* Qadının söz-söhbətləri ilə söz söhbətləri arasında yerlə göy fərqi var, bəylər və xanımlar.
* M.Qandi: "Bir millətin, bir xalqın mənəvi böyüklüyünün tərəqqisi,onun heyvanlarla necə davranmasından görünür”.
* A.Tarkovskinin "Stalker” filmində səslənən "Dünyanı utanc hissi xilas edəcək” fikri, Dostoyevskinin "Dünyanı gözəllik xilas edəcək” fikrindən qat-qat ağlabatandır.
* Dünyada ən böyük cərimə məbləğinin sahibinin adı Ginnes rekordlar kitabına düşüb. Bu adam Finlandiyanın "ət industriyası imperiyasının” varisi Jussi Salonajadır. Cərimənin səbəbi— 2004 - cü ildə avtomobil yol hərəkəti qaydalarının pozulmasıdır. Belə ki, Jussi Salonaja saatda 40 km gediləsi ərazidə saatda 80 km ilə sürmüşdü. Zərər çəkən olmasa da, avtomatik radara düşmüş bu avtoxuliqanlıq 170 000 avro ilə cəzalandırılmışdı. Apellyasiya məhkəməsinədək gedib çıxan hüquqi çəkişmə sonda 100 000 avroya endirilmişdi. Finlandiyada cərimələr vətəndaşın illik gəlirinə bağlıdır, standart ştraf məbləği yoxdur.
* Təkcə Helsinki şəhərinin 650 000 sakini və 37 kitabxanası var. Balaca, azsaylı Estoniyada hər il təqribən 3 500 adda kitab işıq üzü görür.
*Amma ana. 1953-cü ildə Hindistanda doğulmuş xeyriyyəçi qadındır. Xeyriyyəçiliyi insanları qucaqlamaqdan ibarətdir. Bu yolla o, dünyanı xilas etməyə çalışır. 120 000 insan hələ Hindistanda növbədədir. Bir gündə hətta 19 saat fasiləsiz, ac-susuz insanları qucaqlayan Amma Ana, indiyədək təqribən 25 milyon insana öz hərarətindən pay bağışlayıbdır. Bu fəaliyyət Amma Ananın sağlamlığına zərər verir: illər boyu səhər tezdən axşamadək növbəyə düzülmüş insanları bir-bir qucaqlamaqdan qollarında, çiyinlərində əzələ-sümük problemləri yaranır, vaxtaşırı müalicə ehtiyacı yaranır. Amma Ana dünyanın ən mütərəqqi ölkələrindən olan Finlandiyaya da 8-9 dəfə gedibdir. Hər gedişdə də minlərlə insan onunla görüşmək üçün aylar, həftələr öncə növbəyə yazılır.
* Finlandiya mətbuatında Amerika hindularının qurd (canavar) terapiyası haqda oxuyanda, bizim Boz qurd totemi yadıma düşdü. Çoxlarımızın keçmişin bəsit qalığı saydığı totem söhbətləri sən demə, Avropada yeni elmi maraqlara səbəb olur, onu ruhi rahatsızlıqların müalicəsinə cəlb etməyə çalışırlar.
* "Çin” ölkə adını, tarixçilərə görə, əski türklər vermişlər. Lao-tzınındao təlimində dao – yüksəlmə, hündür yerə qalxma deməkdir. Bu "dao” sözünün türkçəmizdəki "dağ” sözünə çox bənzəməsi təsadüfidirmi?
* Altay dağlarının adı iki sözdən ibarətdir: "alp” və "dağ”. "Alp” - "igid» və "çətin” mənalarında işlədilib.Zaman keçdikcə "Alpdağ” sözü təhrifə uğrayıb. "Alp” sözündəki kar samit "p” reduksiyaya uğrayıb, dildən düşüb. Altay kimi qalıb. Bəzi türkdilli xalqlar dağa "tau”, "tay” deyir. Altaylardan uzun yolu çapa-çapa gedib Qərbə çıxan hun sərkərdəsi Atillanın ordusu Mərkəzi Avropada gördüyü əzəmətli dağ silsiləsinə, arxada qoyub gəldikləri doğma Alpdağın (Altayın) adını verir, dağlara Alp dağları adı qoyurlar.
