YAZI / DÜŞÜNCƏ
Çiçəklər dastan danışır Tarix : 24 Noyabr 2020, 12:15
Onlar Vətən uğrunda şəhid oldular, Vətən torpağına daha çox sevgi qatdılar öz qanlarıyla. Vətəni daha çox sevimli etdilər, uğrunda can fəda etməyə qədər... Onların qanı tökülən torpaqdan daha ətirli, daha məsum çiçəklər boy verəcək, üzməyə qıymadığımız çiçəklər-bənövşələr, nərgizlər, lalələr, xarıbülbüllər...
Hər biri bir dastan danışan məsum çiçəklər.
Şəhidlərin yarıda qırılıb ən uca zirvəyə yüksələn ömür yoluna həsr olunmuş dastanlar... Qəhrəmanlıq dastanları...

Vəliyev Murad Süleyman oğlu 11.02.1997-ci  ildə Bakıda doğulub. Yolunu çox gözləyiblər Muradın. uzun illərdən sonra Tanrı Kəmalə-Süleyman ailəsini Muradına çatdırıb. Əziz-xələf olub Murad. Bəlkə də elə bu əziz-xələflik onun boynuna məsuliyyət qoyub: bu böyük sevgiyə layiq olmaq məsuliyyəti. Və bu böyük sevgi onu elə ağıllı, elə saf, təmiz, elə genişqəlbli böyütmüşdü ki...

    Məktəbə də sevgi dolu getdi Murad...
Bakı şəhəri şəhid İlqar Məmmədov adına 298 N-li tam orta məktəbə də sevgi dolu gəldi. Sevgi yaydı ətrafına ayüzlü balamız və sevgilər də halə kimi dövrəsini tutdu, onu pis niyyətlərdən, əyri yollardan qorudu. Daima saf qaldı Murad bu sevgilərin içində. Atası Süleymanı erkən yaşında itirdi, məsuliyyəti birə-beş artdı, körpə çiyinlərini anası Kəmaləyə söykək etdi, onu sınmağa, əyilməyə, qardaşı Kamranı özünü atasız hiss etməyə qoymadı... Körpə yaşından ağır qarğaşaya düşdü, bərkidi, kişiləşdi, böyük kişilərdən oldu, sözünə və özünə sadiq...
Ali məktəbə daxil oldu, oxuya-oxuya işlədi, Bakı Biznes Universitetinin məzunu oldu, amma diplomunu görmədi...  
Muradın sevgi dolu qəlbində bir nisgil də böyüyürdü, bir həsrət də boy atırdı: ata-babadan qalma Ağdam nisgili, Qarabağ  həsrəti. Bu həsrət, bu nisgillə yan-yana QİSAS hissi böyüyürdü Muradın ürəyində. Onu Murova aparan qisas hissi. Sevgi, sayğı, saflıq, məsumiyyət, nisgil, həsrət və qisas hissi ilə dolu bu böyük ürək sahibi Vətənin ən uca dağ zirvəsindən hayqırdı düşmən üstünə.
 
 
 
No description available. 
 
"Qartal zirvədə olar"- deyənlər bilirlər ki, qartal elə zirvə üçün də ölər...
Murovda ön cəbhədə onu oğlu qədər sevən komandiri ilə bir yerdə şəhid düşdü Murad. Onun sevgidən yoğrulmuş qanı qarışdı Vətən torpağına, ruhu azadlıq quşuna çevrilib dövrə vurdu uğrunda can verdiyi artıq azad olmuş Murov yüksəkliyinin ətrafında. Bəli, Şəhidimiz qanıyla tarix yazdı:    27 sentyabr 2020-ci il. Murovdağ yüksəkliyi işğaldan azad olundu! Şəhid qanından göyərən çiçəklər isə QƏHRƏMAN ŞƏHİDLƏRİN qanından dastan yazacaq!!!   
 
