İngilis "Sky Nyus” (Sky News) televiziyasının verdiyi xəbərə görə, Londonda yaşayan Florens Viddikomb (Florence Widdicombe) adlı 6 yaşlı qız mağazadan alınan Milad kartlarının birinin öncədən doldurulmuş olduğunu görüb. O, kartın içində istehsal edildiyi Çin Xalq Respublikasında xarici məhbusların zorla çalışdırıldığını üzə çıxaran qəribə bir mesaja rast gəlib.
Kartda "Biz Çində Şanqay Qinqpu (Shanghai Qingpu) həbsxanasındakı xarici məhkumlarıq. İstəmədiyimiz halda zorla çalışmağa məcbur edilirik. Xahiş edirik bizə kömək edin və bunu insan haqları təşkilatlarına bildirin” sözləri yazılıb.
Kartda əvvəllər bu həbsxanada 2 il yatmış ingilis jurnalist Peter Humphreylə əlaqə saxlanılması da yazılıb.
Milad kartlarının ingilis pərakəndə satış zənciri üçün Şanqay Qingpu həbsxanasına 100 km məsafədə yerləşən Zheijiang Yunguang mətbəəsində çap edildiyi məlum olub. Bundan sonra kartların satışı və sözügedən mətbəədə kart istehsalı dayandırılıb.
Firma bildirib ki, əgər bu fakt təsdiq olunarsa, mətbəə ilə işə son veriləcək.
Bu, ilk hadisə deyil
Kartda adı çəkilən jurnalist Humphrey də "Sunday Times” qəzeti üçün qələmə aldığı yazıda mesajın onu Çində "saxta ittihamlarla” 2 il həbs edildiyi günlərə apardığını bildirib.
Həbsxanadakı köhnə xarici məhkumların zorla montaj və paketləmə işlərində çalışdırıldıqlarını təsdiqləyən jurnalist Milad kartlarından tutmuş geyim firmalarının etiketlərinə qədər bir çox işdə xarici məhkumların əməyinin istismar edildiyini vurğulayıb.
İngiltərədə 2017-ci ildə başqa bir pərakəndə zəncirindən alınan Milad kartında isə "Sizə şans və xoşbəxtlik arzu edirik. Üçüncü məhsul mağazası, Guangzhou həbsxanası, 6-cı bölmə” mesajı tapılmışdı.
Ölkədə 2014-cü ildə bir mağaza şəbəkəsindən alınan şalvardan isə Çin dilində olan bir zərfin içindən həbsxana vəsiqəsi çıxmışdı. "SOS” ilə başlayan zərfdə Çindəki Xiangnan həbsxanasındakı məhkumların gündə 15 saat geyim əşyası istehsalında çalışdırıldığı iddia edilirdi.
qadinkimi.com