
- İnsanda vəfa axtarma - o, istidə ağacın kölgəsinə sığınar, soyuqda isə həmin ağacı baltalayaraq isinər. İnsan ehtiyac duyduğunu sevər, işini bitirdiyini unudar.
- Ömrün uzunluğu deyil, məzmunu və doğruluğu onun dəyərini müəyyənləşdirir. Düz yaşayan insan, vicdanla, ədalətlə, mənəvi dəyərlərə sadiq qalaraq yaşadığı üçün geridə iz qoyur - elə iz ki, yüz il yaşayan bir çox insan onu qoya bilmir.
- Təbiətin qoynunda bir stəkan çayla oturmuşam… Sakitlik danışır, külək pıçıldayır, günəş gülümsəyir. Ruhum yavaşca dincliyin musiqisinə çevrilir. Bu an - insanın özünü tapdığı, dünya ilə barışdığı andır.
- Bəzən insan min səsin içində susqun qalar, çünki heç biri onun ruhuna toxunmaz. Elə o zaman səssizliyin qucağında bir sığınacaq axtarar. Tənhalıq - ağrının səssiz dili, gücün görünməyən sığınacağıdır.
- Düşməninə dost olmaq üçün min şans ver, amma dostuna düşmən olmaq üçün heç bir şans vermə.
- Dostunu ehtiyatla sev - ola bilər ki, bir gün sənə düşmən kəsilsin. Düşmənlə də ehtiyatla davran - ola bilər bir gün səninlə dost olsun.
- Dostunu, qardaşını üç halda qorumasan, sənə həqiqi dost deyilməz: düşkün vaxtında, özü olmayanda, ölümündən sonra.
- Səbir iki cürdür: xoşlamadığın bir şeyə səbretmək və çox istədiyin bir şeyə səbretmək.
- Əsl yetim - ana-atadan deyil, elm və əxlaqdan məhrum olandır.
- Ən pis insan odur ki, başqalarının eyiblərini axtarır, amma öz eyiblərini görmür.
- Doğru söz acı olar, amma vicdanlı qulağa şəfa verər.
- İnsanı yıxan zaman deyil - zamanında edilməyən seçimlərdir.
- Gözəl geyim insanı bəzəyə bilər, amma gözəl əxlaq onu ucaldar.
- Haqqı demək cəsarət, haqqı yaşamaq isə şərəfdir.
- İnsan verdiyi sözlə tanınmaz, tutduğu sözlə tanınar.
- Dostluq - etibarla başlayar, sədaqətlə yaşayar, dualarla davam edər.
- Elmsiz ağıllı görünmək mümkündür, amma əxlaqsız müdrik olmaq mümkün deyil.
- İnsanlar iki qismə ayrılır: Tanıdıqca böyüyənlər və tanıdıqca kiçilənlər.
- İnsanı iki şey yıxa bilər: dostunun xəyanəti, düşməninin mərhəməti.
- İnsanları tanımaq üçün illər yetməz, bir davranış yetər. Çünki sözlər niyyətləri gizlədə bilər, amma davranışlar həqiqəti söyləyər.
Vicdanla, ədalətlə yaşayan insanlar bəzən çox yaşamır… Çünki haqqı danışan dillər, düz yolla gedən addımlar cəmiyyətin tikanlı səhnəsində tez yorulur.
Vicdanlılıq, qanunun ruhunu yaşadan ən əsas prinsiplərdən biridir. Vicdanlı polis, həm qanuna, həm də insanlığa xidmət edir, çünki ədalət yalnız vicdanın işığı altında həqiqətə çevrilir. Vicdansızlıq isə heç zaman haqqın müdafiəçisi ola bilməz.