* Finlandiyanın doğum evində sancı çəkərkən divardan asılmış çərçivədə bir cümləyə rast gəldim: "Hamiləliyin yaxşı tərəfi – uşağının harda olduğunu bilməndir.” Ağrım azaldı.
* A.Puşkinin şeirləri Ataol Bəhramoğlunun yox, Səməd Vurğunun tərcüməsində şeirə bənzəyir.
* "Eşq” və "işıq” sözləri ayrı-ayrı dillərə aid olsa da, mahiyyəti eynidir — enerji, elektrik cərəyanı alıb-verməkdən ibarətdir. Bəlkə də "işıq” sözü təhrif olunub "eşq”ə dönüb?
* Ədəbiyyat terminlərinin qəribəlikləri: nəsr ilə yazılsa da, Qoqolun "Ölü canlar”ı poema sayılır,Puşkinin "Yevgeni Oneqin” əsəri isə nəzm ilə yazılsa da, roman adlanır.
* Finlandiyada ilkin tibbi yardım kursunu bitirənlərə verilən diplom "Qəhrəmanlıq məktəbi” adlanır (fincə "Sankarikoulutus”).
* Finlandiyada "keçmiş prezident” ifadəsi işlənilmir. Məsələn, 7-9 il bundan öncə prezident olmuş Tarja Hallonen mətbuatda yenə də Finlandiya prezidenti kimi təqdim edilir.
* Jak Fresko söhbətlərindən: "Bir İspaniyalı kralın dil qüsurları varmış. Saray xadimləri, qulluqçular, sonra isə bütöv bir əyalət bu kral kimi qüsurlu danışmağa başlayır. İspan dilində o kralın təsiri özünü indi də biruzə verir: bu dildə bəzi səslər qeyri-xalis saitlərdir”.
* "Bolqarıstan” sözü Volqa çayı boyunca yaşamış, sonralar Avropaya miqrasiya etmiş türkdilli bulqarlarıın adı ilə bağlıdır. "Rumıniya”sözü də, qədim romalıların Rumıniya ərazilərində qalmalarının izidir. "Germaniya” sözünün isə Quzey İranda, Ərdəbilə yaxın germi toponiminə bənzəməsi təsadüfüdürmü? Almanlar özləri ari tayfalarından olduqlarını deyirdi. "Ermənistan” sözü də bir zamanlar ermən, ərmən tayfalarının yaşadığına işarədir. Qafqaz Albaniyasında alpan tayfalarının yaşadığıtək. Müasir Albaniya dövlətinin adı da qədim alpanların oralara köçündən xəbər vermirmi?
* "Ari” sözünün "arı” sözündən gəlməsi fərziyyəsi var. Arı kimi "təmiz, düzənli” deməkdir. Bu fərziyyəni M.F.Axundov adına rus dili və ədəbiyyatı institutunda çalışan talışmənşəlli hörmətli professor İlyas Həmidovdan eşitmişdim.
* Dolmalarcürbəcür olur: yarpaq dolması, kələm dolması, badımcan dolması, gözün yaşla dolması, ürəyin sözlə dolması, beynin fikirlə dolması, cibin pulla dolması, səbr kasasının dolması və s.
* Ermənilər deyir, onların dilində "sarı” "dağlı” deməkdir, ona görə də "Sarı axçi” mahnısı onlara məxsusdur, "dağ qızı” deməkdir. "Tolma” sözləri isə " üzüm budağı” anlamında olan "toli” sözlərindən yaranıb, türkün "dolma” sözündən deyil. Erməni dilini bilən azərbaycanlılar bu haqda nə fikirdədirlər?
* Rəsmi istinadlara görə, İncil 30 000 dəfədən artıq düzəlişlərə məruz qalıb.
* Qərbin boyskaut hərəkatı ideyasını Sovetlər ölkəsi "oğurlayıb”, pionertəşkilatına çevirmişdi.
