Arayış: Rejissor Tahir Tahiroviç Azərbaycan Cümhuriyyətinin işğalından sonra mühacir həyatı yaşamış azərbaycanlılar haqda saysız filmlər müəllifidi. Dünyanın bir çox ölkəsində onların məzarlarını axtarıb tapıb. Həyatlarını araşdırıb. Filmlər hazırlayaraq arxivləşdirib. Araşdırmaçı - jurnalist Dilqəm Əhməd “Fərqlilər”, “ Mühacirlərin dönüşü”, “Bir ildən yüz ilə” adlı kitabların müəllifidi. Rəsulzadənin İstanbulda, Ankarada yaşadığı dönəmdə sonradan it - bat olmuş sənədlərini müxtəlif kolleksionerlərin arxivini gəzərək yığıb. Dəyərli materialları, sənədləri tapıb Azərbaycana gətirib.
Siz də bu günün qəhrəmanları sayılırsız.
Tahir:
- Çox sağ olun. Qəhrəman olmağı hamı azrulayır. Ona görə birdən - birə kütləvi şəkildə yüzilliklə bağlı materiallar hazırlandı. Cümhuriyyət ili bu il də olsa, onu yubileyə çevirmək doğru deyil. Hansısa şairin yubileyini bir günə salmaq olar. Azərbaycan Cümhuriyyəti isə müqəddəs anlayışdı. Onu şar kimi üfürüb kitablarla, tədbirlərlə, broşürlərlə bir günün içində partlatmaq düz deyil. Bunu ilin sonuna kimi hiss etməliyik. Dövlətçilik anlayışı hər il, hər ay, hər gün davamlı hiss edilməli anlayışdı. Bəzi təşkilatların, qrupların Cümhuriyyətə hazırlığı toy hazırlığına oxşadı.
Bu cür hazırlıqların nəyi pisdi?
Tahir:
- Misal üçün keçən il bu işlə on adam məşğul olurdu, ondan öncə beş, ondan da öncə iki, indi isə iki yüz adam məşğul oldu. Rejissorlar, yazıçılar, siyasətçilərin - hamının cümhuriyyətin yaranmasını həmişə qeyd etməsini istərdim. Cümhuriyyətə davamlı tədbirlər həsr edək. O zaman qüdrətli dövlətçilik ənənəsi formalaşar. Necə ki, başqa ölkələrdə formalaşıb.
Keçək sizə. Cümhuriyyət sizin həyatınıza necə gəlib?
Tahir:
- On beş il bundan qabaq müstəqil rejissor kimi işə başlayanda işlərimi Böyük Vətən Müharibəsinə həsr edirdim. 2005 - ci ildə dünya miqyaslı diplomat, ictimai xadim, cümhuriyyət araşdırmaçısı Ramiz Abutalıbovla tanış oldum. O vaxtdan yolum mühacir dövrünə, cümhuriyyətə, istiqlaliyyətə düşdü. Fətəlibəyli Düdənginski haqqında materiala rast gəlmişdim. Ramiz müəllim “Yadlar arasında doğma” adlı kitab yazmışdı. Onun danışdığı istiqlal fədailəri haqda məlumatlar məndə zaman - zaman fikir formalaşdırdı. Təsirləndim.
Sonra da başladız mühacirlərin məzarlarını axtarmağa...
