KİŞİ KİMİ
İDARƏETMƏDƏ XANIMLARIN AZ OLMASI MƏNİ NARAHAT EDİR - Natiq Cəfərli ilə müsahibə Tarix : 08 Mart 2019, 16:03

Qadinkimi.com Natiq Cəfərli ilə müsahibəni təqdim edir:

 

 

Natiq bəy, Respublikaçı Alternativ Partiyasını təmsil edən qadının olmaması nəylə bağlıdı?

 

REAL yarananda 7 təsisçisi vardı. Onlardan ikisi xanım idi. Onlar beynəlxaql təşkilatda iş və təhsilin davam etdirilməsi ilə bağlı Real Hərəkatının idarə heyəti formalaşarkən iştirak etmədilər. REAL-da qadınların az olması ilə bağlı problem var. Biz həddindən artıq isəyirik ki, xanımlar partiyamızda daha çox olsun. Buna görə çabalar göstərmişik. Ölkədəki ictimai-siyasi vəziyyətlə, REAL-da öndə olmağın təhlükələri ilə əlaqədar bu məsələ görünən kimi asan deyil. REAL-ın idarə heyətinin üzvlərinin demək olar hamısı müxtəlif zamanlarda həbsdə olub. Buna baxmayaraq partiya məclisində beş xanım təmsil olunur və hərəsi bir vəzifə tutur. Məclisin katibi xanımdı, iki komissiyanın sədri xanımdı, digər xanımlar digər komissiyalarda sədr müavinidilər. Beşi də məclisin işində aktiv iştirak edir.

 

 

 

İlk dəfə Cənubi Qafqazda bir qadın prezident var. Onun fəaliyyətindən gözləntiləriniz nədir?

Son illər ərzində Gürcüstanda demokratik və rəqabətli seçkilər baş tutdu. Sistem dəyişikliyi də oldu. Uzun zamandı Gürcüstan bu yolda irəli addımlayır. Gürcüstan prezident respublikasından yarı prezidentlik, indi də parlament respublikasına keçdi. Prezidentin yalnız təmsilçilik hüququ var, böhranlı vəziyyətlərdə parlamentin, hökumətin formalaşması ilə bağlı dövriyyəyə girmək, qərarlar vermək, növbədənkənar parlament seçkiləri təyin etmək hüququ var. Amma parlamenti hər hansısa bir bəhanə gətirərək buraxmaq səlahiyyəti yoxdu. Palamentdə anlaşma olmasa, parlament formalaşmasa, onu buraxa bilər. Cənubi Qafqazda ilk xanım prezidentin olması çox yaxşı, irəliyə atılmış addımdı. Bizim kimi mürəkkəb bölgədə xüsusilə xanımların siyasətdə olması abu-havanın yumşalmasına, siyasətin daha sivil müstəviyə keçməsinə, çarxların dönməsinə kömək ola bilər. Mənə elə gəlir ki, ilk xanım prezidentin ümumiyyətlə bölgədə həm danışıqların intensivliyinin artması, həm danışıqların səviyyəsinin yumşalması nöqteyi-nəzərindən mühüm rol oynaya bilər. Onun işlərində kifayət qədər ciddi və uğurlu olacağına əminəm.

 

Xanım Zurabişvilinin Azərbaycana səfərini necə qiymətləndirirsiz?

 

