Çilili kişilər "maço" anlayışına toxuculuqla etiraz edir (FOTO-VİDEO)
Tarix : 10 Avqust 2019, 21:20
Yazar : Qadinkimi.com
Gender bərabərsizliyini aradan qaldırmaq üçün Hombres Tejedores (toxuyan kişilər) qrupu yaradan bir qrup çilili kişi şəhər meydanında toplanıb "maço" anlayışını əl işi toxuyaraq protest etdi.
Çilinin Santiyago bölgəsində şəhərin mərkəzində kostyumda, qalstukda çəhrayı yumaqlarla əlində nəsə toxuyan bir qrup kişiyə rast gəlmək mümkündür. Qəti təəcüblənməyin. Bu, Hombres Tejedores qrupunun Çili toplumundakı seksist (cinsiyyətçi) stereotiplərlə mübarizə yoludur.
Kişilərin özlərini rahat hiss etdikləri, bir kənarda oturub nəsə toxuya biləcəkləri məkanlar seçən bu qrupu rəssam Claudio Castillo qurub. Bir il əvvəl yaranan qrup yaşadığı patriarxal cəmiyyətdə dəyişiklik etmək məqsədi daşıyır.
İlk vaxtlarda qrupda kişilərin toxumağı öyrənməsi üçün xüsusi dərslərin verildiyini açıqlayan Claudio "18 iyun Beynəlxalq Toxuma Günü"ndə küçədə toxumağa qərar verdik, - deyir.
"Yoldan keçənlər toxuyan kişiləri görüb təəcüblənirdilər. O gündən etibarən heç olmasa ayda bir dəfə hamının bizi görə biləcəyi ictimai məkanlarda bir araya gəlib toxumağa başladıq. Xobbimiz siyasiləşdi."
"Qrupumuz 26-42 yaş arasındakı kişilərdən ibarətdir. Hamımız fərqli peşə sahibləriyik. Bizi bir araya gətirən, bir kişi olaraq bizə həssas olmamaq, ağlamamaq güclü olmaq kimi spesifik rollar yükləyən patriarxal bir cəmiyyətdə böyümək məcburiyyətində qalmağımız idi. Çilidə bir kişinin skamyada oturub nəsə toxuması çox qəliz işdir. Hətta deyərdim təhlükəli ola bilər. Çünki digər kişilər "qadın işi" ilə məşğul olduğuna görə onu ələ sala, hətta şiddət göstərə bilərlər."
"Bizə toxuculuq kimi bir çox işlərin qadınlara aid olduğu öyrədilib" deyən Claudio vurğulayıb ki, "Kişilərdən tam fərqli işlər görmək gözlənilsə də, biz müasir cəmiyyətdə gender bərabərsizliyinin aradan qalxmalı olduğuna inanırıq. Qadınlar bu "maçoluq"dan əziyyət çəkirlər. Kişilərin yüklənən bu roldan azad olması onları da çox xoşbəxt edər".
Gender bərabərliyi uğrunda mübarizə apardıqlarını qeyd edən Claudio "Hər şeydən əvvəl Çili cəmiyyətində insanı salındığı standart imic qəlibindən çıxarmaq istəyirik. Qoy hər kəs istədiyi kimi yaşaya bilsin" deyir.