* Birləşmiş Millətlər Təşkilatı, Aqora planı üzərində işləyir. Bu plan planetdə tanrı ideyasını əvəz etmək üçün hazırlanır.
* Tanrısız din yaratmağa cəhd edən bir çox mütəfəkkirlər var. Onlardan biri Ogüst Kont idi. O, tanrını "Böyük mahiyyət” - Grand Etre ilə əvəz etmək istəyirdi. 1848-ci ildə pozitivizm cəmiyyətini yaradır. Kont özünü yeni bəşəri dinin ilk keşişi elan edir, bu inancın atributları, kultu haqda düşünürdü.
* V. Pelevinin "Külək axtarışı haqda qeydlər” hekayəsini oxuyub şübhəyə düşdüm: bəlkə, Pelevin, filosof L.Vitqenşteynin reinkarnasiyasıdır?
* Hollandiyada siqaret çəkməyən gənclərə dövlət tərəfindən 200 avro mükafat verilir.
* 1992-ci ildə Bakının ortodoks kilsəsinin qarşısında ilk dəfə canlı dekadentgörmüşdüm. O, kilsənin ağzında dilənə-dilənə əlində Nitşenin kitabını oxuyurdu. Vaxtilə fotoqraf-rəssam işləmiş bu dilənçi incəsənətdə dekadentizm cərəyanı ilə maraqlana-maraqlana özü də dekadentə dönmüşdü. Kitab dükanlarından tapılması mümkünsüz olan Nitşenin rusca nəşr edilmiş qalın iki cildliyini o vaxt həmin dekadent dilənçidən tanış olub pul ilə almışdım.
* Azərbaycanlıların neyroqenezə böyük ehtiyacları var. Neyroqenez– beyində yeni neyronların yaranması deməkdir. Neyroplastiklik — əqli çeviklik də bundan - əqli işlə məğul olmaqdan yaranır.
* Ermənistanın Şirak vilayətində Arıç kəndinin digər adı Qıpçaqdır. XII əsrdə bu kənddə Hıpçakvank monastırı inşa edilib. İndi də durur. Qriqoryan qıpçaqlarının tarixini ukraynalı alim Aleksandr Qarkaveç araşdırıb. Qıpçaq türklərinin qriqoryanlaşdırılması haqda XIV əsrdə yazılmış "Codex Kumanium” kitabında məlumatlar qalıb. A.Qarkaveç dəqiq koordinatlar da verir. Deyir ki, məlumatlar Venesiya kitabxanasında 1303, № 549. Müqəddəs Mark Kitabxanasının antik şöbəsində saxlanılır. Venesiya tamamilə sulara qərq olmamış Mədəniyyət nazirimiz oraya bir araşdırmaçı yollasa yaxşıdır.
* Cəbrayıl adlı mələyin adı "cəbr” sözü ilə həmahəng olması təsadüfdürmü? Məncə yox. Kainatın, varlığın əsasında riyaziyyat, cəbr qanunlarının durduğunu bilən alimlər "Cəbrayıl” sözündə metafora görməyə bilməzlər.
* Absurd janrında yazan dramaturq S.Bekketin "Qodonu gözləyərkən” pyesinin adındakı Qodo — "god” (tanrı) sözünə işarədir. Yəni "Allahı gözləyərkən”. İnsanın bütün ümüdlərini özünə bağamaq yerinə, tanrını gözləməsinin absurdluğu anladılır pyesdə. S.Bekket həyatının sonunda demiş: "Hər bir söz sükut üzərində lazımsız bir ləkəyə bənzəyir”.