15 sentyabr 2006-ı il. Bakı şəhəri şəhid İlqar Məmmədov adına 298 N-li tam orta məktəb..."Bilik günü"... Müəllimlər, valideynlər, qonaqlar, yuxarı sinif şagirdləri birincilərin ətrafında cəm olublar. Hər kəs bu məsumiyyət və şirinlik yağan varlıqları müşahidə edir. Qucaqlarındakı gül dəstələri, çiyinlərindəki məktəbli çantasınin içində itib-batan bu şirinlər ətrafa sevinc, sevgi, təbəssüm yayırlar. Onların içində ağ köynəkli, kəpənək qalstuklu, qaraca gözləri işım-işım işıldayan biri var-qaragözlü Elvin...   
Bizim qaragözlü, məsum baxışlı, sirli təbəssümlü Elvinimiz...   
Bu cocuqluq siması heç dəyişmədi... Məktəbli də oldu (2006-2017), məzun da oldu (2017), tələbə də oldu (2016-2020 Azərbaycan Dillər Universiteti Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsi, Almaniya üzrə regionşünaslıq), əsgər də oldu, döyüşçü də oldu, ŞƏHİD də oldu... yenə dəyişmədi o sima... Yenə məsum, yenə sakit, yenə sirli...   
Öz dünyası vardı. Üzərinə düşən vəzifəni tam məsuliyyətlə yerinə yetirərdi etiraz etmədən, azarlamadan, bacardığı qədər. Əsl kişi kimi... Ata-ana işçi idi, körpəlikdən özünəqulluğu öyrənmişdi, sərbəstliyi, həyatla təkbaşına mübarizə aparmağı, müstəqil fikir yürütməyi, müstəqil qərar verməyi... Bacısına da həyan idi körpəlikdən, eyni məktəbdə oxuyurdular..."İl boyu kassasına pul atardı,-Bahar deyir,"-"Bayramlarda anamla mənə hədiyyə almağı heç unutmazdı". Az danışardı, pafosu sevməzdi. Dərin-dərin fikrə dalardı, düşünərdi. Bu düşüncələr şeirə çevrilərmiş - heç kimə oxumadığı, göstərmədiyi şeirlərə...
Vətən ətirli, sevgi dolu şeirlərə... Dostluqda da fərqli idi. Sinif yoldaşı Fəridlə çox doğma bir ünsiyyəti vardı. Heç ayrılmazdılar, məktəbə də, hazırlığa da birgə gedərdilər. Sonralar  əsgərliyə də qoşa getdilər, sözləşiblərmiş kimi.
Cəbhə yolları ayırdı onları... Elvin Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərə atıldı. Və şəhid oldu.
Fəridin xəbəri yoxdu Elvinin şəhid olmasından. "Hər gün yuxuma girir Elvin". Anasıyla hər dəfə danışanda belə deyir Fərid...   
 
 
 
 
No description available. 

 
 
Elvinin müqəddəs ruhu dolaşır azad edilmiş Vətənin səmalarında...qaragözlü Elvinin. Qaragözlü Elvinin ağqanadlı çin olmuş arzuları qoruyucu mələyə dönüb Vətən göylərində. Elə buna görə də bu yaz o torpaqlarda çiçəklər bir başqa gülümsəyəcək-qaragözlü, məsum üzlü, sirli təbəssümlü çiçəklər.  
Bundan sonra sevgililərə hədiyyə olunan çiçəklər dilə gələcək:"Mən o şəhidlərin qanından göyərdim, mən onların sevgisiyəm,Vətən eşqiyəm,yurda,vətənə məhəbbətiyəm, Şəhidlərin pardaxlanmış ağ arzulariyam. Onlar sizi sevirdi, gözəllər, amma Vətəni daha üstün tutdular...
 
Siz də sevin VƏTƏNİ ŞƏHİDLƏR KİMİ. Qaragözlü, nurüzlü ELVİNLƏR KİMİ!".
 
 

 
 
 
   
 
 
Xatirə Rəhimbəyli
 
 
qadinkimi.az