BURA / ORA
İşləyən anaların etirazı: “Övladlarımızı kimə buraxaq?!” Tarix : 10 May 2020, 20:31
Yazar : Qadinkimi.com
Karantin rejimi səbəbindən bağçaların açılmaması valideynləri ciddi sıxıntı ilə üzləşdirib

 

Ölkədə karantin rejimi yumşaldılsa da, bir sıra məhdudiyyətlər qüvvədədir. Nazirlər Kabineti yanında Operativ Qərargah, ardınca da Təhsil Nazirliyi bəyan etdi ki, uşaq bağçaları yay boyunca da fəaliyyət göstərməyəcək.

 

Əlbəttə ki, burada yoluxma riskləri nəzərə alınır, amma orta, ali təhsil müəssisələri hansısa yolla virtual işini qurub. Bağçalar tədris-tərbiyə müsəsisəsi olsa da, buranın sakinləri azyaşlı uşaqlardır. Hansı ki, onların çoxunu, valideyn işlədiyi səbəbindən bura etibar edir.

 

Bəs, azyaşlı övladını iş üzündən bağçaya aparmalı olan valideynlərin vəziyyəti necə olacaq? Axı, xüsusən analar, karantin bitənə qədər işdən ayrıla bilməzlər, bu halda neyləməlidirlər? Mövzu ilə əlaqədar bəzi valideynlərin fikirlərini təqdim edirik.

 

Günel Musa: "Artıq bir müddətdir işə çıxıram, amma şəhərdə doğmalarım olmadığından əlacsız qalmışam. Bağçanın işləmədiyi 3 ay ərzində hansı iş yeri məzuniyyət verəcək işçisinə? Mənim burada qohum-əqrabam yoxdur. Dayə bir uşağa 300 manatdan aşağı baxmır, məndə iki azyaşlı uşaqdır. Kirayə qalıram, büdcəmizə uyğun deyil. Hökumət qərarı verəndə biz anaları da düşünməlidir. Heç olmazsa, işləyən anlar nəzərə alınaraq bağça qrupları açılsın. Başqa ölkələrdə karantin yumşaldılanda bu amil nəzərə alınıb, bağçalar da işləyir, axı virus uşaqlar arasında ağır fəsad törətmir. Ona qalsa, valideynlər də bütün gün çöldə olurlar, onlar da evə virus gətirə bilərlər”.

 

Fərqanə Allahverdiqızı: "Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı son qərarında dövlət müəssisələrində çalışan işçilərin işə çıxması ilə bağlı qaydalar da açıqlanıb. Həmin sənədə əsasən, öhdəsində azyaşlı uşaqları olan (8 yaşadək) anaları işə çağırmayacaqlar. Ona görə də düşünürəm ki, bağçaların açılmaması çox da çətinlik yaratmayacaq. Özəl sektorda çalışan anaların işinə təsir edə bilər”.

 

Lalə Mehralı: "Valideynlərə maddi yardım ayrılmalıdır, bağça yaşındakı uşaqlara görə dövlət dayə pulu ödəyə bilər. Amma valideynlər iş yerindən arayışla müraciət etməli, ödənişini asan yolla almalıdırlar. Kart sistemi ilə deyil, birbaşa nağd”.

 

Kəmalə İsmayılova: "Bir həftədir işə çıxmışam. Uşaqlarımı bir gün anamın, bir gün bacımın yanına qoyuram. Onlarda da, iki uşaq var deyə, aləm dəyir bir-birinə. Utanıram, zəng vurub soruşum ki, necədir vəziyyət. Həm də onlar Binəqədidə, biz Suraxanıdayıq. Çox çətindir. Heç olmasa, özəl bağçalar açılsın. Müvəqqəti olaraq sıxlıq yaranmasın deyə müəyyən yoxlamalardan sonra. Və ancaq işləyən valideyinlərin uşaqlarını götürsünlər”.

 

Könül İbrahim: "Ana da, ata da işləyirsə, uşaq havada qalır. Hamının yanında yaxını qohumu yoxdur. Mənim uşağım şəxsən anamdan və rəfiqəmdən başqa heç kimdə saatlarla qalmır. Atası ilə də 1 saatdan artıq qalmır. Yaxşı ki, anam dəstək verir, amma bağçanın bağlı olması valideynləri çətin vəziyyətdə qoyub”.

 

Nailə Mirzəzadə: "İşləyən anayam, hər gün düşünürəm ki, övladımı hara qoyum? Dövlət qərar verdikdə mütləq onun yaradacağı problemlərə və problemin həllinə də diqqət yetirməlidir. Heç olmazsa, dövlət bağçaları açılsın, işləyən anaları arayışla yoxlayıb yola versinlər”.

 

Yaranan vəziyyətlə bağlı Ayna-ya danışan "Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimlinin sözlərinə görə, hökumətin fəaliyyətində koordinasiya yoxdur: "Məsələn, metro bərpa olunur, ancaq yoluxma sayı günbəgün artır. Bəlkə də yoluxma statistikası real deyil. Eyni sözləri uşaq bağçalarının fəaliyyətinin dayandırılması haqda da demək olar. İş yerləri bərpa olunursa, bağçalar niyə işləməsin? Bəs uşağını bağçaya qoyub işə gedənlər necə etsinlər? Təəssüf ki, ölkədə məntiq ölüb”.



Müəllif: Raminə Eyvazqızı
Mənbə: ayna.az
qadinkimi.com