BURA / ORA
İranda etirazların əsl səbəbi nədi - Elyar Türkər yazır Tarix : 23 Noyabr 2019, 13:26
Yazar : Qadinkimi.com
İrandakı xalqların əksəriyyəti mövcud hakimiyyətdən narazıdı və ona güvənmir. Son 40 ildə xalqların hakimiyyətə olan inamı gün-gündən azalır. Diktatorluq, hakimiyyətin uğursuzluqları və insanların xüsusi həyat tərzi yaşamağa məcbur edilməsi də səbəblər arasındadı.

Bundan əlavə, fars olmayan, xüsusilə türk xalqları 80 ildən çoxdur ki, azadlıq uğrunda mübarizə aparır. Çünki türk xalqı illərdi ki, siyasi, mədəni və iqtisadi təzyiqlərə məruz qalmaqdadı. Diqqət etsəniz görərsiniz ki, Fars Pəhləvi və fars molla rejimi fars şəhərlərinə daha çox vəsait ayırıb, digər bölgələr isə yoxsul vəziyyətdə qalıb. 

Son hadisələrə gəldiyimizdə isə bunu vurğulamaq lazımdı ki, 7 ay əvvəl İran rəsmi xəbər agentliklərinin bir neçəsi benzinin bahalaşacağı xəbərini saat 17:00-da yayımladıqda dərhal insanlar benzin stansiyalarında növbəyə düzüldülər. İranın gündəlik benzin istehlakı 90 milyon litr olsa da, o gecə 180 milyon litr benzin satıldı. Bu fakt dövlət üçün böyük itkidi. Ona görə də energetika naziri Bijan Zəngənə məlumatı paylaşan xəbər agentliklərini məhkəməyə verəcəyini, səhərisi günü isə benzinin bahalaşma xəbərinin yalan olduğunu və bu ilin sonuna qədər bahalaşmayacağını, bahalaşmadan əvvəl məlumat veriləcəyini açıqladı. 
 


Benzinin 3 dəfə bahalaşma xəbəri 14 noyabr gecə saat 12:00 -da (1000 tüməndən 3000 tümənə) qalxdı. Səhəri gün İranda rəsmi tətil olduğu üçün insanlar düzgün məlumat əldə edə bilmirdi. Bu da hakimiyyətin düşünərək atdığı bir addım idi. Növbəti günlər, yəni şənbə və bazar bütün dünyada istirahət günləri olduğu üçün hakimiyyət etirazlar olsa belə yetəri qədər yayılmayacağını düşünürdü. Halbuki şənbə günü İranda həftənin rəsmi birinci günüdü. Beləliklə, rəsmi şəxslərdən xəbərin doğruluğunu öyrəndikdən sonra bir anda Güney Azərbaycan başda olmaqla, bütün şəhərlərdə etirazlar başladı. Ancaq hakimiyyət etirazların birdən-birə bu qədər artacağını düşünmürdü.
Hətta cümə günü İranda şəhərlərin bir neçəsi insanların bu yoxsul vəziyyətində benzinin bahalaşmasına etiraz əlaməti olaraq cümə namazı zamanı prezident Ruhaniyə hücum etdi.
 


Bazar günü etirazlar daha da böyüyüb İran üçün ümumi təhlükəyə çevrildi. Bazar ertəsi dini lider Xamneyi televiziya çıxışında bu qərar barədə əvvəlcədən xəbərdar olduğunu açıqladı. Bunu açıqlamaqla etirazların azalacağına ümid edilirdi, amma əksinə oldu. Etirazçılar təkcə benzin bahalaşması deyil, hətta hakimiyyətin özündən də narazı olduqlarını dilə gətirdilər:
"Ölüm! Ölüm olsun diktatora”, "Ölüm olsun Xamneyiyə!”, "Ölüm olsun Ruhaniyə!”, "Rədd olsun bu rejim!”, "Azərbaycan milləti bu zülmü çəkməyəcək!”, "Urmiya oyaqdı, Təbrizə dayaqdı!”, "Zəncan, Təbriz, Ərdəbil bu səs Urmiyadan gəlir!”, "Azərbaycan Azərbaycan!” kimi sloqanlar səsləndi. 

Bununla yanaşı, insanlar benzin bahalaşmasına etiraz etmək üçün şənbə günü səhər saat 10:00-da maşınlarını yolun ortasında söndürüb, etiraz əlaməti olaraq süni tıxac yaratdılar.
 


Bütün bunlardan sonra hakimiyyət artıq bu etirazların həmişəkindən daha təhlükəli hal aldığını və nəzarət edə bilməyəcəyini anlayıb Xamneyinin əmri və İran Milli Təhlükəsizlik Qurumunun qərarı ilə ölkədə interneti kəsdi. Artıq ölkə daxilində və xaricində heç kim xəbər əldə edə bilmədi. Rejim bu vəziyyətdən istifadə edərək nəzarət kameraları ilə müəyyən etdiyi etirazçıları gizlincə gecə ilə evlərindən məlum olmayan yerlərə apardı. 

İran rəsmi xəbər agentliklərinin verdiyi məlumata görə, 2000-dən artıq insan həbs edilib, 150-dən çox bank və 70-dən artıq alış-veriş mərkəzi yandırılıb. 
 


Beynəlxalq Amnistiya Təşkilatının rəsmi səhifəsində verilən xəbərlərə görə ölənlərin sayı 106-dan çoxdu. Telefonla aldığımız xəbərlərə görə isə ölənlərin sayı 360-dan artıqdı.  
Ölkə rəsmiləri bütün açıqlamalarında etirazçıları araqarışdıran və provokasiya yaradan adlandıraraq təhqir edir. İnternet 5 gündən artıqdır ki, bütün ölkədə dayandırılıb. 
Bunu da xatırlatmaq lazımdı ki, ola bilsin ölkə rəsmiləri etirazların bitdiyini iddia etsin. Amma bu etirazlar nə birincidi, nə də sonuncu. 

1995-ci ildən sonra başlayan etirazlar əvvəllər 10 ildən bir olsa da, son illərdə 2-3 il və hətta bir neçə ay fasilə ilə davam etməkdədi. Bu, xalqın hakimiyyətə olan nifrətinin gün-gündən artmasını göstərməkdədi.

Bu hadisələr Güney Azərbaycan türkləri üçün Azadlıq mübarizəsi deyil. Amma azadlıq mübarizəsi yolunda təkrar bağırıb səsimizi dünyaya eşitdirmək üçün bir vasitə oldu. 

Təbii ki, bugünkü İran adlanan ölkədə farslar da iqtisadi vəziyyətdən narazıdı. Amma türklər bu coğrafiyada ən qədim xalq olaraq 80 ildən çoxdur ki, iqtisadi, mədəni və siyasi təzyiqlərə məruz qalaraq hər zaman mübarizə aparıblar. Bu mübarizə azadlığa qovuşanədək davam edəcək. 


 
ELYAR TÜRKƏR
İRAN eksperti
GAMOH Sədr müavini; xüsusi olaraq qadinkimi.com üçün