Onun səfəri çox qəliz bir dönəmdə baş tutdu. Müxtəlif problemlər yaşanırdı Azərbaycanla Gürcüstan arasında. Bəzən bu problemlərin cəmiyyətə təqdimi də düzgün deyildi. Məsələn, Qarabağda vuruşan bir erməni əskərinə, cinayətlərdə əli olan bir insana orada heykəlin qoyulması ciddi prorblemlər yaratmışdı. Buna görə də iki ölkə arasında müəyyən dərəcədə gərginliyin ilk işartıları vardı. Amma xanım Zurabişvilinin səfəri bu gərginliyin xeyli zəifləməsinə, azalmasına, ümumlikdə Azərbaycanla Gürcüstan arasında iqtisadi-siyasi dialoqun davamlı şəkil almasına xidmət edəcək. Bu iki ölkə bir-birindən asılı vəziyyətdədi. Obrazlı desək, Gürcüstan Azərbaycanın iqtisadi uzantısıdı. Azərbaycan Gürcüstan iqtisadiyyatında mühüm rol oynayır, amma bu həm də Azərbaycanın özünə lazımdı. Çünki Azərbaycan Gürcüstan üzərindən dünya və Avropa ölkələri ilə, Avropa Birliyi ilə iqtisadi əməkdaşlıq edir. Bütün kommunikasiya xətləri Gürcüstan üzərindədi. Bu onu deməyə əsas verir ki, Gürcüstanın bizdən asılılığı nə qədərdisə, Azərbaycanın da Gürcüstandan asılılığı o qədərdi. Bir-birini iqtisadi və siyasi cəhətdən tamamlayan ölkələrdi.

 

Azərbaycanla münasibətlərin daha effektiv olmasında və hər iki dövlətin Qərbə yaxınlaşmasında birgə addımlama planı ilə bağlı verilən mesajların real nəticələri olacaqmı, sizcə?

Əslində, bir-birindən asılılıq olduğu üçün bir-birinə möhtaclıq var. Amma Gürcüstanın başqa rolu da var. Cənubi Qafqazda Qərbə inteqrasiyada lokomotiv rolunu oynayır Gürcüstan. Çünki AB və NATO-ya üzvlüklə bağlı öz açıq doktrinasını bildirmiş, dövlət sənədlərinə salmış bir ölkədir. Nə Ermənistanda, nə Azərbaycanda belə bir doktrina var. Gürcüstan Ermənistan üçün də NATO-ya cığır açan ölkədi. Yol açmaqla Gürcüstan böyük problemlər yaşasa da – Rusiya buna çox qıcıq olur, dəfələrlə konfliklər yaşanıb, - amma özü-özlüyündə atdığı addımlarla Cənubi Qafqaza böyük faydası olan ölkədi. Bu, çox vacib detaldı. Gürcüstanın bu anlamda da bölgədə ciddi önəmi var.

 

 

Prezident İlham Əliyev birinci vitse-prezidentliyə öz xanımını təyin edəndə qınaqla qarşılaşdı. Bir qadının vitse-prezident olması da Qafqazda ilk hadisə idi. Mehriban xanım vitse kimi ilk müsahibəsində belə bir cümlə işlətdi: "Bu addım Azərbaycan üçündü". Düşündürücü idi. Bəlkə bu təyinat ilk baxışdan göründüyü kimi ailə idarəçiliyi üçün deyildi, siyasi gediş idi?

Azərbaycanda 2016-cı ildə Konstitusiya dəyişikliyindən sonra vitse-prezidentlik institutu yarandı. Buna qədər Mehriban xanım Əliyeva onsuz da ciddi nüfuza və birinci ledi kimi idarəetmədə ciddi iştiraka malik idi. İdarəetmədə ölkənin ikinci şəxsi kimi de-fakto iştirak edirdi. Bunu de-fakto olanın de-yureyə keçməsi kimi də anlamaq olar. Birinci vitse – prezidentlik məsələsi hökumətin daxilində də birmənalı qarşılanmadı. Söhbət tək müxalifətdən getmir. Mənə elə gəlir bu gün də Mehriban xanımın təyinatı sistemdaxili oyunçuların bəziləri tərəfindən heç də xoş qarşılanmır və ciddi suallar yaradır. Sistemdaxili dinamikanın artması nöqteyi-nəzərindən, sistemdaxili oyunçuların daxili mübarizəsinin kəskinləşməsi nəzərindən ən azından maraqlı gediş idi. Mən Azərbaycanda hökumət üzvlərinin içində xanımların sayının çox olmasını istəyirəm, amma bu, təyinatlı vəzifələr yox, seçkili vəzifələr olsun. Seçkili vəzifələrdə xanımların çox olması Azərbaycanın xeyrinə olar. 

