HÜQUQLARIMIZ
Kamran Əliyev: Qadınlara olar, kişilərə yox ŞORTİK AYRI-SEÇKİLİYİ Tarix : 19 Sentyabr 2020, 12:53
Cəmiyyətdə ayrı-seçkiliyə səbəb olan daha bir hadisə baş verib. Belə ki, texnobloqqer Fərid Pərdəşünas sürücülük vəsiqəsi almaq üçün imtahana şortiklə gəldiyinə görə içəri buraxılmayıb.  
 
Fərid Pərdəşünas açıqlamasında bildirib ki, qapıda dayanan polis onu içəri keçməyə qoymayıb. O deyib: "Qanunda olmasa da rəisin şəxsi qərarı ilə şortikdə gələn kişilər nəinki imtahana, hətta binanın həyətinə girə bilməzlər".
  
 "MediaPost”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev jurnalist Fərid Pərdəşünasın şortiklə gəldiyinə görə imtahana buraxılmadığı barədə danışıb. Bildirib ki, hətta adi restoranlar kommersiya təşkilatları olsa da, müəyyən geyim formaları var, uyğun olmayanda insanlar içəri buraxılmır:

"Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən düzgün deyil. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq etdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın qısa paltar da geyinə bilər, şortik də. Heç kim heç nə deyə bilməz, bu onun haqqıdır. Amma kişilərin bizim cəmiyyətdə qəbulolunmaz formada geyinərək gəlməsi uyğun deyil. Bizdə kişilərin şortik geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bəlkə də hələ o dövr gəlib çatmayıb. Buna görə də kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz deyil. Ora gələn digər şəxslərin tələbidir”.

qadinkimi.com