Tahir:
- Ramiz müəllim mənə bir - iki ideya verdi mühacirlərlə bağlı. Məni mənəvi davamçısı elan etdi. Vaxtı ilə bu araşdırma ilə məşğul olduğunu dedi. Məzarların 70 faizini Ramiz müəllimlə birgə tapmışıq. Əlimərdan bəy Topçubaşi haqda “Parisdən məktublar” adlı film çəkirdik. Onun yaşadığı yerləri çəkmək üçün Parisə getməliydik. Ünvanları, arxivi və qəbrini görməliydik. Bizdə məlumat vardı ki, 1919-cu ildə güllələnən general Hüseyn xan Naxçıvanskinin qızı Tatyana Naxçıvanskaya Fransanın Nitsa şəhərində basdırılıb. Elə şərait yaratdım birbaşa Nitsaya uçduq. Əlimizdə sənəd yox idi. Təxmini bilirdik ki, 215 nömrəli məzardı. Parisə dönmək üçün beş saat vaxtımız qalırdı. Məzarlıq baglı idi. Həmin gün işləmirdi. Bilmədik nə edək. Ramiz müəllim kilsənin nömrəsini tapıb yığdı. Ordan gözətçini tapdıq. Məzarlığı açdırdıq. 3 saatdan artıq axtarış etdik, general Teymur bəyin məzarını tapdıq, amma Tatyana xanımın məzarını tapa bilmədik. Kor-peşman geri dönməyə hazırlaşırdıq. Yarım saat vaxtımız vardı. 214, 213 nömrəli qəbirlərin yanındaydıq. Amma 215 görünmürdü. Dedim, Ramiz müəllim, heç olmasa şəkil çəkdirək burda. Ramiz müəllim məni çəkəndə qayıtdı ki, Tahir, tapdım. Ayağınla otu tərpət. Tərpətdim və 215 yazısını gördüm.
Məzar necə vəziyyətdə idi?
Tahir:
- Dağılmış vəziyyətdə idi. Azərbaycanın Fransadakı səfirliyinə müraciət etdi Ramiz müəllim. Bərpa etdirdik. Məsələn, Fətəlibəyli Düdənginskinin məzarı ləğv edilmişdi. Ödəniş edib onu da bərpa etdik. Miryaqub Mirmehdiyevin qəbri də darmadağın olmuşdu. Onun məzarını bərpa etdirdim. Qarşıda daha 4 - 5 məzar var ki, onları təmir etdirəcəm. Bu işdə yaxın dostum mənə kömək olur.
Vəsaiti hardan alırsız?
Tahir:
- Dostlar dəstək verirlər. Burda və xaricdə yaşayan Azərbaycanlılar. Orta səviyyədə köməklik edirlər, bəs olur. Məzar var təmir edirik, eləsi var yenidən qururuq.
Mühacirət könüllülük deyil. Arzu deyil. Heç kim mühacir olmaq istəməz. Bir xalqın taleyində “cümhuriyyət mühacirləri”nin olması o xalq haqda nə deyir?
Tahir:
- Mühacirlər təkcə hakimiyyət tərəfindən əzilənlər olmur. Azərbaycan cümhuriyyət mühacirləri işğaldan didərgin düşənlərdi. Onların çox acı taleyi olub.
Bu acı taleləri xalq bilməlidimi, onları tanımaq nəyə görə önəmlidi?
Tahir:
- Qanan adam üçün bu, böyük hekayədi. Qanmayan üçün xeyri yoxdu. Onları tanımaq mənəvi borcdu. Cümhuriyyətçilər sözün əsl mənasında həyatlarını qurban verdilər. Hər şeylərini itirdilər. Ömürlərinin sonuna kimi mübarizə apardlıar. Bir dəfə Mehdi Hüseynzadənin saxlandığı konslagerə getdim. Krematoriyada adamları yandırırdılar ha, o iy hələ də qalıb. İçəri girəndə dəhşətə gəldim. Mehdi Hüseynzadəgil ordan legionerliyə keçiblər. O qorxudan adam gedib Hitlerin əlindən öpməyibsə, legioner olubsa, böyük adamdı.
Bəs istiqlalçılar? Onların həyatı?