* "Bütün mövcud dillərin vahid kökünü axtaran Qerman Virt qurduğu sistemin sonuncu fəqərəsini Sibir inanclarında axtarmaq istəyirdi. Lakin məlum səbəblərdən Sibirə gedib çıxa bilməmişdi. Başqa araşdırmaçı Svedenborqun fikrincə, itirilmiş söz Parole Devassee, "Tartariya müdriklərində” axtarılmalıdır”. Bu cümlələr A.Duqinin "Tradisionalizm fəlsəfəsi” kitabındandır. Məni isə fikir alıb gedir: əcəba, bu "itirilmiş söz, parol” olmaya, kalka edilərək latın dilinə "religiya” ("bağlamaq”, "bağ”) kimi keçən bizim öz "bağ” sözümüzdür? Bəlkə "qut” sözümüzdür? Latın dillərinə "god” və "good” kimi, almancada "quten” kimi işlənilir. Bu Avropa dilçilərinin Sibirlərdə, Tartariyada tapacaqlarına əmin olduqları başqa hansı açar sözlər ola bilər? Vatikanda gizli saxlanılan qədim kitablarda Nəsiminin allahı Bağ adlandırmasını qəribə yazıçımız İsa Hüseynov Muğanna da iddia edirdi. Çox guman, atı əhilləşdirən, hər tərəfə çaparaq səpələnən türklər, dünyanı tanıya-tanıya sözlərini də dünyaya səpələyiblər.
* Alla Puqaçovanın adı da, Ella adı da, Kərkükdə qadın və kişi adı Ala da eyni mənşəllidir. İncildəki "Elohim” sözü zaman içində biçimini dəyişmiş, "Allah” sözünə çevrilmiş. İnsanlar isə bu təhrif olunmuş sözləri evladlarına verir. Qədim yəhudilərin isə "Elohim” adını haradan, nə zaman aldıqlarına dair fərziyyələr, dilçiləri və tarixçiləri qədim şumerlərə gətirib çıxarır. "El” və "ağ” sözlərinin üstündə baş sındırırlar. Burada biz yenə Muğannanın "Ağ əl, ağ əlim”, "ağ, təmiz enerjim, gücüm” fərziyyəsinə gəlib çıxırıq. Asif Atadan bu hadqa fikirlərini bildirməyi xahiş edəndə, mənə cavab verdi: "Muğannanın bu pantürkist fikirlərini qətiyyən qəbul etmirəm. İsa Hüseynov türkləri ən qədim xalq sayır. Bu isə doğru deyil. Biz — səlcuqların varisiyik ”, - deyirdi...
* Tarixçi Murad Acı rus dilinin yaranmasını araşdıraraq, tarixi əlyazmalar və sənədlər vasitəsiylə aşkar etmişdi: rus dili 1726-cı ildə "türk dilinin slavyan ləhcəsi”adıyla üzə çıxıb. Bu termin ilk dəfə o vaxt akademik Treadiakovski tərəfindən işlədilib. Bu məlumatı M.Acı Moskvanın Lenin adına kitabxanasından, həmçinin Milenti Smotriçkinin ”Qrammatika” əsərindən çıxarmışdı…
Rusların soyadlarındakı "ov, ev” şəkilçilərinin yaranması bax beləcə durulur: adamın mənsub olduğu ailəni, tayfanı, evi göstərirmiş ”ov, ev.” Məsələn, ”İvan evi, Pavel evi”, fərqli ləhçələrdə ”Nikolay öyü (övü)”. Sonralar dilçilərin yaxşı bildiyi bəzi linqvistik qanunlara görə, belə sözlər bitişik işlədilib rusların söz şəkilçiləri kimi qalıb.
* Rus dilindəki "овраг” sözünün mənşəyi ovulmuş mənasını verən bizim "ovalıq” sözündəndir.
* "Kaşa” sözü bizim ”xaşıl” sözündəndir. Rusların bunu bilib-bilməmələri problem deyil. Problem — yemək bişirmək üçün pulun təmiz, qanuni yolla qazanılması və insanın ləyaqətli yaşaması üçün yetib-yetməməsidir.
* Yoqa, yığmaq, birləşdirmək deməkdir. Dilimizdəki "yığmaq”, "yoğurmaq” sözlərinə bənzəməsi təsadüfidirmi? "Bağlamaq”, "bağ” sözümüz rus dilindəki "boq” sözünə bənzəməsi təsadüfidirmi?