REAL ən çox elitar, intellektual təbəqəyə hesablanmış mesajlarına görə qınanır. Ölkə təkcə terminoloji leksikası olan təbəqədən ibarət deyil, axı. Üstəlik, siz respublikaçılarsız. Sabah seçkiyə getsəz, səs çoxluğu üçün sizə sadə camaatın səsi gərəkdi. Bu barədə müzakirələriniz olub? 

REAL tək intellektuallara müraciət etmir. REAL yaranandan elektoral gücünü harda axtaracağını elan edib. Bu, gənclərdi, orta təbəqədi, kiçik və orta biznesdi, kiçik və orta məmurlardı. Toplayanda ölkə əhalisinin yarısından çoxu edir. Bizim mesajlarımız həmişə bu kəsimə hesablanıb. Biz bunu gizlətməmişik. Sənədlərimizdə, ritorikamızda açıq-aydın görünüb. Həmin insanlar seçicilərin təqribən 65%-di. Real səmimi olaraq bu addımı atıb. Proqram sənədlərimizdə də var. Müsahibələrdə də demişik. Biz hədəf qoymamışıq ki, ölkə əhalisinin yüz faizi REALI sevməli, dəstəkləməlidi. Bizim bir ideoloji kimliyimiz var, bizim tərəqqipərvər xəttimiz var. Və bu xətt əsasən iqtisadiyyatda sağmərkəzçilikdən və liberalizmdən ibarətdi. Siyasətdə isə əsl dövlət maraqlarının önə çəkilməsi ilə idarəetmənin təkmilləşdirilməsi, kiçik və effektiv hökumət modelidir. Biz bunu 2013-cü ildə yazmışıq, amma ölkədə indi müzakirə edilir. Aradan altı il keçdikdən sonra kiçik və effektiv hökumətə keçid haqda danışlır. Deməli, biz ən azı altı-yeddi il əvvəl ölkə gündəmini qabaqlamağa nail olmuşuq. Bu da REAL-ın uğurudu. Mənə elə gəlir REAL-ın hədəf qoyduğu kəsimə çatdıracağı mesajları aydın və netdi. Bu da xalqın böyük əksəriyyətini təşkil edir. 

Tənqidə necə yanaşırsız? Özünüzü haqlı, digərlərini qərəzli hesab edirsiz?

 

Şəxsən mən tənqidi çox sevirəm. Hətta hədəflərə dəyən, səhvləri göstərən, mənim şəxsən görmədiyim məsələlərdə tənqidi fikirlərlə yanaşan insanlara təşəkkür etmişəm. Qəbul etmədiyim, istənilən formada olan təhqirdi. Hətta siyasi opponentlərimə, hökumət nümayəndələrinə sosial şəbəkədə yazdığım statusların altında təhqir yazanlara xəbərdarlıq edirəm, şərhlərini silirəm. Tənqid inkişaf üçün çox vacibdi. Tənqidsiz inkişaf mümkün deyil.

 

Tənqidi qərəzdən necə ayırmaq olar?

 

Əslində, maraqlı sualdı, çox maraqlı sualdı… Bəzən tənqidlə qərəzin sərhədləri çox incə olur. Tanıdığım, fikrini bildiyim insanların bəzən cümlələri kontekstdən çıxardaraq, başqa cür təqdim etmək cəhdindəki qərəz məni bəzən ağrıdır. Amma siyasi opponentlərin hər hansısa formada qərəz nümayiş etdirməsinə çalışıram normal yanaşım. Çünki onlar bunu siyasi fəailiyyətin növü kimi görə bilərlər. Bizim arsenalımızda olmasa da, başqalarında ola bilər. Mənə ən çox təsir edən qərəzli münasibət məni tanıyan insanların fikirlərimi bilərəkdən başqa cür təqdim etmək cəhdləridi. Bu, insanı düşünməyə vadar edir, inciklik yaradır. Tənqidlə qərəzin ciddi fərqləri var.  

