüblər.
- İkimiz də kəşfiyyatçı olmuşduq. Birlikdə yola düşdük. Əvvəl Mingəçevir şəhərinə, ordan da Birinci Ordunun kəşfiyyat rəisi ilə 057 saylı hərbi hissəyə getdik. Ayrı-ayrı taqımlara düşdük. Mən Hücum taqımında idim. Əli tək oğlan olduğu üçün onu təminat taqımına saldılar. Çox qayğıkeş idi. Hər dəqiqə təminatımızla maraqlanırdı. Çox da şən, qorxusuz idi. Əslində ailənin tək oğullarını döyüşlərdə önə buraxmırdılar. Elə hey deyirdi ki, mən döyüşməliyəm. İstəsəydi döyüşə getməzdi. O qədər vətənə bağlı idi ki. Öz istəyi ilə döyüşə qatıldı. Talış, Suqovuşan, Murovdağ, Ağdarə uğrunda döyüşlərdə olduq. Ağdərənin azadlığı uğrunda döyüşdə minamyotlarla vurdular bizi, Əli o döyüşdə şəhid oldu. - İkinci Qarabağ savaşının cəsur kəşfiyyatçılarından olan Şahin Aydın oğlu Məmmədzadə bunları söylədi.
Şahin Məmmədzadə də öz igidliyi ilə fərqlənib savaşda. Noyabrın 10-da ağır yaralanıb. "Cəsur döyüşçü”, "Suqovuşanın azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Əlinin anası Telli xanımın göz yaşını silməyə əlim yetməz, gücüm çatmaz:. O səsi nə vaxt unudacağımı bilmirəm: Qardaşım Azər Əsədullayev Birinci Qarabağ savaşının igidlərindən idi. Elə döyüşüb ki, ermənilər başına pul mükafatı təyin ediblər. Elə başından snayperlə vurublar. 29 yaşında şəhid oldu. Əli də işğal olunmuş ərazilərdən danışanda dözmürdü. "İgid oğul dayısına oxşayar. Mən də torpaqlarımız uğrunda şəhid olaram” deyirdi. Könüllü də getdi. Hər zəng edəndə "ana, qorxma, mən yaxşıyam. Heç bir narahatlığım yoxdu. "Mənim igid əsgərimsən” – deyirdim ona...
Tək Telli xanımın deyil, hamımızın igid əsgəri idi Əli.
Əli Bəyulla oğlu Cəfərov özünü 5 bacının tək qardaşı deyil, Vətən oğlu hesab edirdi.
Vətən oğlu idi Əli.
P.S. Vüqar Hüseynov Birinci Qarabağ savaşında ağır yaralandığından hələ də müalicə alır. Amma qazi statusunu ala bilmir. O illərin haqsızlığı....
Kamalə Abiyeva
qadinkimi.com