QADIN / KİŞİ
İlk azərbaycanlı nasir qadın Ümmügülsüm Rəsulzadə Tarix : 24 Dekabr 2022, 17:59

Ümmügülsüm Əbdüləziz qızı Rəsulzadə (Sadıqzadə) 1900-cu ildə Novxanı kəndində, dəmirçi ailəsində anadan olub. O, Məmməd Əmin Rəsulzadənin əmisi qızı, şair Seyyid Hüseynin həyat yoldaşı olub.

 


Ümmügülsüm 9 yaşından şeir yazmağa başlayır, "İqbal”, "Yeni iqbal”, "Açıq söz”, "Qurtuluş”, "Dirilik”, "Məktəb”, "Qardaş köməyi”, "Azərbaycan” və s. qəzet və jurnallarda şeirləri, hekayələri ilə çıxış edir. 1915-ci ildə şairənin "Qurtuluş” jurnalında "Solğun çiçək” hekayəsi nəşr olunur. Bu hekayə ilə o, ilk azərbaycanlı nasir qadın adını qazanır. Hekayə "Qurtuluş” jurnalında təşkil olunan müsabiqədə ilk yerlərdən birini tutur.

 


1918-1920-ci illər Ümmügülsüm yaradıcılığının ən məhsuldar dövrü hesab edilir. O, şeirlərində xalqın milli istiqlala qovuşmasını tərənnüm edib. O, AXC-nin yaranmasına "Türk Ordusuna”, "Ey Türk oğlu”, "Çəkil, dəf ol”, "Əsgər anasına”, "Dərdli nəğmə”, "Yurdumuzun qəhrəmanlığına”, "Yollarını bəklədim” adlı şeirlər həsr etmişdir. 1920-ci ildə Cümhuriyyətin devrilməsi ilə ələqədar yazdığı "Hicran" və "Bayrağım enərkən” şeirləri Azərbaycan ədəbiyyatında bolşevik işğalı barədə yazılmış ilk şeirlərdəndir.

 


Onun 200-dən artıq şeiri və 1 poeması günümüzə qədər gəlib çatmışdır.

1937-ci ildə Ümmügülsüm həbs edilir və Bayıl həbsxanasına salınır.

 


Burada o, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə ilə bir kamerada ağır şəraitdə qalır. Bir müddət sonra Ümmügülsüm 8 il həbs cəzasına məhkum edilərək, 1938-ci ildə Temlaq əmək islah düşərgəsinə göndərilir. Düşərgədə o, tikişçi işləyir.

 


1943-cü ildə Ümmügülsüm SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraхılmasını хahiş edir. Onun azad olunması üçün məsələyə yalnız 1944-cü ilin aprel ayında qərar verilir.

 


Azad olunandan sonra şairə Bakıya gəlir, lakin 20 gün sonra onun burada yaşamasına qadağa qoyulur və o, Şamaхıya köçməyi qərara alır.

 


Ümmügülsüm Sadıqzadə 17 sentyabr 1944-cü ildə Şamaxıda bir neçə ay yaşadıqdan sonra qızı Qumralın qollarında vəfat edib. Sadıqzadəni qonşular Şamaxı qəbiristanlığında dəfn ediblər.

 

 


Mənbə: Bakuplus.az

Qadinkimi.com