BURA / ORA
İlk insan koronavirusunu aşkarlamış qadın kimdir? Tarix : 22 Aprel 2020, 22:45
Yazar : Qadinkimi.com
İlk insan koronavirusunu aşkarlayan şotlandiyalı avtobus sürücüsünün qızı, 16 yaşında məktəbi tərk etmiş bir qadın olub.

June Almeida virusun təsvirinin yaradılması sahəsində öncül olub və onun elmi araşdırmaları indiki pandemiyaya görə yenidən diqqəti özünə cəlb edib.

Covid-19 yeni bir xəstəlik olsa da, onu törədən koronavirus ilk dəfə 1964-cü ildə Londonda St Thomas Xəstəxanasının laboratoriyasında June Almeida tərəfindən aşkar olunub.

1930-cu ildə doğulan gələcək virusoloq June Hart Şotlandiyada, Glasgow şəhərinin şimal şərqindəki Alexandra Parkın yaxınlığında kirayə bir evdə boya-başa çatıb.

Məktəbi yarımçıq tərk etmiş June Hart Glasgow Kral xəstəxanasında histopatologiya laboratoriyasına işə düzəlib.

O, daha sonra karyerasını davam etdirmək üçün Londona köçüb və 1954-cü ildə venesuelalı rəssam Enriques Almeida ilə evlənib.

1963-cü ildə Kanadanın Toronto şəhərindəki Ontario Xərçəng İnstitutundakı laboratoriyada doktor June Almeida araşdırmalarını elektron mikroskop vasitəsilə aparıb
 

Soyuqdəymənin tədqiqi

Tibb sahəsi üzrə yazar George Winter qeyd edir ki, cütlük və onların gənc qızı Kanadanın Toronto şəhərinə köçəndən sonra Ontario Xərçəng İnstitutunda doktor Almeida elektron mikroskopla tədqiqat aparmaq bacarıqlarını inkişaf etdirib.

Onun ilk dəfə təklif etdiyi üsul əsasında antitellər və onların birləşmələrindən istifadə edərək virusların daha dəqiq təsvirini əldə etmək mümkün olub.

George Winter BBC radiosuna bildirib ki, doktor June Almeida-nın istedadı Britaniyada yüksək dəyərləndirildikdən, o, 1964-cü ildə St Thomas Tibbi Hospitalına işə dəvət olunub. Maraqlıdır ki, Britaniyanın Baş naziri Boris Johnson Covid-19 virusuna yoluxandan sonra məhz həmin hospitalda müalicədən keçib.

Britaniyaya qayıtdıqdan sonra June Almeida doktor David Tyrrell ilə əməkdaşlıq edib. Doktor Tyrrell isə Wiltshire bölgəsinin Salisbury şəhərində ümumi soyuqdəymə ilə bağlı tədqiqatlar aparıb.

George Winter-in sözlərinə görə, doktor Tyrrell könüllülərin burunlarından götürülmüş nümunələrinin tədqiqi ilə məşğul olub və onun qrupu soyuqdəymə ilə əlaqəli olan bir neçə virusun laboratoriya şəraitində böyüdülməsinə nail ola bilib.

Xüsusilə 1960-cı ildə Surrey-də bir məktəblinin burnundan götürülmüş bir virus nümunəsi sonradan B814 adı ilə məşhurlaşıb.

Tədqiqatçılar aşkar edib ki, ümumi soyuqdəymə simptomlarını könüllülərə ötürmək mümkün olsa da, onları hüceyrələrdə böyütmək mümkün olmayıb.

Bununla belə könüllülər üzərində aparılmış tədqiqatlar virusların orqanlarda inkişaf etdiyini göstərib və doktor Tyrrell bunun elektron mikroskopla izlənməsinin mümkünlüyü ilə maraqlanıb.

Nümunələr doktor June Almeida-ya göndərildikdən sonra, o, izlədiyi həmin virus hissəciklərini qrip virusları kimi təsvir edib, amma fərqin olduğunu da vurğulayıb.

June Almeida-nın müəyyən etdiyi virus ilk insan koronavirusu imiş.

Mikroskop altında baxıldığı zaman koronavirusların xarici qatında tacabənzər strukturların olduğu görünür.
 
George Winter deyir ki, doktor Almeida belə nümunələri əvvəllər siçan hepatitini və toyuqlarda yoluxucu bronxiti araşdırarkən görübmüş.

Onun sözlərinə görə, doktor Almeida-nın elmi jurnala göndərdiyi məqalə o zaman rədd edilib və bunun səbəbi kimi göndərilmiş "virusun təsvirinin sadəcə qrip virusu hissəciklərinin aşağı keyfiyyətli təsviri olduğu" göstərilibmiş.

B814 ştammından əldə edilmiş yeni kəşf 1965-ci ildə Britaniya Tibb jurnalında işıq üzü görüb və müşahidə olunmuş virusun ilk təsvirləri iki il sonra Ümumi Virusologiya jurnalında dərc olunub.

Cənab Winter-in dediyinə görə, həmin virusa tacabənzər formalarına görə "koronavirus" adını da doktor Tyrrell, doctor Almeida və St Thomas hospitalının rəhbəri professor Tony Waterson birlikdə veriblər.

Sonrakı illərdə doktor Almeida Londonda Tibb Məktəbinin aspiranturasında çalışıb və orada doktorluq dərəcəsinə layiq görülüb.

O, karyerasını Wellcome İnstitutunda bitirib, orada doktor Almeida virusların təsviri ilə bağlı elmi işlərinə görə bir neçə patent alıb.

Wellcome institutundan ayrıldıqdan sonra Dr Almeida yoga müəllimi kimi çalışıb, ancaq 1980-ci illərin sonunda İİV virusu problemi ortaya çıxandan sonra virusologiyaya məsləhətçi qismində qayıdaraq İİV virusunun təsvirinin yaradılmasında iştirak edib.

June Almeida 2007-ci ildə 77 yaşında vəfat edib.

İndi isə ölümündən 13 il sonra bütün dünyada yayılmış virusun öyrənilməsinə öz tədiqatları ilə kömək olan doktor Almeida bu sahənin pioner alimi kimi, nəhayət tanınmağa başlayıb.
 


Steven Brocklehurst

Mənbə: bbc.com
qadinkimi.com