Tahir:
- Onların yaşadığı həyat nümunədi. Onları bu xalqa çatdırmaq lazımdı. Sovet vaxtı xoşbəxt yaşayan yazıçı, şair, siyasətçi və s. haqda xalqa məlumat çatdırmağa nə var? Nəyə lazımdı? Nəyə görə Hüseyn Cavidi, Əhməd Cavadı sevirik? Sovet rejimi onların içlərini doğrayıb. Xoşbəxt adamın həyatı nümunə deyil xalq üçün. Əzablı həyat nümunədi. Topçubaşov məktubunda Əli bəy Hüseynzadəyə yazıb: “Rədd olsun bədbinlik, daha yaxşı ümidlərlə yaşayaq”. Yeməyə çörək tapmayanda bir-birinə belə məktublar yollayıblar. Məktubların birində yazıb ki, qənd belə yoxdu evdə. Bəzilərinin maşınında benzin olmayanda az qalırlar özlərini öldürsünlər...
Yüzilliklə bağlı gözlədiyiniz təntənə oldumu?
Tahir:
- Təntənədən çox Bakının küçələrində o insanların böyük - böyük şəkillərini görmədiyim üçün təəssüfləndim. Reklam şitlərini Cümhuriyyət liderlərinin şəkilləri ilə niyə bəzəmədik? Eybi yox, Rəsulzadə 18-ci olsun, amma bu kişilərin haqqını verməliyik axı.
Kulta çevrilməliydilər deyirsiz?
Tahir:
- Mütləq! Mütləq! Çanaqqala döyüşündə bir topa mərmi qoyanı qəhrəman etdilər. Niyə Rəsulzadənin, Topçubaşinin, Xoyksinin şəklini görmədik? Onlar hər şeylərini veriblər bu ölkə üçün.
Elə bil bir ovuc adam kosmosdan gəlib bu ölkənin taleyini yazmışdı...
Tahir:
- Çox gözəl, dəqiq. Çox heyfslənirəm ki, istiladan sonra Xoyski, Nəsib bəy, Həsən bəy Ağayev mühacirətə gedə bilmədi. Üzeyir bəy də getsəydi möhtəşəm olardı. Rəsulzadənin yanında olsaydılar, inanın, bəlkə müstəqilliyimizi tez qazanardıq. Bunu mənəvi, poetik tərəfdən deyirəm. Bu millət sovet zamanı kimlərin əlində qaldı. Sütunlar getdi.
Dilqəm, razısız?
Dilqəm:
- Təbii. Elə adamlar var nə vaxtsa yalançı qəhrəman kimi sırınıblar xalqa, hələ də onların heykəlləri, adları qalır hardasa. İstiqlaliyyət küçəsində gedirsən, sol tərəfdə Əliheydər Qarayevin, Mirzə Davud Hüseynovun barelyeflərini görürsən. Sağ tərəfə baxırsan, kiril qrafikası ilə yazılar görürsən. Ortada balaca, görünməz bir abidə var. Başını qaldırıb baxmasan, kiçik lövhədi, diqqət çəkməz. Xırda hərflərlə “Burda Azərbaycan Cümhuriyyətinin parlament binası olub” yazılıb, vəssalam. İstiqlaliyyət küçəsi 1919-cu ildə bir yaşı münasibəti ilə daha yaxşı bəzənmişdi.
İstiqlaliyyət küçəsi bəzənməliydi deyirsiz?
Dilqəm:
- Əlbəttə. Türkiyədə 29 Oktyabra görə ay başlayan kimi hər yerdə Atatürkün şəklini, bayrağı düzürlər. Gəmiyə minirsən hər tərəfdən dövlətin gerbi, simvolları, bayraqlar asılıb.
Bəlkə müraciət etmək lazımdı barelyefləri götürsünlər?
Dilqəm:
- Mən Hacıbala Abutalıbova bununla bağlı mətbuatda yazı ilə müraciət etmişdim. Bizim o səlahiyyətimiz yoxdu ki, Əliheydər Qarayevin lövhəsini götürək. Hələ də qalır. “Bu evdə görkəmli dövlət adamı Əliheydər Qarayev yaşayıb” yazılıb. Təsəvvür edin, siz uşağınızla ordan keçirsiniz, uşaq bu adamın kim olduğunu soruşur. Necə deyərsiniz ki, Cümhuriyyəti işğal edən bolşeviklərin bir nömrəli adamı olub. Rəsulzadənin qurduğu cümhuriyyəti yerlə yeksan ediblər onlar. Ayna Sultanova, Dadaş Bünyadzadə hamısı qalır. Bir var tarixi abidə - ona sözüm yox. Bunlar abidə deyil, axı. Məzar deyil, dəlil deyil. Sadəcə üzərində bu adamların adı yazılan lövhədi.
