SƏNƏT
İlk balerinamız Tarix : 10 Mart 2026, 19:07

O, 1959-cu ildə SSRİ-nin xalq artisti adını alıb. 1953-1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet teatrının baş baletmeystri, 1972-1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olub.

Sizə Azərbaycanın ilk balerinası Qəmər Hacıağa qızı Almaszadədən danışırıq. O, ömrünün 91-ci ilində - 2006-cı il aprelin 7-də dünyasını dəyişib. Fəxri Xiyabanda dəfn olunub. 10 mart 1915-ci ildə isə Bakıda anadan olan Qəməri xatırlamaq gözəllikləri yenidən yaşamaq kimidir.

 Bu gün səhnəmizin ilk balerinası Qəmər Almaszadənin anım günüdür - AZƏRTAC


 

Qəmərdən sonra ailədə daha 3 övlad-Adilə, Ənvər və Əkbər dünyaya gəlib. Anası Məryəm xanım həkim, atası Hacıağa isə bir-neçə çəkmə dükanının sahibi kimi məşhur idi. Təminatlı, hörmətli ailədə böyüyən Qəmər rahat, qayğısız uşaqlıq yaşayıb. Məhlədəki dostları arasında ona ən yaxın olanlardan biri Şura idi.. Baletə marağı da uşaqlıq rəfiqəsi Şura Stepanovanın baletlə bağlı söhbətlərindən sonra yaranıb. Şura rəfiqəsinə Bakıda açılan özəl balet məktəbindən, ora yazıldığından danışır. Kiçik Qəmərdə baletlə məşğul olmaq həvəsi yaranır. Rəfiqəsinin məsləhəti ilə özəl balet studiyasına yazılır.

Qəmər Almaszadə indi Bakı Xoreoqrafiya məktəbi olan bu studiyada baletə yazılan ilk azəri qızıdır.

Atası çox ağırtəbiətli olduğundan balet məktəbinə getməsini gizli saxlayır. Qızının baletlə məşğul olduğunu öyrənəndə "Sən dəli olmusan? Məşədi Hacıağanın qızı açıq-saçıq səhnədə camaatın qarşısına çıxacaq? Öldürərəm səni” deyən ata qızının bütün gözəllikləri insanın qəlbinə ötürə bilən rəqsinə baxdıqda sənət və istedad qarşısında təslim olur.

 

Şərqin ilk balerinası - Qəmər Almaszadə | Kulturologiya (mədəniyyətşünaslıq) | Kayzen

 

1930-cu ildə Xoreoqrafiya məktəbini bitirən Qəmər atasının arzusu ilə həm ali pedaqoji məktəbə daxil olur, həm də Opera və Balet teatrında işləməyə başlayır. İlk dəfə 1931-ci ildə Qlierin "Qırmızı lalə” əsərindəki Tao Xoa partiyası ilə səhnəyə çıxır.

Öz sənətinin vurğunu olan Qəmər xanım baletin bütün incəliklərinə sahiblənmək, təhsilini davam etdirmək istəyirdi. Onun bu istəyi Üzeyir bəyin təşəbbüsü ilə gerçəkləşir. O, 1932-ci ildə Moskvaya gedir. Böyük Teatrın nəzdindəki balet məktəbinə qəbul olunur. Həmin il Bakıda Qlierin "Şahsənəm”i səhnələşdirilir. Operadakı bir-neçə rəqsi yalnız Qəmər Almaszadənin ifa edə biləcəyi fikri gündəmə gəlir. Qəmər xanım Bakıya qayıtmalı olur. Təhsilinin yarım qalması ilə barışa bilməyən balerina 1933-cü ildə Leninqrad ( indi San Peterburq) Xoreoqrafiya məktəbinə daxil olur. 1936-cı ildə Mariya Romanovanın sinfini bitirib Bakıya qayıdır. 1937- ci ildə Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə əyalətləri gəzib rəqslərimiz haqda məlumatlar toplayır. Sonralar direktoru olacağı Bakı Xoreoqrafiya məktəbində rəqs dərsləri aparır.
Cəhalətin hökm sürdüyü o dönəmlərdə qızlarımızın səhnəyə çıxması, balerina olması böyük cəsarət tələb edirdi. Qəmər xanım bu cəsarəti özündə tapdı. Məhz o illərdə Azərbaycan tarixinin möhtəşəm simalarından biri olan Üzeyir Hacıbəyov səhnəyə gələn bütün qadınlarımıza, eləcə də Qəmər xanıma daim havadarlıq etmiş, onları təqib və təhqirlərdən qorumuşdur.

