
Bildiyimiz kimi yaşayış məskənimizin memarlıq tərtibatında rəng həmişə əsas rol oynayıb. Birinin evinə girəndə ilk olaraq orda əks olunan rəngə fikir veririk.
Ev sahibinin şəxsiyyəti, zövqü və dünyagörüşü məhz burda əks olunur. Eyni bir çaları hərə bir cür görür və burda hansısa bir qanunauyğunluq yaratmaq qeyri mümkündü. Hər bir rəng 3 əsas xarakteristikaya malikdi.
Birincisi- çalar, başqa sözlə onun adı (göy, yaşıl, sarı və s.)
İkincisi- xromatik intensivlik - onun doymuşluğu nəzərdə tutulur. Məsələn, parlaq qırmızı, əgər ona qara və ya ağ rəng əlavə etsək, boğuq, daha az intensiv olacaq. Üçüncü xarakteristika- parlaqlıq - bu rəngin işığı nə dərəcədə əks etdirməsi, yəni tünd və ya açıq olması haqqında məlumat verir.
Əsas rənglər - qırmızı, göy və sarıdır, qalan bütün rənglər isə onların əsasında və onların qarışığından alınır. Həmçinin, bu və ya digər rəngə ağ rəng qatılanda açıq çalarlar, qara rəng qatılanda isə tünd çalarlar əmələ gəlir. Əksər insanlar interyerin dizaynında təbii pastel tonlara, bəziləri isə daha parlaq tonlara üstünlük verir.
Bizim hər birimizin öz sevimli rənglərimiz və rəngləri qavrama qabiliyyətimiz var. Əbəs yerə demirlər ki, "zövqün və rəngin dostları yoxdur”. Bu elmi sübut olunmuş faktdır ki, rəng seçimi və rəng qavramı olduqca fərdidir. Birinin "gözünü ağrıdan” rəng ahənginə tamaşa etmək digərinə ləzzət bəxş edir. Hər hansı rəngə üstünlük verilməsində əsas rolu intellekt oynayır: İntellekt səviyyəsi nə qədər yüksək olsa, qarışıq və zərif rənglərin çalarları və vəhdəti bir o qədər insana xoş gəlir.
Cisimlərin nə üçün müxtəlif rənglərdə olmasının səbəbi isə hələ qədim zamanlardan insanı düşündürüb. Filosof və alimlər belə hesab edirlər ki, rəng cismin öz xüsusiyyətidir. Buna baxmayaraq, bu rəngin günün vaxtından və işıqlanma şəraitindən asılı olaraq dəyişməsini izah edə bilmirdilər. Belə hesab edilirdi ki, müxtəlif rənglər işığın və qaranlığın "qarışığından” alınır. İnsanlar göy qurşağında, almaz dənələrində və şüşə prizmalarda işıq sayrışmasını müşahidə edirdilər. Yalnız Nyuton göy qurşağının parlaq boyaları ilə cisimlərin rəngləri arasındakı əlaqəni kəşf etmişdi. Nyutona məxsus bu mühüm kəşf rəngləri sadə (hansı ki, tərkib hissələrə ayrılmır) və mürəkkəb (tərkibi sadə rənglərin qarışığından ibarət olan) rənglərə böldü.
Bu mənada ən mürəkkəb rəng ağ rəngdi. Hamı bilir ki, sadə satı və göy rəngin qarışığından mürəkkəb yaşıl, göy və qırmızının qarışığından isə bənövşəyi rəng alınır. Sadə və mürəkkəb rəngləri ardıcıllıqla düzsək, işıq dairəsinin sadə modelini alırıq. Sadə və mürəkkəb rənglərlə yanaşı optikada çox maraqlı bir təzahür var - tamamlayıcı rənglərin mövcudluğu, belə ki, bir neçə rəngli şüşələrin üst-üstə qoyulması nəticəsində boz rəng alınır. Bir birini "söndürən” bu cür rənglər tamamlayıcı rənglər adlanır.
Qırmızı rəngi göyümtül yaşıl, narıncını göy, bənövşəyini isə sarımtıl yaşıl ton tamamlayır. İşıq dairəsində tamamlayıcı rənglər bir-birinin qarşısında yerləşir. Təbiətdə qatışıqsız təmiz rənglər kifayət qədər nadirdir.
Hətta göy qurşağında da rənglər bir-birini "sıçrayışla” əvəz etmir, bu keçidin "axarlığı”, yəni əsas rəngin başqa rəngə tədricən keçməsi ton və çalarlar yaradır, "qatışığın” olmaması isə rəngin təmizliyini xarakterizə edir. Məsələn, sarı yaşılın yanında durur, lakin sarı yaşıla keçdikcə hansı rəngin tonunun üstünlük təşkil etməsindən asılı olaraq sarımtıl yaşıldan, yaşılımtıl sarıya qədər olan mərhələni keçir.
Nəinki spektrdə yanaşı duran rəngləri, hətta bir birindən uzaqda olan rəngləri də qarışdırmaq olar. Bənövşəyi moruğu çalarlı qırmızı rəng məhz belə alınır. Əsas rəngə boz rəngin əlavə edilməsi boğuq bozumtul göy, bozumtul yaşıl, bozumtul yasəməni tonlar verir.
Hazırladı:
Günel Deniz
Qadinkimi.com