* "Yoqa inamdır, lakin bu inamı idmanlaşdırırlar”. Bu fikri Asif Atadan eşitmişdim, internetin olmadığı çağlarda. Hakti-yoqanın buddist keşişi Sivarama Swami də sözhbətlərində bu fikri təsdiq edir.
* Bhaqavan (bhagavan). Buddislərdə bu söz "əkmək, becərmək” anlamındadır və "meditasiya” anlayışının əski və əsl adıdır. Necə də "bağban” sözümüzü xatırladır. Yenə Muğannanın "Qapalı dünyası”nı yada salır, Nəsiminin şeirlərindəki "bağban” sözünün gizli mənasını düşünürəm. "Kultura” sözü də "əkib becərmək” anlamını verir.
* Brahma—Avraam—İbrahim...
* Düşmənlər bilməsin, öz aramızdır, "barbar” sözü elə bizim "var-var” sözümüzdür.
* Günəş dil teorisini Zəki Vəli Togan və sovet alimi Nikolay Y. Marr irəli atmışlar... Muğannanın "İdeal” romanı bu unudulmuş (unutdurulmuş?) nəzəriyyə üzərində bir növ refleksiyadır.
* El-obasından küsüb inciyənlər hər xalqda var. Ceyms Coysyazırdı: "İrlandiya öz uşaqlarını gəmirib udan donuzdur”. Şair Dmitri Merejkovski yazırdı: "Aah, vətənə nifrət etmək necə şirin duyğudur!” ("Как сладостно отчизну ненавидеть»).
* Rəssam Pikasso ölümündən az öncə deyib: "Əsl rəssamlar — Cotto və Rembranddır. Mən isə öz zamanını anlamış klounam. Ədəbazlıq edə bilənlər suda batmayacaq, yerdə qalanlar isə rəssam kimi tanınmayacaqlar”.
* Stiv Cobs Fransanın Yunus Emresi sayılan Laroşfuko haqda: " Bəsitlik düşüncənin ən üst formasıdır. Bəsit sadəlik — sənətdə, elmdə, dizaynda, həyatın bütün sahələrində kamillik zirvəsi sayılır”.
* Dostoyevskidən soruşurlar: Tanrının insanlarla haqq-hesab çürütməsi zamanı, tərəzinin bir gözünə bəşəriyyətin bütün günahları qoyularsa, o biri gözünə nə qoyardın – xeyir işlərin daha ağır gəlməsi üçün? Dostoyevski cavab verir: "Don Kixot” kitabını.
* Filosofların bir-birini bəyənməməsi hər zaman olub. Nitşe Sokratıtənqid edir, onu soyuq məntiqçi adlandırırdı.
* Jan Sibelius 91 il ömür yaşasa da, sadəcə 36 yaşınadək musiqi yaradıb və buna baxmayaraq Finlandiyanın ən önəmli və nüfuzlu bəstəkarı sayılır.
* Rene Qenonun Ənənə təlimi,Derridanın dediyi dekonstruksiyadan xəbəb verir. Oruc, namaz, həcc, zikr, dua, qurban və s. dini atributlar, dekonstruksiyaya uğrayaraq İbrahimi dinlərə qədim Hindistandan keçmişdi.
* Oldos Xaksliyə görə, "Əbədi Fəlsəfə” var. O, mədəniyyət biçimini alaraq dönə-dönə bəşəriyyətə qayıdır.
* "Büt” və "Budda” sözünün qohumluğu. Əsrlər boyu Sidhartha Qautama Buddaya Asiyadakı saysız-hesabsız düzəldilən budda heykəlləri, çox guman, "büt” sözünün yaranmasına səbəb olmuşdu. Yaxın Şərq dinlərində bütlərə sitayiş etmə yasağı da bu səbəbdən yaranmışdı.