Tahir:
- Azərbaycan Kommunist Partiyasına gələn adamların hamısı küçə uşaqları idi. Nərimanovun bu xalqa elədiyi pisliyin sərhəddi yoxdu. Xəyanətkar idilər. Nərimanovu, Çingiz İldırımı, Ruhulla Axundovu, Əliheydəri, Hacınskini güllələdi həmin hökumət. İnanmırdılar onlara. Çünki Stalin də bilirdi ki, bunlar öz millətini satanlardı. Satqın bir dəfə satılır. Misal var, Aslan çaqqalı görəndə qaçır. Qorxmur e, sadəcə iyrənir. Bunlar iyrənc adam idilər.
Dilqəm, sizin həyatınıza necə girdi Cümhuriyyət?
Dilqəm:
- Uşaqlıqdan marka, təqvim yığırdım. Sonradan kolleksiyamı tarixi sənədlərlə, müxtəlif materiallarla genişləndirməyə başladım. Belə bir gün gedib çıxdım Türkiyədə bir kolleksionerin “xəzinəsinə”. Ora həqiqətən xəzinə idi. Orada Rəsulzadənin məktubları, şəkilləri, yazıları, ilk gerbimiz, kiçik bayraqlar vardı. Cənnətə düşmüşdüm. Biz onları bir-bir Azərbaycan vətəndaşlarının maddi dəstəyi ilə yavaş-yavaş ala bildik. Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım da ötən il böyük bir arxivi muzeyə bağışladı. Rəsulzadənin bəxti gətirmədi. Davamçıları olmadı. Arxivi dağıldı. Ətrafda kimlərsə götürdü. Yaxşı ki, bir əldə yığmayıb, ətrafına dağıdıb sənədləri.
Həmin kolleksionerlər bilirlərmi bu sənədlərin bizim üçün önəmini?
Dilqəm:
- Biləndə çox çətin olur. Baha başa gəlir. Məsələn, deyir bu sənəd Mir Yaqub Mehdiyevə aiddi, o, sizin Əlimərdan bəy Topçubaşovla Parisə gedib. Yəni elə-belə adama məxsus əşya deyil. Ona görə də baha satır. Nəsib bəyin xanımı Şəfiqə Qaspıralı Yusifbəyli Ege Universitetinə bağışladı arxivi. Orda iki professor onun haqda yazdı. Əli bəy Hüseynzadənin 1906 - cı ildə İstanbula göndərdiyi - “Həyat” qəzetinin rəsmi zərfində və blankında yazılmış məktubunu 15 manata aldım - bilməyən adamdan. Halbuki, onun min manat civarında qiyməti olar. Türkiyədə belə auksionlar çox keçirilir, bir həftə, on gün davam edir.
Nələr xilas etmisiz?
Dilqəm:
- Çox şey xilas etmişik. Məsələn, Rəsulzadənin dəfn albomunu tamamən xilas etdik. 34 foto var orda. Rəsulzadənin 3 məktubunu, beş fotosunu, Azərbaycan Cümhuriyyətinin 90 - dan çox yaşı olan, rəssam işləyən ilk gerbini.
Bayaq da dedik, elə bil bir ovuc adamı kosmosdan gətirmişdilər bura. Onlardan sonra komanda şəklində elə adamlar olmadı Azərbaycan tarixində. Bu nə ilə bağlı ola bilər? Azərbaycanın çox ciddi genofondunu məhv ediblər, yoxsa?
