YAZI / DÜŞÜNCƏ
İtki - Aysel Fikrət Tarix : 26 Mart 2020, 18:20
Yazar :
Sabahın korunda insansız küçələrlə gəlib dənizə yetişdim. O da elə bil mənim kimi nəsə itirmişdi.
Dəniz doğmur, dünyaya heç nə gətirmir. Onun üzündə çiçəklər bitmir. Yaşamır. İtirdiyi yoxdu. Balıqlardı, yosunlardı. Yosunlarını, balıqlarını canından alıb çəksəm nə olar bu dənizin halı? Mənim halımdan anlar?

Yazıq dəniz..sakit, səssiz, kimsəsiz.. Anlamır məni. Üzünü gözünü danlamaqdan qıpqırmızı qızarıb. Adamın belə ağla sığmayan dərdi olar? Günəş kimi həqiqətim var idi yalan oldu. Gün kimi aydındı. İlin günün bu soyuq vaxtı bir nənə ağır səngin bir qadın isti, doğma baxışıyla, təmkinli, dünyagörmüş görkəmiylə məni bağrına basdı. "Ay mənim gözəl balam, səbirli ol. Dərdin üzü soyuqdur. Keçib gedəcək" dedi. Susdum. Oğlunu itirmiş bu qadın mənə ürək-dirək verdikcə dərdimdən utanıb yerə girdim.Yerin tərki də cansıxıcı idi. Adamın bu darlıqda ürəyi dayana bilərdi. Min əzabım bir güman etmir. Ürəyimdəki itgim özüm boydadı ay ana, dözmürəm. Dəniz dalğalarını mənə tərəf gətirirdi. Həvəssiz ürəyimdə yenidən ümid yaranmağa başladı. Dənizin balıqları, yosunları belə məndən xoşbəxt idi.

Allahın evinə də getdim. Məsciddən eşidilən dua məni kövrəltdi. Gözlərimi yaş örtmüşdü. İtginin bu cür olacağını təxmin belə etmədim. "İnsan itirdiyi adamla bir evdə yaşamaz balam, dəli olarsan" deyə məscidin pəncərəsinə söykənmiş qoca söylədi. Bu dünyaya hər kəs xoşbəxt olmağa gəlmir axı...İtirdiyin nədirsə ver suya getsin...

Burdan baxanda evim boynunu büküb dayanmışdı. Suvağı, divarı sökülmüşdü. Gücsüz görünürdü. Baxçasındakı güllər solmuşdu. Sonra düşündüm ki, əsl qadın güllərə qulluq edə bilən qadındı. Üzündə gülüşü olan.. Gülüş üzümdən çoxdan köç edib getmişdi. Gülməyimə zəmin olan bir şey qalmamışdı. Son sözlərimi yazıb dənizə tərəf getdim. Günəş sarısı qalın şalını çiyninə salmış bir qadın zülüm-zülüm ağlayırdı. Ona yaxınlaşıb yanında oturdum.

Əri üç aya yaxın idi ki, yeni ailə qurmuşdu.Yeni arvadından balaca bir qızı olmuşdu. Onunla bu xəyalı nə qədər que. Balaca qızlarının o qədər olmasını arzulayıb bir-birinə sarılmışdılar ki. Ona nifrət edə bimirdi. Yalnız ərinin daha balaca qız övladına sevinclə baxa bilmirdi. Əri ondan qaçırdı. Görüşəndə gözlərini qaçırırdı. Öz xoşbəxtliyinə xələl gəlməyindən qorxurdu sanki.. Yeni arvadının nəvazişindən, qayğısından rəngi açılmışdı. Əməlli-başlı özünə gəlmişdi.Yeni vərdişlər əmələ gəlmişdi. Əlləri əsə-əsə sözə başladı: 

- Necəsən ?
Qadın ağlamaqdan qıyılmış gözlərini açıb ərinə zilləndi. Əri ondan söz soruşmağına peşman oldu.
- Bilirsən, dedi bu həyatın sevgiyə dəxli yoxdu. Sadəcə mən də artıq kiməsə lazım olduğumu bilirəm. İllərlə ardınca düşdüm nə qazana bildim ki? İndi yaşayıram da..İşə gedirəm, evə tələsirəm. Üzündə gülümsəmə yaranan kimi yenə sevincini gizləyib bərk-bərk qadının əlindən yapışdı. Bax nə olar, sən də özünü ələ al. Yadındaydı sənin ardınca sürünəndə ədayla mənə baxıb "bir qadın üçün də kişi bu hala düşər?" deyə gülərdin. İndi nə oldu o ədan? Niyə çökdün axı? Bəlkə bir az bağda dincələsən? Bu xəstəxana, müalicələr sənə kömək etmədi...
- Hə nə deyirsən? Göndərim maşını sabah gəlsin səni yerləşdirək bağa? Vallah evdəki də sənin dərdini çəkir. Başımıza nə gətirdin sən...Günümüz qaradı. Özünü ələ al. Axı sən özün dedin ki, uşağımız olmur get evlən. Mən də sən dediyini etdim. Əvvəl istəmirdim. Sonra onun nəvazişi, qayğısı, uşaq istəyi məni aldı apardı. Axı sən bilirsən mən səni illərlə necə sevmişəm.Var idin bu mənə bəs idi..
Əri nə danışırdısa qadın onu eşitmirdi. Qulağnda dərin bir uğultu var idi.. heç bir səs onu ayrılığın uğultusundan, unudulmağın əlindən qutara bilmirdi.. Əri qapını yavaş örtüb çıxdı. Qadın beynindəki illəri, sevincləri yandıra bilmirdi ki, bilmirdi. Nə etsəydi də o kişinin ürəyindən xoşbəxtliyi çıxara bilməyəcəyini anladı.Ya bu həyatı sevməliydi, ya da heç bir şey. Hələ ki, o da günəş sarısı iri şalını çiyninə salıb dənizə tərəf getdi.

Dənizin sahili adamla dolu idi. Hamı nəsə itirmişdi. Kimi ağlayır, kimi düşünür, kimi isə ləpələrə daş atırdı... Mən susurdum.
İtki - bir balaca qızcığazın sevdiyi qələmlərini bilmədən pəncərədən düşürməyi kimi ümidsizdi. Bir atanın ölümü, bir əsgərin son məktubu, bir kişinin ümidsiz sevgisi, bir ananın məzlum, kimsəsiz üzü... İtki - duyğusuz qalmaqdı, özünü itirməkdi. Üfüqündə heç nə görünməyən bir dənizin sahilində sayıqladım bunları. Ərini öz əliylə evləndirən qadının saçlarına sığal çəkdim bir az..Bir az oğlunu itirmiş ananın son ümidinə sarıldım, bir az sevgisinin həsrətinə ağlayan qadını güldürdüm. Aman Allah kiminsə ürəyində belə dəhşətli yara olub yaşamaq necə zülmlü imiş. Mən də kiminsə itgisi olmağa getdim hər şeyini itirmiş bir adamın üzündəki ağrıdan düşüb itdim. Özüm də bilmədim nə zaman itki oldum..Heç ağlıma belə gəlməyən itgi.. Kiminsə itkisi. İtkisi... İtkisi...


Aysel Fikrət
qadinkimi.com