"İranda cümə günü bu ölkədə benzin qiymətlərinin kəskin artımının əleyhinə başlayan etirazlarda onlarla insan öldürülmüş ola bilər", BMT-nin insan hüquqları ofisindən belə deyiblər.
Qurum İranın təhlükəsizlik əməkdaşlarını həddindən artıq güc tətbiq etməkdən çəkinməyə, eləcə də odlu silahlardan istifadə etməməyə, ölkədə internetə giriş imkanlarını təmin etməyə çağırıb.
Amnesty International təşkilatı 21 şəhərdə azı 106 etirazçının öldüyünə dair etibarlı məlumatlar aldığını bildirib.
İran hökuməti küçələrdəki şəxsləri "iğtişaşçılar" adlandırıb.
İranda şənbə günü axşama doğru internetin tamamilə kəsilməsindən sonra bu ölkədəki hazırki vəziyyətin necəliyi barədə məlumat yoxdur, lakin onlarla şəhər və qəsəbələrdə etirazlar olub.
Etirazlar hökumətin benzinin qiymətinin bir litrinin qiymətini 50 faiz artaraq 15000 riala çatdırmasına ($ 0,12; qeyri-rəsmi bazar məzənnəsi ilə $ 0.09) və sürücülərə hər ay yalnız 60 litr benzin almalarına, bundan artıq yanacaq alanların isə bir litr benzinə 30 min rial ödəməli olacaqlarını açıqladıqdan sonra başlayıb.
Prezident Hassan Rouhani, hökumətin ictimai maraqlar çərçivəsində davrandığını və toplanan pulun ölkənin ən ehtiyaclı vətəndaşlarına xərclənəcəyini söyləyib.
Lakin bu qərar Amerikanın ötən il Prezident Donald Trump-ın nüvə razılaşmasından imtina edərək, bu ölkəyə sanksiyaları bərpa etməsindən sonra iqtisadiyyatın onsuz da sarsıldığı bu ölkədə böyük qəzəblə qarşılanıb.
Sanksiyalar İranın neft ixracının çökməsinə və rialın dəyərinin düşməsinə səbəb oldu və əsas malların qiymətlərinin qalxmasına səbəb olmuşdu.
"Bazar günü etirazlar təxminən 100 şəhər və qəsəbəyə çatıb", yarı rəsmi Fars xəbər agentliyi bildirib.
Azı 100 bank və 57 mağaza yandırılıb və təxminən 1000 nəfər həbs olunub.
Müxtəlif mənbələrdən gələn qeyri-rəsmi məlumatlara görə, son beş gündə 200-ə yaxın insan həlak olub, 3000 nəfər yaralanıb. Lakin İran hakimiyyəti yalnız bir neçə nəfərin öldüyünü deyir.
Bəzi şəxslər BBC-nin farsca xidməti ilə əlaqə saxlayaraq acınacaqlı vəziyyəti təsvir ediblər.
Təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açmasının video qeydləri var. Həlak olanların ailələri deyirlər ki, hökumət meyitləri dəfn etmək üçün təhvil verməkdən imtina edib; ictimai meydanlarda və əsas küçələrdə ciddi təhlükəsizlik tədbirləri görülüb; bir çox universitet tələbəsi həbs olunub və məhkəmə orqanları xaricə video göndərməyin cinayət olması ilə bağlı xəbərdarlıq edib.
Hökumət sözçüsü bazar ertəsi vəziyyətin "sakit" olduğunu söyləyib və "sabah və sonrakı gün iğtişaşlarla əlaqədar hər hansı bir problemin olmayacağını" deyib.
Ancaq sosial mediada yayılan videolar, bazar ertəsi gecə bir neçə yerdə davam edən etiraz nümayişlərini göstərib. Yerli mətbuatın verdiyi məlumata görə, paytaxt Tehran yaxınlığında üç təhlükəsizlik işçisi də bıçaqlanıb.
Rupert Colville ölənlərin ümumi sayını dəqiqləşdirməyin olduqca çətin olduğunu söyləyib, ancaq İran mediası və bir sıra digər mənbələr ən az səkkiz fərqli əyalətdə etirazlar zamanı onlarla insanın öldürüldüyünü xəbər verib.
"İran hakimiyyətini və təhlükəsizlik qüvvələrini dinc nümayişləri dağıtmaq üçün güc tətbiq edilməməsinə və ya ehtiyac olarsa güc tətbiq etməyi mümkün qədər məhdudlaşdırmağa çağırırıq."
"Biz, həmçinin etirazçıları fiziki zorakılığa və ya əmlakın məhv edilməsinə müraciət etmədən nümayişləri dinc şəkildə keçirməyə çağırırıq", - o deyib.
Cənab Colville, həmçinin İran hökumətini ifadə azadlığı və dinc toplaşmaq hüquqlarına hörmət etməyə və iranlıların internetə çıxışını dərhal bərpa etməyə çağır.
Rupert Colville İranın BMT və ABŞ-ın sanksiyaları nəticəsində ciddi iqtisadi çətinliklərlə üzləşdiyini qeyd edib. Ancaq o, həmçinin etirazlara "sərt söz və bir dəmirlə" reaksiya verməyin vəziyyəti daha da pisləşdirə biləcəyi xəbərdarlığını edib.
Prezident Ruhani Bazar günü "insanların etiraz etmək hüququ var, lakin etirazlar iğtişaşlardan fərqli olmalıdır. Biz cəmiyyətdə etibarsızlığa yol verməməliyik" deyib.
bbc.com/azeri