Dilqəm:
- Onlar gözütox adamlar idi. Yüksək amallarla yaşayırdılar. Təsəvvür edin, parlamentdə müzakirə gedir ki, Nəsib bəy Yusifbəylinin evinə nəsə alaq, dövlət adamıdı, yaxşı deyil evi bomboşdu. Nəsib bəy o qədər kasıb və sadə yaşayırmış. O isə bunu qəbul etmir. Belə adamlar idi onlar. Azərbaycanda Gəncə üsyanından - 1920-ci ildən sonra bolşeviklər qarşılarına məqsəd qoyurlar ki, bu xalq bir də ayağa qalxmasın. Buna görə hissə-hissə məhv etməyi planlaşdırırlar. Nə etdilər? Xalqın önündə gedənləri - əsl din xadimlərini, yazıçı, şairləri güllələtdilər, bəyləri, mülkədarları, xeyriyyəçiləri hər şeylərini alıb öldürdülər. Universitet tələbələrini güllələdilər. 30-cu ilə qədər bir az azadlıq vardı, hələ şər imperiyası güclənməmişdi. İmperiya radikallaşandan sonra ümumiyyətlə, qərara aldılar ki, sistemli şəkildə heç kim qalmasın. 37 - də heç kim qalmadı. Ortada ucuz işçi qüvvəsi qaldı. Xalqın azad düşünən, ziyalı, enerjili, aristokrat nə qədər adamı vardısa, məhv edildi. Ənənə, kök kəsildiyinə görə biz qaldıq yerdə qalanların ümidinə.
Xalq arasında sözü keçən, nüfuzu olanların kökünü kəsdilər.
Dilqəm:
- Xüsusi mülkiyyət nədi? İnsanın özgüvəni, “torpağım var” arxayınlığı və s. Bu, güvən verir. Xalqdan bunu alırsan. Vaxtı ilə bəy oğlu olmusan. Səni universitetdən qovurlar. Fəhlə, kəndli diktaturası qururlar. Buna rəğmən 1988 - də xalq yenidən ayağa qalxa bildi, özünə gəldi. Ona qədər Rəsulzadənin bu və ya digər şəkildə çıxardığı qəzetlər ölkənin içinə yol tapırdı. 37-ci ilə qədər Rəsulzadənin əleyhinə kitablar yazılırdı. “Yeni Kafkasya” qəzeti pislənirdi. Hamını qırandan sonra üç il keçdi müharibə başladı. Stalin bütün imperiyanı qırğına verdi. Hər şey unuduldu. Müharibədə qalib gələn Stalinin qabağında artıq heç nə dayana bilməzdi. İndi 88 - ci ilin xalqı deyilik. Ziyalılar o ziyalılar, gənclik o gənclik deyil. Ama bu o demək deyil ki, həmişə belə olacaq.
Tahir:
- Damcı-damcı su adamın başını da deşər. Mütləq nəticə verir damcı da olsa. Yəni o genetika da damcı-damcı güc yığır zamanla. Bir lider, bir ziyalı, bir yazıçı özünü qabağa verib fəda etmədisə, tarix yaşamır. Tarix yaşanan deyil, yazılandı. Biz bu tarixi yazmalıyıq. Sənin saytın, mənim filmim, onun kitabları və s. Biz bu tarixi yazırıq. İstiqlal tarixi yazılmalıdı. Biri çəkməli, biri efirə verməlidi. Hər xalqın belə tarixi olmur. Bizim taleyimizə bu düşüb. Özümüzə qiymət verək.
Dövlətçilik ənənəsi xalqın taleyində rol oynayır?
Dilqəm:
- Əlbəttə. Minlərlə xalq var, amma 200 dövlət. Dövlət qurmaq asan deyil. “Yoxdan dövlət qurmaq fikri” elə belə deyil. Təbrizdən bir dostum gəlmişdi. Şəhidlər Xiyabanının arxasından “Bayraq meydanı”na baxırdıq. Biz, məsələn, adi baxırıq, öyrəşmişik. Hətta deyə bilərik ki, buna nə ehtiyac vardı, bu qədər xərc çəkilib - filan. Dostum isə ağlayırdı. Sən bilmirsən deyirdi. Mən türkəm, başımın üstündən farsın bayrağı dalğalanır. Bunun nə olduğunu güneylilərlə danışanda anlayırsan. “Qurban olum bayrağıma” deyib, ağlayırdı. Onda başa düşdüm ki, “Bayraq meydanı” nəyə lazım imiş.
