BURA / ORA
Hürrü Əliyevin seçicilərlə görüşü: "Bu, parlamentə təhqirdi" FOTO/VİDEO Tarix : 02 Fevral 2020, 21:10
Yazar : Qadinkimi.com
Qadinkimi.com xəbər verir ki; Növbədənkənar parlament seçkilərinə 15 saylı Yasamal birinci Seçki Dairəsindən namizədliyini irəli sürən Bəyaz Hərəkat başqanı, Rəsulzadə və Elçibəy yolunun davamçısı Hürrü Əliyevin seçiciləri ilə növbəti görüşü baş tutub. Görüş zamanı hər bir seçicisinə xüsusi diqqət və qayğı ilə yanaşan Hürrü bəy vurğulayıb: 

"Xalqın içindən çıxdığımıza görə və seçicilərimizlə uzun illərdir eyni ərazidə yaşadığımızdan, problemlərinə bələd olduğumuzdan təkcə seçicilərimizin yox, bütövlükdə millətimizin yanındayıq."

H. Əliyev çıxışında millət vəkilinin təkcə məhəlli yox, ümumiyyətlə ölkə problemlərində iştirakını vurğulayıb:  "Bizim yolumuz Rəsulzadə, Elçibəy yoludur. Bizim yolumuz bütövlük yoludur. Biz təkcə bir dairənin yox, bütün Azərbaycanın milli məsələlərini düşünürük. Biz istəyirik ki, ölkəmiz daha gözəl olsun, insanımız yaxşı yaşasın". 

Seçkilərlə bağlı gedən proseslərdə birbaşa xalqın mənəviyyatına, dövlətin imicinə və ən əsas da dövləti təmsil edən dövlət başçısının seçki iradəsinə böyük zərbə vuran bir məsələyə toxunmaq istədiyini bildirən Hürrü bəy qeyd edib:

"Çox təəsüf olsun ki, yaxın 5 ildə insanlarımızı 10, 15, 20 manat pul təklifləri ilə ələ almağa çalışan bir neçə namizəd var.  Bu faciədir. Millətinə qarşı, parlamentin özünə qarşı təhqirdir. Seçicini hər hansısa bir maddi resursla öz iradəsinə tabe etməyə çalışan adamdan millət vəkili olmaz. Əgər iradənə arxayın deyilsənsə, bu yola çıxma. Bu birbaşa üst səviyyədən diqqət edilməsi, həssas yanaşılması lazım olan məsələdir. Düzdür, hər bir təbliğat və kampaniya növü hər kəs üçün açıqdır. Əlbəttə ki, bu bir rəqabətdir, hər kəs istədiyi mübarizəni aparmaqda müstəqildir. 
Lakin bu məsələ millət vəkili adına layiq olmadığı, birbaşa dövlətin imicinə zərər vurduğu üçün həyəcan siqnalı vermək məcburiyyətindəyik. Durum çox ciddidir. Seçicilər də bu ciddiyətin fərqinə varmalı, heç kimin yalanına, maddi təkliflərinə qəti şəkildə aldanmamalıdır, çünki seçim onlara verilən böyük bir şansdır və mümkün qədər yüksək dəyərləndirilməlidir. Mən inanıram ki, üst orqanlar da bu məsələyə həssas yanaşaraq, iradələrini ortaya qoyacaqlar.”

Tədbirdə seçicilər də öz növbələrində çıxış edərək namizədə müxtəlif suallar veriblər. Onları narahat edən məsələlərdən danışıblar. 

Sonda görüş zamanı yaranan qarşılıqlı inama, dəstəyə və xoş münasibətə görə hər bir vətəndaşa, sakinə öz təşəkkürünü bildirən Hürrü bəy seçiciləri ilə xatirə şəkli çəkdirib. 
 
qadinkimi.com










qadinkimi.com