FEMİNİZM
İSLAHI MÜMKÜNSÜZ GÖRÜNƏN SEKSİST Tarix : 26 Yanvar 2019, 10:34



Öncə onu deyim ki, yazının manşetində Seymurun adının qeyd olunması, həm də bu yazının daha çox adama çatmasına hesablanıb. Amma əsas məqsəd bu deyil.

Seymur Baycan 2000-lər adlanan Azərbaycan ədəbi cərəyanının parlaq simalarından biridir. Onun "Quqark” romanı, heç şübhəsiz, Qarabağ müharibəsi və ümumiyyətlə sülh mövzusunda yazılmış ən yaxşı Azərbaycan romanlarından biridir. Baycanın yazıçı, publisist, maarifçi kimi gördüyü işlər danılmazdır. Seymur hər zaman sülhün, dünyaviliyin, azad fikrin, bir sözlə işığın tərəfində olub.
 
                                                  
Amma onun çox böyük və müasir sənət adamı üçün bağışlanılmaz bir xüsusiyyəti var. O, islahı mümkünsüz görünən seksistdir. Özü də, bu məsələyə ideologiya kimi baxır və hər yazısında bir cümlə də olsa, bunu qeyd etməyi özünə borc bilir. Seymur həqiqətən də fikirləşir ki, qadın-kişi bərabərliyi mifdir. Onun fikrincə qadının yeri mətbəxdir, məişətdir.

Bu fikirlərin təftişinə başlamazdan əvvəl qeyd etməliyəm ki, şəxsən mən də özümü seksist hesab edirəm. Məsələn, mən yemək bişirə bilmirəm, paltar ütüləməyi, ev təmizləməyi də elə siz deyən bacarmıram. Amma bunu üstünlük kimi də qəbul etmirəm. 30 yaşınadək mən kişinin qadından üstün olması norma kimi qəbul olunmuş bir ailədə, bir ortamda böyüyüb, formalaşmışam. İndi də həyat yoldaşım feminist olsa da, bir çox ev işlərini özü görməyi xoşladığından məni məcbur etmir. Amma paltar yuyub asmaqda, uşaqlara qulluq etməkdə və başqa məişət işlərində iştirak edirəm.

Dediyim odur ki, uşaqlıqdan mənə təlqin olunmuş patriarxallıq heç yerə getməyib. Amma bu, heç bir halda mənim üstünlüyüm deyil. Əksinə, çatışmazlığımdır. Bunu anlayır və bununla mübarizə aparmağa çalışıram.

İnsanı ali varlıq edən, onun primitiv hisslərini idarə etmək bacarığıdır. Bunun üçün isə özünütənqid çox vacibdir. Özünütənqid hissinin azalması, həmişə reallıq hissinin itməsi və mütləq primitivliklə müşayət olunur. 

Bunun çox sadə psixoloji mexanizmi var. Şüur ilk növbədə kritika, sintez-analiz hadisəsidir. Heyvani instinktlərimizin də yaşadığı təhtəlşüurun şüurdan əsas fərqi onun tənqid funksiyasından məhrumluğudur. Şüur hər zaman öz tənqid "qılıncı” ilə təhtəlşüura nəzarət edir. Ona görə də bu funksiyanın zəifləməsi istisnasız olaraq hər zaman primitiv fikirlərin təhtəlşüur zindanından azad olması ilə müşayət olunur.

Açığı, dostumuz Seymur Baycanın bu cür deqradasiya etməsini müşahidə etmək çox pis təsir edir adama. Zamanında çağdaş bir yaradıcı insan gözümüzün qabağında özünü cəhalətə, qaranlığa basdırır.