O bayraq çox yerə göz dağıdı.
Dilqəm:
- Əlbəttə. Hər tərəfdən o bayrağı görüb gözü kor olanlar var. Azərbaycanın müstəqilliyini istəməyən dövlətlər düz yanımızdadı. Güney Azərbaycanda o bayrağı balışının altında gizlədən insanlar var. Ona and içənlər var. O bayraq müqəddəsdi.
Uzun illər Quzeydə də o bayrağa həsrət qaldılar...
Dilqəm:
- Rəsulzadə Azərbaycanın işğalından sonra belə fikir deyib: “İşğaldan sonra bayrağı evində gizlin saxlayanlar müqəddəs adamlardı”. Müstəqillik dövründə bayrağı saxlamaq qəhrəmanlıq istəmir. Amma bunu diktatura rejimində edənlər həqiqətən qəhrəmandılar. Təbrizə gedəndə istiqlaliyyətin bizə nə verdiyini görə bilərik. 1918-ci ildə Fətəli xan Xoyski Gəncə hökuməti dövründə məktəblərdə türk dilində dərs olması qərarını vermişdisə, 2018-ci ildə Güneydə azərbaycanlıların hələ də ana dilində məktəbləri yoxdu.
Tahir:
- Lideri xaraktersiz olan millət yaşaya bilməz. Bu xalqa xarakter verdi onlar. Alman xalqının Bismarkına baxın nə boyda xarakterdi. Atropatendən bu yana o dövlət yoxdu ki, ona bir xan elan edilməsin. Bircə Rəsulzadənin adını gizlədirik. Rəsulzadə olmasa, bu dövlət qurulmayacaqdı. Bunu necə inkar etmək olar?
Dilqəm:
- Məsələnin hüquqi tərəfi də var. Azərbaycan İstiqlal Bəyannaməsini kim elan edib? 27 mayda qurulan Azərbaycan Milli Şurası tərəfindən elan edilib. Kim dayanırdı Şuranın başında? Sədri kim idi? Bəyannaməni kim yazıb? Rəsulzadə. Yəni dövlətin qurucusu bəllidir. Rəsulzadə ən güclü partiyanın lideri idi. Parlament onun əlində idi. Rəsulzadə digərlərindən fərqli olaraq həm də ideoloq idi. Üstəlik, 30 il mühacirətdə Azərbaycan davası aparıb. Bu həqiqəti gizlətmək, göydə günəş yoxdur demək kimi bir şeydir.
Tahir:
- Rəsulzadə 1951- ci ilə qədər bu məsələni gündəmdə saxlayıb. “Azərbaycanın müstəqilliyi”, “istiqlal” - deyəndə Rəsulzadə yada düşüb həmişə.
Maarifçiliklə siyasi mübarizə qarışdırılır bəzən. İstiqlalçıların beşliyində kimlərdi sizin üçün?
Dilqəm:
- Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev.
Tahir:
- Eynən. Qatılıram.
- Cümhuriyyət maarifçiləri kimlər olub?
Dilqəm:
- Elə Rəsulzadə. Ceyhun Hacıbəyli, Xəlil İbrahim, Üzeyir bəy, Əhməd Cavad.
Tahir:
- Mirzə Cəlil istiqlal savaşında iştirak etməyib. Rəsulzadəyə cümhuriyyət quruculuğunda kömək etmədiyi üçün mən şəxsən onu qınayıram. Nə Hüseyn Cavid, nə Cəlil milli hökumətin qurulmasında iştirak edib.
