BURA / ORA
Jurnalist Qaliziyanın qətli Malta hökumətini silkələyib Tarix : 26 Noyabr 2019, 17:30
Yazar : Qadinkimi.com
Maltada jurnalist Dafne Karuana Qaliziya cinayəti ilə bağlı aparılan istintaq davam edərkən bu gün iki nazir və baş nazirin müşaviri istefa verib. 
Baş nazir Josef Muskat cinayətlə bağlı ötən həftə həbs edilən iş adamı Yurgen Feneç ilə əlaqələri olduğu iddia edilən baş nazirin müşaviri Keys Skembrinin istefa verdiyini açıqlayıb.

Bu xəbərin yayılmasından sonra turizm naziri Konrad Mizzi də jurnalistin qətli ilə əlaqəsi olmadığına baxmayaraq istefasını elan edib. Maltalı jurnalist öldürüləndən əvvəl sosial şəbəkə hesablarında hökumət daxilindəki korrupsiya ilə bağlı Skembri və Mizzini ittiham etmişdi.

Bu gün jurnalistin sui-qəsdi ilə bağlı polis tərəfindən sorğu-sual edilən iqtisadiyyat naziri Kristiyan Kardona da "beynəlxalq maraqları qorumaq məqsədilə” vəzifəsindən istefa verdiyini açıqlayıb.

Mətbuata açıqlama verən Kardona cinayətlə heç bir əlaqəsi olmadığını bildirərək "polisin ondan bəzi məsələləri daha aydın izah etməsini istəməsindən sonra beynəlxalq maraqları qorumaq məqsədilə nazirlikdəki işinə fasilə verdiyini” deyib. 

Qaliziya cinayəti ilə bağlı aparılan istintaq işi çərçivəsində ötən həftə ölkənin əsas iş adamlarından Yurgen Feneç lüks yaxtası ilə adadan uzaqlaşmağa çalışarkən həbs edilib. 

Feneç əməkdaşlıq qarşılığında əfv tələb etmişdi. Hadisədə adı çəkilən digər məhbus Teuma adlı şəxs oxşar təklifi Feneç həbs edilməmişdən bir gün əvvəl qəbul edib.  

Teuma qanunsuz lotereya və çirkli pul yuma ittihamları ilə 14 noyabrda həbs olunub. 

Malta baş naziri Josef Muskat 19 noyabrda verdiyi açıqlamasında ad çəkmədən Teumanı nəzərdə tutaraq, məhkəmə işi davam edən bir məhbusun Qaliziya cinayəti ilə bağlı paylaşacağı bəzi məlumatlar qarşılığında həmin şəxsə əfv tələb etdiyini və hətta əfvlə bağlı nazirlik qərarını artıq imzaladığını açıqlamışdı. 

İctimaiyyətdə "Panama sənədləri” kimi tanınan hadisədə Malta ilə bağlı hazırladığı xəbərlərlə gündəmə gələn jurnalist Dafne Karuana Qaliziya 2017-ci il 17 noyabrda Bidnja bölgəsindəki evinin yaxınlığında avtomobilinə yerləşdirilən saatlı bombanın partladılması nəticəsində həyatını itirib.

Qaliziya ölümündən 8 ay əvvəl mərkəzi Dubayda yerləşən gizli 17 Black Limited adlı şirkətin olduğunu üzə çıxarmış və bunun maltalı siyasətçilərlə əlaqəli olduğunu iddia etmiş, ancaq sübut edə bilmədən öldürülmüşdü. 

Reuters xəbər agentliyinin araşdırması nəticəsində "Panama sənədləri" işində adı keçən firma sahibinin həbs edilmiş Yurgan Feneç olduğu üzə çıxıb. 

Sözügedən saatlı bombanı partlatmaqda günahlandırılan 3 nəfərin məhkəməsi olacaq.
 
 
qadinkimi.com