 

Sekulyar dövlət dinin təsirini zəiflədən siyasi xətti ilə seçilir. Orada din belə deyək, "siyasətə qarışmır". Bu günlərdə bir xanımın "əxlaq normaları qadın üzərində qurulub" kimi fikirlərinə REAL-ın Xarici Əlaqələr Katibi Erkin Qədirli şərh verərək "əxlaq" sözünün fəlsəfi tərifini yazıb çıxışda qüsur "tapdı”. Şəxsən məni kənar izləyici kimi Erkin bəyin qoyulan problemi görməzdən gəlməsi narahat etdi. Feminizm hərəkatının insan hüquqlarının təmin olunmasında, sekulyar dövlətçilikdə danılmaz rolu var. Sizcə, hakimiyyətə gəlmək istəyən partiyanın görəvlisi qadın zorakılığı ilə bağlı problemi qoyub, səslənən sözün fəlsəfi izahını verməklə böyük bir "siyasi səhv" buraxmır?

 

Sualınızı anladım. Erkin bəy ümumiyyətlə, bəzi məsələlərə daha çox siyasətçi kimi yox, hüquqi fəlsəfi yanaşmağa üstünlük verir. Bu, onun haqqıdı. Bu onun dərin biliklərinin nəticəsidi. Ölkədə çox nadir insan var ki, hüququn fəlsəfəsini Erkin qədər gözəl izah edə bilsin. Ola bilər siyasətçilər bəzən ifadələri doğru seçmədikdə, vurğuları düzgün etmədikdə qınaqla qarşılaşır. Bu da təbiidi. Erkinin hər hansısa sözünün tənqid edilməsi də təbiidi. Hər hansısa formada tənqidə məruz qalıbsa, bu məsələ yerində edilmiş tənqiddi. Çünki problemin mahiyyəti sözün etimologiyasından, fəlsəfi mənasından daha üstündü. Siyasi partiyaların liderləri, lider pozisiyasında olanları, idarəetmədə təmsil edilənləri daha ehtiyatlı və daha doğru vurğular seçməlidi. İradı haqlı sayıram və qəbul edirəm.    


 

Əli Kərimliyə bir nəfər yaxınlaşıb "oğlunuz hansı pullarla bu cür həyat yaşayır" dedi, izləmisiz yəqin. Əli bəy də "sənin kimi alçalmadan da pul qazanmaq olar” cavabı verdi. Sizcə, bir demokrat, hamının prezidenti olmaq istəyən siyasətçi bu cür hallarda necə davranmalıdı?

 

Bu sualı hörmətli Əli bəyə ünvanlasaz, yaxşı olar. Mən düşünürəm ki, siyasətçi hamıdan çox tənqidə, hətta çox kəskin tənqidə, bəzən təhqir həddində olan tənqidə daha dözümlü yanaşmağa borcludu. Siyasətçi ictimai adamdı, public şəxsdi. Avropa İnsan Haqları Məhkəməsinin də hətta bununla bağlı presedent qərarları var. Məsələn, bir çox avropalı siyasətçini, dövlət xadimlərini və hökumət başçılarını bərbad şəkildə tənqid ediblər, amma İnsan Haqları Məhkəməsi çox maraqlı yorum verib: "Siyasətçilər digərlərindən fərqli olaraq təhqirə daha dözümlü yanaşmağa borcludular”. Mən istəməzdim siyasətdə təhqir olsun. Amma ən sərt tənqidə belə siyasətçi açıq olmalıdı, ictimaiyyəti qıcıqlandırmayan cavablar verməyə nail olmağa çalışmalıdı.

 

Nazirlər Kabineti tamamilə kişilərdən ibarətdi. Hökumətdəki bu amansız diskriminasiyanın səbəbini nədə görürsüz?