Dilqəm:
- Həmin ərəfədə Cəlil bəy kənddə oturub təsərrüfat idarə edirdi. “Anamın kitabı” nı yazırdı.
Tahir:
- Baxmayaraq ki, Mirzə Cəlil Azərbaycan insanının təfəkküründə misilsiz rol oynayıb.
İstiqlalçı yazarımız, şairimiz kim olub?
Tahir:
- Cabbarlı. Onun bəxti gətirdi ki, repressiyaya qalmayıb öldü. Yoxsa başını kəsəcəkdilər.
Dilqəm:
- Əhməd Cavad himni yazdığı üçün istiqlal şairidi. Almas İldırım istiqlal şairidi. Ancaq mühacirət dönəmində ən güclü və mübariz şair Əmin Abid Gültəkindir. Rəsulzadə onun şeirindən sitat gətirib çıxışında: Sən bizimsən, bizimsən, Durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, Ey şanlı Azərbaycan. Mühacirətdən dönüb burda işləyir, dərs deyir. 37-ci ildə onu da öldürürlər. Məcburiyyətdən Əhməd Cavad da Sovet hökumətinə şeirlər yazıb. Amma Gültəkin yazmayıb. Müşfiqin də “traktor” janrında o qədər şeiri var ki. Müşfiq daha çox şəxsi zəmində öldürüldü. Yuxarıdan sifariş gəlmişdi ki, filan qədər adam öldürün. O adamların ətrafında olanlar da güdaza getdilər.
Tahir:
- Bildiyim qədər Fətəli xan Hüseyn Cavidə himni yazmağı təklif edir. O da "birdən alınmaz biabır olaram" deyir. Yazmır. Əhməd Cavad yazır.
Dilqəm:
- Cabbarlı milli parlamentdə işləyib deyə hər işi bilirdi, hər detaldan xəbəri vardı.
Tahir:
- Sonralar Sovet hökuməti dönəmində də yazıb yaratdısa, bu, onun istiqlal tarixindəki cəsarətini, əməyini kölgələmir. Ona qalsa, Üzeyir bəy də yazırdı, işləyirdi. Amma istiqlalçıları unutmurdu.
Üzeyir bəyin ən yaxşı əsərləri Sovetlərə qədər yazıldı.
Dilqəm:
- Sonra Koroğlunu yazdı Üzeyir bəy. Əvvəlki əsərləri ilə müqayisə olunmazdı. 17 illik susqunluqdan sonra daha püxtələşmiş əsər yazdı. Üzeyir bəyi ittiham edirlər ki, Azərbaycan Sovet himnini də yazıb. Deyirəm yaxşı ki, o yazıb. Bir erməniyə də yazdıra bilərdilər. Bəxtimiz gətirib.
Tahir:
- Süleyman Rüstəm Ankarada müxbir işləyən görkəmli jurnalist Azad Şərifovla görüşür. Deyir, elə şərait yarat, o novxanılı balasının qəbrini ziyarət edim. O da Novxanıdan idi. Belə gizlincə cümhuriyyətçilərdən nigaran qalanlar, onları ürəklərində yaşadanlar olub. Azad Şərifov gizli taksi tutub Süleyman Rüstəmi aparır “Əsri” məzarlığına. Süleyman Rüstəm uzaqdan dizlərini qoyur yerə və deyir: Bağışla bizi.
Nə yaxşı bizim ziyalılarda gizli istiqlalçılıq olub. Onların yaradıcılığında bir alt qat da hiss olunur.
Tahir:
- “Ulduzlar sönmür” filmində Əjdər İbrahimov deyir: “Ey xan, xan, (Fətəli xan Xoyski) bəs sən də deyirdin Nərimanov yaxşı adamdı”. İsa hüseynovdan gəlmə detaldı. O da cavab verir: “ Nərimanov, sən dövləti satdın”. İsa Hüseynovun cəsarəti möhtəşəmdi.
70 - ci illərdə bir az yumşalmışdı, axı vəziyyət.
