Qadinkimi.com siyasi xadim İqbal Ağazadə ilə müsahibəni təqdim edir.
Saytımız adından yubileyiniz münasibəti ilə təbrik edirik sizi.
- Təbrik üçün çox təşəkkür edirəm.
Bizim "kişi kimi” rubrikamız var. Orada gender bərabərliyi, feminizm, cəmiyyətdə qadın və digər mövzularla bağlı danışırıq. Sizcə, Azərbaycanda qadınla bağlı həll olunmalı problem nədi?
- İlk növbədə düşüncələr dəyişməlidi. Qadınla bağlı yanlış düşüncələr var. Təəssüf ki, mental dəyər adı ilə ta qədimdən bu günə gəlib çıxmış fikirlər var. Qadın və kişi anlayışında qadın tərəf müqabilindən, həyat yoldaşından daha çox tabe olan, eşidən, yerinə yetirəndi. Bu düçüncənin dəyişməsi üçün cəmiyyətin savadlanması, yeni dünyaya, yeni düşüncəyə inteqrasiyası lazımdı. Hələ əski düşüncədəyik. İnsanların xarici görünüşünə, geyiminə baxmayın. Fransız kimi geyinib ən radikal düşüncəyə gedib çıxmışıq. Baxmayın ki, qanunla bütün hüquqlar tənzimlənir. Hər kəs öz qapalı yerində öz qanunlarını yeritməyə çalışır. Hər kəsin qanunlarının sivil olması üçün çalışmalıyıq. Bir qismin hüquqlarının tanınması hesabına yox, hamının hüquqlarının tanınması hesabına qurulur sivil cəmiyyət.
50 illiyinizin hesabatını vermisiz. Çox şey etsəz də, heç nə etməmişəm yazmısız. Çünki "Qarabağ hələ də işğal altındadı, problemlərimiz var” demisiz. Siz hələ də Qarabağ probleminin həllini Türkiyə ilə Ermənistanın sərhəd açılımında görürsüz?
- Bu, bir ştrixdi. Problemin kompleks həlli olur. Ştrixlərin üzərində qalsaq, o detalı vacib hesab edirəm. Bütövlükdə faktorlar var, o faktorun da üzərində qalıram. Regionda elə hadisələr var ki, israrla yenə də deyirəm: sərhədin açılması işimizi sürətli edəcək.
Qadınla bağlı problemləri sadaladınız bayaq. Prezidentliyə namizəd, millət vəkili olmusuz. Siyasi xadimsiz. Bir dəfə də olsun cəmiyyət sizin xanımınızı görməyib. Öz qadınını cəmiyyətdən gizlədən siyasətçinin dünyaviliyinə necə inanmaq olar?
- Mənim xanımım cəmiyyətdən gizlənmir. İctimai-siyasi statusa malik deyil və bu, onun könüllü seçimidi. Mənlə birgə problemlərin içinə girmək arzusu yoxdu. Kifayət qədər demokratik, Azərbaycan nümunəsində ənənələri kifayət qədər yeniləyən övladlar tərbiyə edirik. Ailəmizdə də münasibətlər bu istiqamətdədi. İnsanların könüllü seçiminə müdaxilə etmirəm, qadağa da qoymuram. Etmiş olsam, hüquqlarını pozardım.
Gender bərabərliyi ilə bağlı çıxışınız oldu. Bərabərliyi müdafiə etdiz. Hüquqların tanınmasını vacib saydız, cinsi azlıqların, fərqli cinsi orientasiyadan olanların hüquqlarının tanınmasının gərək olduğunu bildirdiz. Buna görə təpki gördünüz, yoxsa təqdir edildiniz? Gender bərabərliyinin təmin edilməsi cəmiyyətin inkişafına necə təsir edə bilər?
- Gender bərabərliyi o demək deyil ki, 50-50- yə qadın və kişilərə vəzifə vermək lazımdı. Əvvəlcə o düşüncəyə sahib olan peşəkarları vəzifəyə təyin edəcəksən. İnsanlar düşüncə və baxış bərabərliyinə sahib olandan sonra gender bərabərliyi də pozulmur. Gender o zaman problem olur ki, düşüncələrdə böyük fərq var və zorən idarəçiliyi bəlli bir sistemə oturtmaq istəyirsən. Cəmiyyətdə hansısa kəsimin diskriminasiyaya uğraması fikir fərqliliyindən irəli gəlir. Əvvəlcə oturuşmuş bir şablon düzəltmək lazımdı. O şablonda artıq hər kəs öz yerini tutacaq. Amma yenə deyirəm, qadın və kişi bərabərliyini cəmiyyətin özü də, ən ağıllı hesab etdiyimiz insan da yanlış qəbul edir. Qadın hüququndan danışanda kişiləri diskriminasiya edirlər və ya əksinə. Bərabərlik isə hər cür diskriminasiyaya qarşıdı. Tərəflər hələ özlərini, bu problemin həllində öz yerlərini, rolunu tapa bilməyiblər. Qaldı cinsi azlıqlara, cəmiyyətdə bu kəsim varsa, onlarla bağlı qanun olmalıdı. Mən görmürəmsə, qəbul etmirəmsə, bu olmayacaq deyə bir şey yoxdu. Bu var və olacaq. Ona görə də qanun onları tanımalıdı. Qanunun tanımadığı bütün hallar cəmiyyətin özündə diskriminasiya, hüquq pozuntusu, cinayət yaradır və artırır.