* Namaste – Hindistanda salamlaşma, sayğı, təşəkkür bildirmə sözüdür. "Namaz” sözü İslama İpək Yolu ilə Hindistandan gəlmiş, dekonstruksiyaya uğramış ola bilər. Qədim sanskrit dilində «namah» — "səcdə, heyrət” deməkdir. «Tе» — "sənə” deməkdir. Namastenin anlamı: «Mənim içimdə olan ilahilik, səndə olan ilahilik ilə birləşir”. Namaste – bütün varlığın ruhani vəhdətdə olması etirafıdır, hər şeydə Tanrı görmək və hər şeyə sevgi bəsləmək bacarığıdır.
* Yazıçı V. Pelevinə görə, "amin” sözü, müqəddəs hind kəlməsi "OM”dan əmələ gəlibdir.
* Upanişadlarda, vedalarda sutralar var. Qurani-Kərimdəki surələrkimi. Yəqin, sutra və surənin mənşəyi də eynidir.
* Smartfonların ilk dəfə satışa çıxarıldığı 2005-ci ildən başlayaraq Finlandiyada mütaliə həvəsinin azaldığı müşahidə edilib.
* Erməni dilində İncil Suriya dilindən 432-ci ildə tərcümə edilib. Gürcü dilinə isə İncil erməni dilindən V əsrdə çevrilib. Orta əsrlərdə ilk erməni tərcüməçilər müqəddəslər sırasına daxil edilirmiş. İndiyədək də ermənilər hər il Müqəddəs Tərcüməçilər Gününü geyd edirlər. (Vikipediyadan)
* L. Vitqenşteyn "Məntiqi-fəlsəfi traktat” əsərini bütövlükdə Birinci dünya savaşı zamanı səngərdə yazmışdı.
* Muğam — insanın pillə-pillə yüksəlməsi yolu, praktikası dastanıdır. Lakin muğam bayağılaşdırılaraq öz ruhani mahiyyətindən ayrılıb, əyləncə vasitəsinə çevrilibdir. Ken Wilberin "Hər şeyin nəzəriyyəsi” kitabında, həmçinin digər alimlər də, şüurun pillə-pillə, mərhələ-mərhələ yüksəlməsi haqda yazırlar. Ən yüksək mərhələlərə qalxmaq nadir insanlara nəsib olur. Asif Atanın "Muğam fəlsəfəsi” əsəri muğamın məhz pilləvari metafizikası haqdadır.
7. Universum
6. Ruhani İdeya
5. Mütləq anlayışı
4. Zəka nəticələri
3. Mülahizə bacarığı
2. Sağlam fikir
1. Adi baxış
* Noam Homski deyir: "Müəyyən bir Mütləqin olduğunu düşünürəm. Amma lütfən bu haqda ətraflı danışmağımı xahiş etməyin. Başımda onun sadəcə ümumi mənzərəsi var. Real ədalət anlayışının təməli olan, fundamental insani keyfiyyətlərə söykənən nəsə bir Mütləq mövcuddur”.
* İraqlı tərcüməçi kolleqamdan eşitdiyim: "Bir zamanlar siyasi səbəbdən İraq həbsxanasında mənə işgəncə verən adam indi Helsinkidə yaşayır, Səddam Hüseynin bu keçmiş həbsxana işçisi də sığınacaq alıb, burada sərbəst yaşayır. Onun Helsinkinin ticarət mərkəzində alış-veriş etdiyini görəndə, bədənim sızlamağa başladı...”. Digər kolleqamın doğmaca atası – Səddam Hüseynin keçmiş generalı da — Finlandiyadan siyasi sığnacaq alıb.
* Rus mütəfəkkir-şair Çaadayev yazırdı: "Pravoslavlığı qəbul emək — Rusiyanın ən böyük faciələrindən biridir”. Asif Ata: "İslam türkün belini qırdı” - deyirdi.
* Əsgərliyini Sovetlər zamanı Abşeronda keçirmiş Rusiyalı məşhur yazıçı Aleksandr İliçevskinin "Abşeron polkunun əsgərləri” adlı hekayələr toplusu var.
* Yerin cazibə qüvvəsi kimi Göyün də cazibəsi var. Hər ikisi də gözə görünmür. Yer cazibəsini, yəni qravitasiyanı ölçən cihazlar var. Göy cazibəsiisə ancaq insan ruhu ilə ölçülür. Cihaz hazırlana bilsə, yalnız kvant üzrə fizikaçılar hazırlayacaq.
