Onu əvvəlcə arzulayırıq, sonra dünyaya gəlişini intizar və həsrətlə, həyəcanla gözləyirik, qucağımıza götürəndə sanki bütün dünyanı qollarımız arasına almış kimi oluruq.
Sonra da başlayır yuxusuz gecələrimiz. Yuxuda da üz-gözünü turşutsa, narahat oluruq. Beşiyi başında bəstəkara çevrilirik, şairə dönürük. Qulağına ən şirin arzularımızı pıçıldayır, beyinlərinə xoşbəxtlik yazırıq böyük hərflərlə. Hər anını, hər vaxtını yadda saxlamağa çalışırıq, nə vaxt oturdu, nə vaxt iməklədi, haçan əlini tutub ayaqüstə dayandı?.. Ən sevincli anı bir əli ilə nədənsə yapışıb ayağa qalxması və sərbəst dayanması deyilmi? Sizi bilmirəm, bax elə bu saat balaca körpəmin üz-gözündən tökülən sevinc yağışı isladır məni!..
Sonra yeriyəcək, dil açacaq, ilk sözünə sevinəcəksən, xırdaca addımlarına qürurlanacaqsan, əlindən tutub gəzdirəndə yerə-göyə sığmayacaqsan yenə, şadlığından dolub daşacaqsan... Eh, hələ qabaqda nə sevinclər gözləyir səni! Hər il ad günləri bayram yaşadacaq sənə, masanı adına hazırladığın tortla bəzəyib üstündə hər il yaşı qədəri şam yandıracaqsan, o, üfürəcək, sən sevincindən uçacaqsan. Hələ ilk dəfə məktəbə getdiyi gün, onu unudamı bilərsən?.. O, böyüdükcə sənin arzularının da miqyası böyüyür, ən uca xəyallar qurursan, özünü unudaraq onun üçün yaşadığından xəbərin də olmur. Hərdən əvvəlki şəkillərinə baxıb fərəhlənirsən, balam nə qədər böyüyüb deyə. Düşünmürsən ki, özün yaşlanırsan, bu, heç vecinə də deyil, odur həyatının mənası! O, xoşbəxtdirsə, sən də bəxtiyarsan... Anasan sən, valideynsən - övladının ayağına dəyən daşa da qəzəbin tutur.
...Sevgili peyğəmbərimiz övladı "cənnət meyvələrindən biri" adlandırırdı, nə qədər haqlıymış. Anam isə deyirdi ki, valideyn olmayınca onun qədrini bilməz insan, o da haqlıydı. Bəli, bir yaşına çatınca fərəh qarışıq qəhər tutur boğazını. İlahi, hardan gəldi, necə keçdi illər, dünənki balaca uşaq hara qeyb oldu deyə, suallar verərsən özünə. Qarşında dayanan gəncin xəbəri olmaz sənin keçirdiyin hisslərdən, onun indi göylərə pərvazlanan vaxtıdır. Heç sən də danışmazsan, susar və adına yeni arzulardan saray qurarsan, amma indi fərqli, daha böyük, daha mükəmməl şeylər istəyərsən Yaradandan... Övladını sağlam, təhsilli, mədəni, yüksək insani keyfiyyətlərilə yanaşı, həm də "əli çörəyə çatan" görmək dinclik verir sənə; axı, illərini vermisən, malını-pulunu xərcləmisən, gəncliyini əritmisən onun üçün!
Bax, indi həyatının axara düşdüyü vaxtdır, dayanıb nəfəsini dərə və rahatlana bilərsən. Özünü unutmuşdun axı, arada hardansa eşitdiyin bu sözlərdən təsəlli tapırdın: "Qadının gəncliyi uşaqları böyüyəndən sonra başlayır!.."
Sən də səbirlə bunu gözləmirdinmi elə?.. Amma vaxt gözləmir axı, zaman su təki axıb gedir, vaxt barmaqların arasından sarı qum dənələri kimi tökülür, bir də başını qaldırırsan ki, sənin o balaca uşağının saçlarına dən düşüb! Sakitcə, için-için sızlayırsan, üsyan edərsən.
Bu ağ saçlarla ürəyinə qorxu düşər, səni fikir götürər! Bir film var, qarlı-çovğunlu gecədə ağır avtomobil qəzası keçirən gənc qadın maşın qarışıq, huşsuz vəziyyətdə buz tutan çaya düşərək suyun dibinə enir, amma bir qədər sonra baş verən (əlli ildə bir dəfə ola bilən) təbiət hadisəsinin möcüzəvi təsiri nəticəsində ayılıb suyun üzünə çıxır və ölümdən qurtarır. Yox, bu, hələ hamısı deyil, o, həm də bu təsirdən əbədi gənclik də qazanır, qocalmır, qızı yaşlanır, o isə olduğu yaşda da qalır. Bu, qadına əzab verir... Baxın, bənzər halı yaşayır övladının hər gün bir az da yaşlandığını görən ana. Əlbəttə, çox yaşamağın yolu dahilər demiş, qocalıqdan keçir, amma bu, övladımızla yaşanırsa, necə də kədərlidir!..
Hər ana qəlbinə bahar övladıyla gələr, hər ana yaz gətirmək istəyər övladına. balası durduğu yerdən baxar dünyaya, amma bəzən də dünya onun bir qara telinə dəyməz gözündə...
... Dağdan dağa atdı küləklər məni,
Tanıdı sevdalı ürəklər məni.
Çağırıb oyatdı mələklər məni,
İstədim baharı gətirim sənə.
Şahnaz Şahin
qadinkimi.com