 

Yeri gəlmişkən, həmişə bu haqda çıxışlarım olub, tez-tez bunu tənqid də etmişəm. Bu ola bilər həm sistemin oyun qaydalarından, həm Azərbaycanın qəbul etmədiyim mental xüsusiyyətlərindən irəli gəlsin. Daha çox sistemin oyun qaydaları ilə izah etməyə çalışıram. Çünki sistemin idarə qaydaları çox ciddi problemlərlə doludu. İstəyir korrupsiya halları olsun, istəyir qanunların pozulması olsun. Bu məsələlərdə xanımlar daha həssas ola bilərlər, bəzi məsələləri qəbul etməyə bilərlər, buna görə də idarəetmə sistemi onları dışlayır. Bu hal doğrudan da düzəlməlidi. Ona görə dedim ki, seçkili sistem qadınların hökumətdə təmsilini artırar, ümumi abu-havanın yumşalması üçün çox ciddi rol oynaya bilər. Seçkilər də demokratik, rəqabətli şəraitdə keçirilməlidi. İdarəetmədə xanım təmsilçilərin az olması məni narahat edir. Hətta sizə bir misal da çəkə bilərəm. Dünyanın ən uğurlu beş ölkəsi siyahisində müxtəlif kateqoriyalara görə həmişə ilk beşlikdə olan ölkələr - Norveç, İsveç, Finlandiya və s. kimi ölkələrdə araşdırma aparılır və məlum olur ki, dövlət qulluğunda çalışanların 72%-ə yaxını qadındı. Hökumət qulluğunda qadınların çoxluğu bu ölkələrin effektiv idarə olunmasında böyük rol oyanıyb.

 

 

 

Tarixə imzasını atmış hansı Azərbaycan qadınını bəyənirsiz?

Bu da çox maraqlı sualdı. Mənə elə gəlir biz tariximizdə rol oynayan xanımları öyrənib üzə çıxarmamışıq. Mənim üçün Azərbaycan tarixinə ekskursiya edərkən, kimlik anlayışının formalaşması on doqquzuncu əsrdən başlayır. Axundovdan, Zərdabidən başlayıb ADR-in qurucu atalarına qədər davam edir. Tarixi faktlar var ki, o insanların ayaqda qalması üçün qadınları çox böyük rol oynayıblar. Onların adları kölgədə qalıb, amma etdikləri əməllər, verdikləri qurbanlar, öz ideyaları uğrunda mübarizə aparan həyat yoldaşları ilə çiyin-çiyinə dayanmaları bir çox uğur hekayələrinin yaranmasına səbəb olub. Əkinçi qəzetinin çıxmasında Zərdabinin həyat yoldaşının rol oynamasını sübut edən faktlar da var. Biz o tarixi daha dərindən öyrənməliyik. Azərbaycan tarixində mühüm rol oynayan qadınları üzə çıxarmalıyıq. Azərbaycanın kimliyinin formalaşmasında, Azərbaycan sözünün coğrafi anlamdan siyasi anlama çevrilməsində və nəhayət ADR-in yaranmasında xanımların müstəsna rolu olub. O rol təbliğ edilməlidi.

 

Zərdabinin xanımı Hənifə Məlikova

 

 

Ölkədə bu qədər qadın ailə-məişət zorakılığına uğrayır, öldürülür. Heç bir partiya bu ciddi problemlə bağlı fikir bildirmir, addım atmır. Gündəliyinizə qadın zorakılığı, diskriminasiya kimi məsələlər daxildi?

Qadınlara qarşı zorakılıq, ailə zorakılığı çox vacib problemdi. Başqa partiyaları deyə bilmərəm, ictimai çıxışlarımda, müsahibələrimdə, sosial şəbəkələrdə, yazılarımda bu məsələni tez-tez gündəmə gətirirəm. Öz ixtisasıma uyğun olaraq da bir çox halların iqtisadi institutların düzgün çalışmadığı ilə izah edirəm. Bu tək mental məsələ deyil. Mən ümumiyyətlə mental məsələnin hər dəfə önə çəkilməsinin əleyhinəyəm. Əslində, mentalitet dəyişməmək üçün bəhanədən başqa bir şey deyil. Məişət zorakılığı məsələsini kökündən həll etmək istəyiriksə, iqtisadi bərabərliyi həll etməliyik ilk növbədə. Xanımların biznesdə iştirakını, yüksək gəlirə nail olmasını həll etmək bu problemin çözülməsində mühüm rol oynaya bilər. Çünki ailələrdə iqtisadi asılılıq var. Azərbaycan ailəsi qlobal götürəndə, xoşbəxt deyil. Bu xoşbəxtliyin olmaması çox zaman gizlədilir. Ailələrdə xanımların iqtisadi müstəqilliyinin, iqtisadi resurslara çıxışının olmaması onların çox zaman ailə zorakılığına dözməsinə səbəb olur. Bu, çox ciddi məsələdi. Mənə elə gəlir ki, biz təməldən məsələni həll etmək istəyiriksə, həm ictimai, həm siyasi, həm qanunvericilik səviyyəsində ciddi işlər görməyə ehtiyac var. Xanımların maddi müstəqilliyə çatması üçün ictimai müzakirələrin də daha aktiv olması vacibdi.