Tahir:
- Hər halda demək ki, yaşadıblar, unutmayıblar. Üzeyir bəy yaşadıb, İsmayıl Şıxlı yaşadıb, Abbas Zamanov...
Siyasi basqı varsa, ziyalı ölkəsində qalıb manevrlər edərək xalqını maarifləndirməklə məşğul olsa yaxşıdı, yoxsa döyüşüb həbs olunmaqla, mühacirətə getməklə doğru yol tutar?
Tahir:
- Mənə görə yazı adamı qalıb hansısa vasitə ilə öz işini görə bilər. Amma siyasi adamın qalıb susmağı onun özü üçün mənəvi gərginlik yaradır. Siyasətçi üçün mühacirətə gedib mübarizə aparmaq daha doğrudu. Sənətkar xalqın içində qalsa yaxşıdı.
Dilqəm:
- Müasir dövrdə ədəbiyyatçı siyasətə qoşulanda Əkrəm Əylisli kimi ola bilər. Məğlub ola bilər. Bizim hörmətli tarixçimiz Cəmil Həsənlinin dünyada gəzmədiyi arxiv yoxdu. Böyük tarixçidir. Amma siyasətçi kimi düşünmürəm Azərbaycan xalqına fayda verir. Tarixçi kimi daha böyük faydaları var və yenə ola bilər. Orxan Pamukun həyat tərzinə baxsaq görərik ki, yüksək qonorar alır, ətrafında gənc xanımlarla dolaşır, dünyanı gəzir və arada da Türkiyə əleyhinə danışır. Amma Nobel alır. Mənə görə bu, xəyanətdi.
Hər yazıçıda siyasi duruş alınmır. Məsələn, Əziz Nesində alındı.
Dilqəm:
- Hə, məsələn, Nazim Hikmətdə alınmadı. İndiki gözlə baxanda onun siyasi mübarizəsi tamamilə boşuna görünür. Mən yazıçılardan meydanlara çıxmağı gözləmirəm. Sadəcə azad olsunlar. Azad sənətkar.
Bizdə, məsələn, kimdə alındı?
Dilqəm:
- Xəlil Rzada alındı. Zamanında çox uğurlu siyasi şair oldu.
Sabir Rüstəmxanlıda da alındı. “Ömür kitabı” bötüv Azərbaycan ideyasının güclənməsində böyük rol oynadı.
Tahir:
- Hə, Ömür kitabının rolu böyük oldu.
Biz bu tarixi qoltuğumuza vurub dünyanın hər yerinə qürurla gedə bilərikmi?
Dilqəm:
- Bizim özümüzə örnək olası çox şey var bu tarixdə. Topçubaşovun ABŞ prezidenti ilə görüşü. Vilson xatirələrində yazır: “Azərbaycan nümayəndə heyəti bizim dilimizdə - demokratiya dilində danışırdı”. Parlamentdəki çıxışlar, orda müzakirə olunan dəyərlər, o mədəni mühit, əlbəttə, böyük örnəkdi.
Tahir:
- Rəsulzadə Türkiyədə olanda İran konsuluna müstəqilliyimizi tanıyın təklifi edir, konsul qəbul etmir. Tanımırlar. 19-cu ildə İran Azərbaycana nota göndərib ki, adını dəyiş. Ordan Denikin gəlir. Burdan daxildə proseslər gedir. Hər tərəfdən sıxışdırılırsan. Amma buna baxmayaraq qurursan dövləti. Yüz tələbəni oxumağa göndərirsən. Universitet yaradırsan. Hökumətin tərkibinə bütün bölgələrdən etnik qruplardan təmsilçilər cəlb edirsən. Daha tolerant, daha dünyavi, daha demokratik mühit necə olur? Azərbaycanda 25-30 nazirlik, komitə var. Bunların əksərinin tarixi cümhuriyyətə bağlıdı. Universitet, qadınlara hüquq verilməsi, dövlət rəmzləri bunları kim edib? İstiqlalçılar.
Hazırladı: Aysel Əlizadə