Nazirlər Kabineti tamailə kişilərdən ibarətdi. Parlamentdə 125 deputat içində tək-tük qadın var. Eləcə də digər dövlət strukturlarında. Sizcə, hər hansısa bir müşavirədə, iclas və tədbirdə bir ordu kişinin hökuməti təmsil etməsi bizim haqda geriqalmış ölkə təəssüratı yaradırmı?
- Bəli, hal-hazırda belə problem var. Təəssüflə qarşılayıram. Azərbaycan Nazirlər Kabinetində, parlamentdə, məmur təbəqəsində qadın azdı. Təəssüf ki, qadınlarımız da bu işdə çox maraqlı deyillər, siyasətə gəlmək istəyən, ictimai-siyasi həyata atılmaq istəyən qadın azdı. Bu da mental tarixi ənənədən irəli gəlir. Əvvəlcə cəmiyyətin qadını ailədə düzgün yerini tapmalıdı, biz ona düzgün yerini göstərməliyik. Nominal olaraq nazirlərin yarısını qadın da etmək olar. Amma bu Azərbaycanda diskriminasiya problemini həll etməyəcək. Həll edilmiş kimi görsənəcək. Gerçək problemi həll etmək bəzən buxova çevrilmiş dəyərlərdən, bəzən illər uzunu formalaşan ənənədən imtinadı və s. Bunu bacaracağıqsa, gerçək cəmiyyət quracağıq. Yox, yenə 20 nazir varsa, 10- u qadın olacaqsa, ya 125 deputatın 60- nı qadın edib deyəcəyiksə problem bitdi, "urra” bizdə hər şey dəyişib, - bəlkə müsbət təsir edəcək prosesə, həvəsləndirmə yaradacaq, amma problemi dərinliyindən həll etməyəcək. Keçən əsrin 30- cu illərinə diqqət edin, Azərbaycanda Sovet hakimiyyəti qurulanda qadınlar önə çıxarılırdı. Səhnəyə gələn, çadrasını atan, Sosialist Əməyi Qəhrəmanı olan, kolxoz quruculuğunda iştirak edib deputat seçilən qadınlara diqqət edin. Sizcə, bu mental dəyərləri və düşüncəni dəyişdimi? Gender bərabərliyini təmin etdimi? İlk fürsətdəcə daha neqativ hallar ortaya çıxdı. Demək ki, formanı tapmışdılar, fikir, düşüncə isə dəyişməmişdi. Düşüncəni dəyişmək üçün isə bax, elə bu sayt da daxil olmaqla, saytın rəhbərliyi başda olmaqla, təkcə "ictimai fəaliyyətlə məşğulam” deməklə kifayətlənmədən, "maarifləndirirəm” deyib işini bitmiş hesab etmədən daha dərindən məşğul olmaq lazımdı problemlə. Cəmiyyətin və ya mənim üzərimə bir problem yıxmamalıdılar. Gəlib dayanmalıdılar siyasətin ortasında, ya məndən öndə, ya arxada. Yox, hər kəs kənardan ağıl öyrədəcəksə, "gender bərabərliyini bu şəkildə təmin edin – filan” deyəcəksə, alınmayacaq. Eyvallah, problem bundan da ağır olacaq.
Hələ də prezident olmaq istəyirsiz?
- Olmaq istəyirsiz deyəndə ki, mən prezident olmuşam ki? Olmamışamsa, demək, bundan ötəri çalışıram. Məqsədim prezidentlik deyil, saydığınız problemləri həll etməkdi. Saydığınız problemləri məndən yaxşı kim həll edəcək Azərbaycanda? Hesab edirlər ki, məndən yaxşı kimsə həll edəcək, onu da nişan versinlər, gedim mən də onun yanında dayanım. Ona görə də olmalıyam və olacam.
Üzeyir bəy əlli yaşına çatanda Məşədi İbadı yaşlı təsvir etdiyinə peşman olmuşdu. Siz özünüzü bu yaşda necə hiss edirsiz?
- Mənim əlli yaşım yoxdu. 49 olur, gələn il 48 olacaq. Geriyə gedirəm.
Bir qız, bir oğul atasısız. Uğurlarına sevinəsiniz. Qızınızın evinin qadını olmasını istəyirsiz, yoxsa Azərbaycanın ictimai-siyasi həyatında rolunun olmasını?
- 1979- cu ildən əvvəl İranda hansı qadına kim olacaqsan sualı versən, kosmonavt da, aktrisa da olmaq istədiyini deyərdi. İslam inqilabından sonra yazıqlar heç nə ola bilmədilər. Mən Azərbaycanda gələcəkdə necə bir cəmiyyət olacağını bilmirəm. Övladım Azərbaycanın həyatında iştirak etmək istəyəcəksə, müdaxilə etməyəcəm. Uzaq perspektivdə Azərbaycanın demokratikləşəcəyini də, problemlərini həll edəcəyini də bilirəm. Biz sivil dünyanın parçası olacağıq. Lakin məhz mənim qızımın – övladlarımın seçim dönəmində hansı cəmiyyətdə olacağıq, o cəmiyyət uşaqlarımın potensialını səfərbər edib istədiyi yerdə olmaq tələbinə cavab verəcəkmi, - hələlik o suala cavab vermək çox çətindi. Bayaq qeyd etdim. Xanımımın da evdar qadın olmaq statusuna qarışmıram. İstəmir, zorla "sən bu yerdə dur” deməyəcəyəm ki... Eləcə də övladlarıma. Biz uşaqları sağlam düşüncədə böyüdək, qalanı zamanın işidi.
Qadinkimi.com