Dünyada ən çox istifadə olunan tərəvəz olan kartofdan danışmaq istəyirik bu gün sizə.
Kartof buralara necə gəlib çıxıb?
İlk dəfə kartof 1535- ci ildə Cənubi Amerika hinduları tərəfindən kəşf olunub. Keçua hinduları ona "papa” deyirdilər. And dağlarının ətəklərində yaşayan hindular kartofdan "çunyo” adlı ərzaq hazırlayırlar. Çunyo şaxta altında qalmış, qurudulmuş kartofdur. Hətta hinduların belə bir məsəli də var: "Qurudulmuş çunyosuz ət, məhəbbətsiz həyata bənzəyir”.
1565- ci ildə bu ərazilərə gələrək yerli əhalini qarət edən ispanlar, qızıl, gümüş və digər qiymətli şeylərlə bərabər bir kisə kartofun kökyumrusunu da (onlara maraqlı gəldiyi üçün) öz vətənlərinə gətirirlər. Əldə etdikləri bütün qənimətləri vətənlərinə gəldikdə krala nümayiş etdirirlər. Hər kəsin ilk dəfə gördüyü bu qəribə yumru bitki insanların diqqətini cəlb edir. Kral kartofun bir hissəsini hədiyyə olaraq Roma papasına göndərir. Papa da öz növbəsində digər Avropa hökmdarlarına kartof hədiyyələri göndərir və beləcə kartof bitkisi İspaniya, Hollandiya, İtaliya və digər Avropa ölkələrinə yayılır.
Uzun müddət kartof ən az tapılan yemək növü hesab olunur və ancaq varlıların evində istifadə edilirdi.
Rusiyaya kartof ilk dəfə I Pyotrun vaxtında gətirilib. Kartof yumruları o vaxt xırda və acıtəhər idi. Kartofu sıx əkirdilər ona görə də yumrular daha xırda olurdu. Kəndlilər bu "şeytan alması”nı əkməkdən uzun müddət imtina edirdilər. Hətta kəndli hərəkatları da baş verirdi; çünki kəndliləri kartof əkməyə zorla məcbur edirdilər. Hərbi hissələr "kartof qiyamları”nı yatırırdılar. Sonradan kartofdan dadlı yeməklərin hazırlanma sirlərini öyrənib ondan istifadə etməyə başladılar.
Kartofun Azərbaycana təşrif buyurması isə 18- ci əsrin sonu- 19- cu əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanda bu "şeytan alması”na "yer alması” da deyirdilər. Baba - nənələrimizin dediyinə görə azərbaycanlılar kartof yeməzdilər. Ancaq müəyyən bir zaman keçdikdən sonra bu xeyirli bitkini təsərrüfatda yetişdirərək ondan istifadə etməyə başlayırlar və beləliklə o, xalqın ən sevimli qida məhsuluna çevrilir. Ruslarda olduğu kimi bizdə də kartofu "ikinci çörək” adlandırırlar.
Müxtəlif ölkələrin xalqları kartofu bir neçə cür adlandırıb. Məsələn: ispanlar hinduların dili ilə «papa», islandiyalılar göbələyə oxşar olduğuna görə «tryuflya», italyanlar «tartuffoli », ingilislər «irlandiya batatı», fransızlar «tomm de terr» – «yer alması» və s. deyiblər.
Dünyada 20 milyon hektardan çox əkin sahəsini zəbt etməyi bacaran kartof, 1995- ci ildə kosmosda yetişdirilən ilk tərəvəz kimi də tarixə düşüb.
Kartofun faydaları haqda bildiklərimiz
Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1-2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var.
Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir. Tərkibində çoxlu K vitamini olduğuna görə sidik qovucu xüsusiyyətinə malikdir.
Bundan başqa kartofun bir çox müalicəvi xüsusiyyətləri mövcuddur. Məsələn: Kartofu çiy halda yastı formada doğrayıb yanıq, ekzema olan yerlərə qoyub onları sağaltmaq mümkündü. Kartof buxarı ilə astmatik xəstəlikləri də müalicə edirlər.
Tərkibindəki B vitamini sayəsində əsəbləri sakitləşdirir, yorğunluğu aradan qaldırır.
Suda bişmiş kartofu əl və ayaqlara maska kimi çəkdikdə dərini yumşaldır və çatları sağaldır. Maqneziumla zəngin olduğu üçün saç və dərinin gözəlliyini qoruyur.
Bəs kartofu necə saxlamalı?
Kartofun yalnız gecyetişən növləri uzun müddətli saxlama üçün yararlıdır. Onu deşikləri olan taxta, yaxud karton qutularda, 3-5 dərəcə temperatur olan quru və sərin yerlərdə saxlamaq əlverişlidir. Temperatur 0 dərəcə olduqda ondakı nişasta sürətlə şəkərə dönür və kartof şirinləşir.
Kartof seçərkən mütləq diqqət etmək lazımdır ki, üzəri hamar, möhkəm və bir rəngdə olsun. Əgər bir tərəfində yaşıl rəng varsa bu o deməkdir ki, kartof işıqda saxlanılıb. Məhz bu yaşıl rəngdə zəhərli maddə hesab olunan solanin var ki, onu da mütləq şəkildə kəsib təmizləmək lazımdır. Bəzən satıcılar köhnə amma üzəri hamar olan kartofları "təzə” kartof adıyla satırlar. Əmin olmaq üçün dırnağınızla kartofun qabığını yüngülcə cızın, "təzə” kartof olduqda qabıq tez soyulacaq. Sarı qabıqlı kartof daha çox qalıcıdır.
Qabığı soyulmuş kartofa hava dəydikdə onun rəngi tutqunlaşır, buna görə də yumruları təmizləyən kimi soyuq suya qoymaq lazımdı. Əgər kartof xörək hazırlanmazdan bir saat qabaq soyulmuşsa, onun üstünə təmiz, nəm parça çəkməklə saxlamaq olar.
Soyuqda qalmış kartof yağda qızartmaq üçün yaramır, çünki tez tutqunlaşır və dadsız olur. Belə kartofu bir dəqiqə soyuq suda saxlamaq, bundan sonra isə bir çay qaşığı duz və ya sirkə əlavə edib qaynatmaqla bişirmək olar.
Kartofu zəif odda qaynadıb bişirirlər. əgər od çox güclü olsa, yumrular üzdən bişər, içəridən çiy qalar.
Vineqret hazırlamaq üçün nəzərdə tutulmuş kartofun bişmə həddini ötməməsi üçün üstünə qaynar su tökür, duz (1-l suya 10 qram) əlavə edir, tez qaynama həddinə gətirir və zəif odda 15-20 dəqiqə fasiləsiz qaynadırlar; bundan sonra suyu süzür, qabın dibində bir qədər su saxlayır, qapağı örtür və kartofu buxarda bişirirlər.
Qabıqlı qaynadılıb bişirilmiş kartofda vitaminlər daha yaxşı qalır. Ondan vineqretlər, salatlar, soyuq souslar hazırlayanda istifadə edirlər. Əgər suya duz əlavə edilərsə, kartoflar bişmə həddini ötmür və əgər qaynatmadan sonra soyuq suya salınarsa, asanlıqla soyulur.
Kartofun tez qaynayıb bişməsi üçün suya bir qaşıq marqarin atırlar.
Təmizlənmiş kartofu güclü soyuq su şırnağı altında saxlayın – o tez bişər və kövrək olar.
Əgər suya bir qədər sirkə atılsa, köhnə kartof qaynadılarkən göyərməz.
Qadinkimi.com