* Dzen ustası Suzuki: "Ciddiyətlə danışsaq, nurlanmış insan yoxdur. Nurlanmış hərəkətlərin gerçəkləşməsi vardır”.
* Nurlanma. Dzen buddizmdə ifadə var: "Nurlanmayanadək birinci — odun qır, ikinci — su daşı, nurlanandan sonra — odun qır, su daşı”. Nurlanmayanadək insan — daşı dağın başına diyirləməlidir. Nurlanandan sonra da insan dağın başına daş diyirləməlidir. Bəs dəyişən nədir? Dəyişən — mövcud olana qarşı daxili müqavimətdir. Mübarizə bitir, daha düzgün desək, mübarizə aparanın illüziyası dərk edilir. İndividual iradə və ya individual ağıl, ilahi iradə və ali idrak bir-birinə köklənir.
* Fallos kultu qədimlərdən günümüzədək gəlib çatıb. Dini minarələrimizdə özünü açıqca göstərir. Yaponiyada, Asiyada fallos kultu davam edir, fallosa həsr edilmiş bayramlar indi də hər il təşkil edilir.
* Nə yaxşı, Çeçenistanın naxçoadlı xalqı da Naxçıvan ərazilərinə iddia etmir.
* Krım yarımadasında Kerçşəhəri, Naxçıvanda isə Kərçi kəndi var. Krımda Sivaş bataqlığı, Türkiyədə isə Sivas şəhəri var.
* Uyğur türklər elə bilir, ön Asiya türkləri islamı qəbul edib əlləri bala batıb, bunlar geridə qalıb. Çin də deyir, ərəbləşməkdənsə, gəl elə çinləş...
* Çoxbilmişlər çox bilənləri həyatda üstələyir.
* Asif Atanın "Rəmzlər” kitabından: "Ərəb – eyşə qurşanan. Türk – döyüşə qurşanan”.
* "Otaq", "oda" sözləri mağaralarda yaşayan ibtidai adamın ikisəsli hecalar tələffüz etdiyi dönəmlərdən yadigardır. Mağaranı, ətrafı işıqlandırıb işıqlı, ağ edirdi ortada qalanan ocaq. Hər yan "od-ağ” olurdu.
* Tarixdə çox döyüşən türkün dilindəki "vur!” feili, rus dilinə "urra!” (vur ha!), ingilis dilinə isə müharibə mənasında olan "war” sözü kimi keçmişdir.
* A.Duqinin mühazirəsindən: Haydeggerin "Zaman və varlıq” əsərindəki əsas ideya dzen-buddizmin əsas ideyasından nə dərəcədə fərqlənir? Deyilənə görə, Haydegger dzen-buddizm üstaları Teytaro Sudzuki və Kitaro Nisitani ilə ünsiyyətdə olub. Onun həyatının sonuna yaxın yaratdığı əsərlər fəlsəfi deyil, poetik-teoloji əsərlər sayılır. Səbəb elmi-fəlsəfi dilin Haydeggerə yetərli olmamasından imiş.
* Deyirlər, insan 30-40 gün qidasız, üç gün susuz və cəmi 30 saniyə nəyinsə mənasını nədəsə axtarıb-tapmadan yaşaya bilər.
* Con Lerer adlı neyrofizioloqun qənaətinə görə, idrak - istisnasız olaraq emosiyalar üçün mövcuddur. Platon, möhkəm ol!
* Stanislav Lem, B.Rasselin Hegeli büsbütün idiot adlandırmasıyla tamamilə razı idi.
* Türk sözü "Doğa”, "doğan” sözündən "n” səsinin düşməsindən yaranıb. Təbiət doğur, doğurur, təbiət doğandır, yaradandır, anatək.
* İslandiyanın 100% ateist ölkəsi olmasına baxmayaraq, əhali yeni bir asfalt yolun çəkilməsinə icazə verməyib. Səbəb: onların fikrincə, orada mələklər yaşayır.