Son bir neçə ildə dünyada yayılmış "Mee too” feminist hərəkatına münasibətim heç də birmənalı deyil. Əvvəl qadın haqları uğrunda başlayan bu aksiya, zaman keçdikcə kişi düşmənçiliyinə çevrilərək, iyrənc formalar almağa başladı. Zamanın üzdə olan elm adamlarına çamur atmaq bir adət halına çevrildi. Bu məsələdə mən heç bir halda ifrata varmanı dəstəkləyə bilmərəm. Amma bu o demək deyil ki, qadın-kişi bərabərliyi özü-özlüyündə doğru deyil.

Bəli, qadınla kişi arasında bioloji fərqlərin olması danılmazdır. Amma kişinin intellektual baxımdan qadından üstün olmasını göstərən heç bir ciddi elmi istinad yoxdur. Xatırladım ki, bu günədək iki fundamental (humanitar sahələr bura aid deyil) elm sahəsində Nobel mükafatı almış ilk və yeganə insan, qadındır. Özü də, Maria Küri buna seksizmin tüğyan etdiyi bir zamanda və ortamda nail olub. Hətta bu mükafatı aldıqdan sonra da məhz qadın olduğu üçün, onu bir müddət Sorbonne kimi nüfuzlu universitetdə dərs deməyə qoymurdular. Rektorun əsas arqumenti isə o idi ki, mən icazə verə bilmərəm Sorbonne-da bir qadın professor olsun. 

Amma indi kim xatırlayır o rektorun adını? Siz xatırlayırsınızmı? Mən yox.

Nobel mükafatçıları arasında qadınların az olması da, heç bir halda kişinin daha üstün olmasına işarə vermir. Nobel mükafatçıları arasında afroamerikanlılar da azdır. Bu o deməkdirmi ki, intellekt insanın irqindən asılıdır? O mükafatı alanların əksəriyyəti ABŞ və Avropa alimləridir.  Bu o demək deyil ki, Asiya və Afrikada yaşayan insanlar daha aşağı intellekt imkanlarına malikdirlər. 

Məsələ ondadır ki, bu vaxtacan dünyada ən imtiyazlı təbəqə, ağdərili, qərb kökənli kişilər olub. Ən yaxşı yeməkləri onlar yeyir, ən isti paltarları onlar geyir, ən keyfiyyətli təhsili onlar alırlar. Onlara hər yerdə yaşıl işıq yanır. Buna görə də, hər sahədə ən yüksək məqamlara onlar yüksəlirlər.

Amma dünya dəyişir. Bu gün hətta ictimai fikrə çox ciddi təsir etmiş klassiklərin belə əsərləri seksizm elementinə görə təftiş olunur. Bu təftişdən keçməyən fikirlər unutqanlıq zibilliyinə atılır. 

Çünki, prioritetlər dəyişib. Bir zamanlar dünyaya qənim kəsilmiş din, bu gün böyük anlamda təhlükə olmaqdan çıxıb. 

Elə Azərbaycanın özündə də vəziyyət 10 il əvvəlki kimi deyil. Ortada gözüaçıq, dünya trendlərindən xəbərdar, öz hüquqlarını bütün çətinliklərə baxmayaraq dişiylə, dırnağıyla qazanan və cəsarətlə müdafiə edən xeyli  qadın var. Özü də bu cür qeyri-bərabər şərtlər altında. Şəxsən mənim əxlaqım yol verməzdi ki, o cür çətinliklərə rəğmən, məndən beş dil artıq bilən, öz sahəsinin kompetenti olan qadınları gördüyüm halda, "qadının yeri mətbəxdir” mesajı verim.

Bədii ədəbiyyatı və ya fəlsəfəni dərindən oxumamışam, amma məsələn, bilirəm ki, Russo kimi filosofun, Lermontov və Turgenyev kimi ədəbi klassiklərin də mətnlərində seksizm işartıları var. Məlum bioloji səbəblərdən o adamlar öz fikirlərini korrektə etmək imkanından məhrumdurlar.

Seymur Baycanın isə belə bir imkanı var. Hələ ki, var.

 
 
Hacı Hacıyev
 
azlogos.eu