HÜQUQLARIMIZ, UŞAQ / BÖYÜK
İlkinin əmisi oğlunun pul təklif etməkdə məqsədi nə idi Tarix : 05 Dekabr 2022, 00:16


2020-ci il, yanvar ayının 6-sı, Tovuz rayonunun Dondar-Quşçu kəndi…47 gündür itkin düşmüş, axtarılan 10 yaşlı qız uşağı Nərminin meyitinin yandırılması və meyitinin aşkar edilməsinə hələ (saat 19:30) təxminən 2 saata yarım vaxt qalıb.


Bu zaman, saat 17:00-da qətlə yetirilən uşağın ailəsi Quliyevlər yaşayan evə Tovuz rayon Polis Şöbəsinin əməkdaşı olan həmkəndliləri Murad Süleymanov gəlir. O, Nərminin oğurlanması və qətlindən təqsirləndirilib həbs edilən İlkin Süleymanovun əmisi oğlu, həm də yaxın qonşusudur.  


Həyətdən səsləyir. Səsə Nərminin anası Aynurə İsmayılova çıxır. Həmin zaman Nərminin atası Şərif Quliyev, bacıları Şəbnəm və Şahanə evdə olurlar. Şərif evdə yatır. 


Murad Süleymanov Nərminin anası Aynurədən hal-əhval tutur, Nərmin barəsində maraqlanır, o isə, hələ də bir xəbər, məlumatın olmadığını bildirir. Murad o an əlini cibinə salır, "birdən ehtiyacınız olar” deyərək, Aynurəyə pul vermək istəyir. Aynurə ehtiyac olmadığını deyib təklifdən imtina edir. Ona cavab olaraq, Murad Süleymanov nə vaxt pula ehtiyacları olsa, bunu ona bildirmələrini deyərək, çıxıb gedir. 


Aynurə İsmayılova əri Şərif yuxudan oyananda həmkəndliləri, polis əməkdaşı Muradın gəlişini, onun Nərmin haqqında maraqlandığını və eyni zamanda ona pul vermək istəməsini, lakin pulu götürmədiyini bildirir. Bunu eşidəndə Nərminin atası Şərif Quliyev təəccüblənir. Muradın məhz həmin gün, 6 yanvar 2020-ci il tarixdə, saat 14:00 radələrində Dondar-Quşçu kənd yolundakı döngədə maşın gözlədiyi anda, ona yaxınlaşıb maşınına mindirdiyini, yolu birlikdə gəldikləri zaman ona da pul təklif etdiyini, o da pul götürmədiyini bildirir. 


Muradın onlara birdən-birə, eyni gün pul təklif etmə cəhdləri ailəni xeyli təəccübləndirir, çünki Murad Süleymanov Nərmin itən 06 yanvaradək  onlara hər hansı maddi yardım etməmiş, bunu təklif də etməmişdi. Və hətta Nərmin itəndən təxminən 15 gün əvvəl, anası Aynurə işlədiyi "Çinar” restoranında Muradı görüb ona maddi imkanları zəif olduğu səbəbindən borc pulla bağlı müraciət etdikdə, Murad  imtina etmişdi. 


Belə halda isə...


Bəzi suallar yaranır. Nə imiş bu Murad Süleymanovu Nərminin meyitinin, qətlinin üzə çıxmasından az öncə həmin gün onun ailəsinə bir neçə dəfə və hər yerdə təkidli pul təklifləri?! Bu, İlkinin əmisi oğlunun cinayəti bilib gizlətmə və zərərçəkən ailənin də şübhələri və şikayətlərini Süleymanovlardan yayındırma cəhdi olmazmi? İlkinin əmisi oğlu bu cinayəti bilibsə, ailə üzvləri bunu son gündə də olsa bilməyiblərmi?


Murad Süleymanov bu qədər qətiyyətlə, təmiz vicdanlı kimi öz əmisi oğlu İlkin Süleymanovun haqlarını müdafiə etiyi halda, nədəndir ki, polis orqanlarından xaric olunma ilə bağlı öz haqqını müdafiə etmir, şikayət verməyib məhkəmələrə? Nədən, nə korlamaqdan çəkinir? Suallar çoxdur.


10 yaşlı qız uşağı Nərminin oğurlanması, cinsi (müxtəlif vasitələrlə də olsa!) təcavüzə məruz qalması, uzun müddət amansızlıqla dözülməz işgəncəli şəraitdə saxlanması və amansızlıqla öldürülərək yandırılması çox böyük mənəvi və ictimai sarsıntılı rezonans (!) doğuran cinayətdir. Bunun üstünü hay-küylə, pul xərcləyib vəkillər, jurnalistlər tutmaqla ört-basdır etmək olmaz...


P. S.

Hər halda, məhkəmə prosesi gedir, istintaq da görsənir ki, az iş aparmayıb - faktlı-sübutlu. Görək…




İlqar Altay, hüquqşünas-kriminalist

qadinkimi.com