* Azərbaycanlılar hansı mədəni areala aiddir? Tarixçi E.Renan fransızları dilə görə rumlu, sivilizasiyaya görə yunan, inanca görə isə yəhudi sayırdı. Bu metodla biz də – dilə görə turk, sivilizasiyaya görə – İran, inanca görə – ərəbik deyə bilərik.
* Mişel Uelbekinromanlarında erotik-pornoqrafik səhnələr yazmasına səbəb V. Sorokindən fərqli olaraq oxucunu epataj yolu ilə kitab almağa cəlb etmək deyil. Avropalının öz fantaziyalarını, istəklərini maneəsiz gerçəkləşdirməsini göstərən Uelbek, "hər oyundan çıxan” insanın mənalı həyat yaşaması üçün bədənsəllikdən üstün bir şeylərə ehtiyac duyduğuna inanıb.
* Nələr olur! Kamillo Holdci və Santyaqo Ramon-i-Kahal adlı alim-histoloqlar 1906-cı ildə fiziologiya və tibb üzrə Nobel mükafatını almışlar. Onlar eyni rentgen şəkillərində görünən beyin sinir strukturuna tamamilə əks fikirlər yürütmüşdülər.
* "Azərbaycan ədəbiyyatının ”məhəlli, lokal” ədəbiyyat olduğundan yazarları da dünyada tanınmır” deyənlər ”Eşşəkarısının balı” romanının müəllifini tanıyırlar? Bu – ədəbiyyat üzrə Nobel mükafatı komitəsinin üzvü İsveç yazarı Torqni Linqrendir. Uzun illər iki küsülü qardaşın lokal, məhəllifaciəsini anladan roman, hər insan faciəsinin həyat adlı faciənin fraktal hissəciyi olduğunu göstərir. Azərbaycanyazarları da bizim qismətimizə düşən fraktal hadisələri, faciələri qələmə alır - dünyanın o biri tərəfində o biri fraktal dənəciyi qələmə alan yazarlar kimi. Məhəlli ədəbiyyat anlayışı uydurmadır. Bütün dünya ədəbiyyatı əslində məhəllidir. Problem – tərcümə və təbliğatdadı.
* Ürək çatışmazlığıtək vicdan və empatiya çatışmazlığı da xəstəlikdir. Bu xəstəliyin adı psixopatiyadır.
* Kimisi yaşanılanları romanlara çevirir. Kimisi isə romanları yaşamına çevirir. Kimisi duyğularını qələmlə kagiza yazır, kimisi barmaqlarıyla kompüterdə, kimisi isə su ilə yazır, gözyaşı suyuyla. Öz üzündə.
* İki Əfəndiyev. 1992-ci ildə "Molodej Azerbaydjana” qəzetinin redaktoru Əfəndiyev (adını unutmuşam) həvəskar gənclər üçün 1-2 aylıq pullu jurnalistika kursu təşkil etmişdi. Mən də o kurslara yazılmışdım. Bir gün kursdan sonra onunla ölkəmizdəki psixoloji-mənəvi, siyasi-sosial durumdan, metafiziki axtarışlarımdan, yeni tanış olduğum Asif Ata (Asif Əfəndiyev) fəlsəfəsindən danışdım. Respublikanın qabaqcıl gənclər qazetinin rəhbəri Əfəndiyev Qurani-Kərimi hər gün 30 dəqiqəlik başımın üstünə qoyub evdə ora-bura addımlamağımı məsləhət gördü.
* Qafqazda "qaz” sözü ilə başlayan toponimlərə tez-tez rast gəlindiyini nəzərə aldığımızda (Qazlıq dağı, Qazax və s.), Xəzər dənizinin başqa adı – "Kaspi”nin mənşəyi aydınlaşır. Qafqaz - Kazbek dağı "qaz” və "bəy” sözlərindən yaranıbdır. Məncə, "Kaspi” sözü bu "Kazbek” sözünün təhrifə uğramış biçimidir.
İlahə Ucaruh
qadinkimi.com