 

Şərqin ilk balerinasının taleyi: Övlad olmadı, məşhur ərindən boşandı...

 

Musiqi tariximizdə dirijor, bəstəkar, musiqişunas kimi kimi öz yeri olan Üzeyir bəyin tələbəsi Əfrasiyab Bədəlbəyli aşiq olduğu yeniyetmə qızı təhdidlərdən qorumaq üçün ona evlənmə təklif edir. Onlar 1931-ci ildə ailə qurur.15 illik evlilikdə övladları olmadığından Qəmər xanım ayrılmaq qərarına gəlir. Sevdiyi adamın övladsız qalmasını istəmir. Ancaq onların dostluğu, yaradıcılıq birgəliyi Əfrasiyab Bədəlbəyli dünyasını dəyişənə qədər davam edir. "Qız qalası” əsəri ilə Azərbaycan balet janrının əsasını qoyan Əfrasiyab Bədəlbəyli "Qız qalası”nı Qəmər xanıma ithaf edib.. İlk dəfə 1940-cı ildə səhnə həyatına başlayan əsərdəki Gülyanaq obrazının ilk ifaçısı da məhz Qəmər Almaszadə olub. O, dünyaşöhrətli bəstəkarların əsərlərində- "Qlierin "Qırmızı lalə”, Adanın "Korsar”, Çaykovskinin "Şelkunçik”, "Qu gölü”, S.Hacıbəyovun "Gülşən”, Qara Qarayevin "Yeddi gözəl” və s. bir-birindən cazibəli rollar yaradıb.

Öz peşəkarlığı ilə əsrarəngiz rollar yaradan Qəmər xanım həm də "Tərlan”,”Qız qalası”, "Gülşən”, "Aybolit”, "Yatmış gözəl”, "Qu gölü” "Qaraca qız”, "Şur”, "Don Kixot” və başqa bir çox əsərlərə quruluş verib.

1940-cı ildə Azərbaycanın əməkdar, 1943-cü ildə Xalq, 1959-cu ildə SSRİ-nin xalq artisti adına layiq görülüb. 2 dəfə "Qırmızı əmək bayrağı” (1938 və 1976), "Stalin”(1952), "Oktyabr inqilabı”(1971), "Xalqlar dostluğu”(1981), ”Lenin”,”Şöhrət”(1995) ordenləri ilə, "Teatr xadimi”(2005) qızıl medalı və Laosun "Üç fil” ordeni ilə təltif olunub.

 


2001-ci il 11 iyundan Azərbaycan Respublikasının Prezident təqaüdünü alıb.


Bir çox operalardakı rəqsləri məharətlə ifa edən Qəmər xanım 1959-cu ildə Cahangir Cahangirovun "Məhsul” suitasının solo hissəsini Moskvada Böyük Teatrın səhnəsində ifa edir. Bu onun balerina kimi səhnədə son çıxışı olur. Baletdən ayrılsa da 1990-cı ilə qədər Xoreoqrafiya məktəbinə rəhbərlik edir. Azərbaycanda baletin təməlini qoyan Qəmər xanım yalnız özü deyil, Leyla Vəkilova, Nailə Nəzirova, Vera Tsiqnadze, Rəfiqə Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, Olqa Arifulina,Olqa Pavlova kimi yetirmələri də musiqi tariximizdə balet janrının inkişafında mühüm rol oynayıb.

 

 

 

 


Kamalə Abiyeva
Qadinkimi.com