 

 

Siyasi institutların işi yalnız hökuməti tənqid etməkdi? Patriarxat hansı ölkəni xoşbəxt edib?

 

Siyasi institutların işinin əsas istiqaməti hökuməti tənqid etməkdi. Söhbət müxalif siyasi partiyadan gedirsə, onun əsas məqsədi iqtidara gəlməkdi. Ona görə də müxalif partiya hökumətin işini tənqid edir, gələcək seçkilərdə müxalifətin iqtidara gətirilməsində aktiv rol oynaması üçün vətəndaşlara çağırışlar edir. Siyasətin fəlsəfəsinin təməli budu. Amma razıyam ki, cəmiyyətin daha çox muskulin olması, patriarxal olması da müəyyən dərəcədə inkişafa mane olan faktorlardan biridir. Bu məsələlər də ciddi müzakirə obyektinə, siyasi partiyaların gündəliyinə daxil olmalıdı. Olmamasının obyektiv səbəbləri də var. Azərbaycanda siyasi azadlıqların genişləndirilməsi baş verərsə, siyasətdə aktiv qadınlar da görərik. Çox uzaq olmayan keçmişə qədər, 2012, 13, 14-cü ilə qədər Azərbaycanda sivil toplum sərbəst işləyə bilirdi. Qanunvericilik sərtləşməyənə qədər qadınların aktiv fəaliyyətini görürdük. Çox güclü hüquq müdafiəçiləri, ictimai işlərdə olan xanımlar vardı. Yeri gəlmişkən, jurnalistikada da. Fürsətlər olsa, xanımların siyasi həyatda, ictimai həyatda, sivil toplumda iştirakı daha da artacaq.

 

 

zaman "realda qadın görəcəyik?

Realda bu gün də qadınlar var, sabah da olacaq. Azərbaycanda cümhuriyyətin təməlləri bərpa olunanda, parlamentar sistemə keçdikdə, demokratik dəyərlərin oturuşmasına nail olduqda daha çox xanım fəal olacaq. Yeri gəlmişkən, biz imzatoplama kampaniyası keçirdik. 40 minlik imza kampaniyasını bitirdik və üç məsələ ilə bağlı qanun layihəsi də hazırladıq. Orada qaldırılan məsələlərin bəziləri biz parlamentə təklifləri təqdim edən ərəfədə həll olundu. O kampaniyada 700 üzvümüz iştirak edirdi, 250 – yə yaxın könüllü, volontyorlar cəlb olunmuşdu. Onlar REAL üzvü deyildilər. Təqribən 40 %-ə yaxın xanım var idi. Onların imzatoplamada effektiv işi kişi üzvlərindən daha güclü idi. Xanımlar daha çox imza toplamışdılar.

 

Müsahibə üçün təşəkkür edirik. Suallarımız sizi yormadı?

Mən də müsahibə üçün təşəkkür edirəm. Yormadı, əksinə, beyinlərin silkələnməsinə, fikirlərin ifadə olunmasına yardımçı olan suallar idi. Ümid edirəm, verdiyiniz maraqlı suallara mənim də maraqlı cavablarım oldu.

 

 

 

Söhbətləşdi: Aysel Əlizadə

Qadinkimi.com