İspaniyadakı məktəblərdən biri gender bərabərsizliyinə son qoymaq məqsədilə oğlan uşaqlarına gündəlik ev işləri öyrədir.
Əksəriyyət gündəlik ev işlərinin yalnız qadınlar üçün olduğunu düşünür. Hətta partnyorların hər ikisinin çalışdığı və uğurlu karyeraları olan ailələrdə qarşı cins televizorda futbol izləyib istirahət etdiyi halda, ev işlərini qadın təkbaşına görür.
Qadın yemək bişirmək, qab, paltar yumaq və digər təmizlik, məişət işləri görməklə yanaşı, uşaqların qayğısına da qalır. O həm də işə gedir və ailəsi üçün pul qazanır. Kişilər kifayət qədər boş zamana sahib olsalar belə, ev işlərində qadına kömək etmirlər.
İspaniyada oğlan məktəblərinin birində gender bərabərsizliyinə son qoymaq məqsədilə oğlan uşaqlarına məcburi ev işləri dərsi keçirilir. Şagirdlər riyaziyyat, tarix və digər elmləri öyrəndikləri kimi paltar ütüləməyi, yemək bişirməyi və tikiş tikməyi də öyrənirlər. Montescalo adlı kollecdə bunlar gələcək ailələrdə məsuliyyətin bərabər paylanması vərdişinin formalaşdırılması məqsədilə öyrədilir. Eyni zamanda santexnika, dülgərlik, daş hörmə və elektrotexniki işlər də layihəyə daxildir. Bu dərslərin digər klassik dərslərin müəllimləri tərəfindən aparılması da maraqlıdır.
Məsələn, iqtisadiyyat dərsinin müəllimi Andres Luna paltar ütüləməyi öyrədir: "Oğlanlar bunun yalnız bir qadın işi olmadığını, eyni zamanda bir kişinin də işi olduğunu başa düşməlidirlər”.
Diqqətçəkən məqamlardan digəri valideynlərin də bu layihəyə cəlb edilməsidir. Atalar da övladları ilə birgə ev işləri öyrənir və daha sonra öyrəndiklərini könüllü olaraq siniflərdə övladlarına öyrətməyə davam edirlər. Məktəbin məsul şəxsi Gabriel Bravo layihəni belə izah edir: "Bu tapşırıqların öhdəsindən gəlmək öyrəncilərimiz üçün çox faydalıdır. Çünki gələcəkdə qurulacaq ailənin təməli sağlam olacaq, onlar qab yuma, ütüləmə və ya ev təmizliyi kimi işlərin təkcə qadınların deyil, hər iki tərəfin də məsuliyyətində olduğunu biləcəklər. Belə dərslər onları məlumatlandırır, xəbərdar edir və bu işlərin öhdəsindən gəlmələrində yardımçı olacaq”.
Bir tələbə dərslərlə bağlı fikrini belə ifadə edir: "Başlanğıcda zarafat olduğunu düşündüm. Sonra fikrim dəyişdi. Bu dərslər, şəxsən mənə, valideynimin nə qədər iş gördüyünü başa düşməyimə kömək etdi və bunun heç də asan olmadığını gördüm”.
Əvvəlcədən gözlənildiyi kimi, oğlanlar başlanğıcda "qız işləri”ni öyrənəcəkləri üçün bir az təlaşlı olsalar da ailələrinin dəstəyi və təşviqi ilə verilən tapşırıqların öhdəsindən gəlməyi bacardılar və bir çoxu kifayət qədər uğurlu nəticələr göstərdilər.
Əksər oğlan tələbələr və ataları sonda belə nəticəyə gəldilər ki, yemək bişirmə və paltar ütüləmə digər ev işləri ilə müqayisədə nisbətən daha asandır...
Başqa təhsil qurumları da eyni dərsləri tətbiq etmək üçün hazırlıq gördüklərini bildiriblər.