BURA / ORA, GENDER
Hindistanda gender bərabərliyini öyrənən oğlanlar Tarix : 12 Noyabr 2019, 16:34


Dünyada hər gün 137 qadın partnyoru və ya ailə üzvü tərəfindən öldürülür. Hindistanın yeniyetmə oğlanlar üçün nəzərdə tutulmuş "Bərabərlik üçün fəaliyyət” proqramı qadınlara qarşı zorakılığa son qoymaq məqsədilə başladılıb.

18 yaşlı Omkarın anası Kanta onun həmişə kiçik bacısı Rutuya qarşı qəzəbli olduğunu, amma proqrama qatıldıqdan sonra daha hörmətli və sakit davrandığını deyir. Anası onun çox dəyişdiyini bu ifadələrlə bildirib: "Ev işlərində mənə çox kömək edir. Ətrafındakı həmyaşıdları kimi davranmır – özünü çox yaxşı aparır”. 

Omkar Hindistanın Pune şəhərində yaşayan və "Bərabərlik üçün fəaliyyət” (AFE – Action for Equality) adlı proqramda iştirak edən 5000-dən çox oğlan uşağından biridir. Bərabər Cəmiyyət Qurumu (ECF) tərəfindən 2011-ci ildə başlanan AFE proqramı qadınlara qarşı zorakılıqla mübarizə aparır.

Qurumun icraçı direktoru Kristina Furtado deyir ki, gender bərabərliyi uğrunda mübarizə sürətlə axan çayla mübarizəyə bənzəyir: "Biz həmişə qadınlara deyirik ki, mübarizəmizdə siz çox vacibsiniz. Ancaq bütün hədəfi qadınlara yönəltmək də doğru deyil. Çünki günün sonunda təhsilli və güclü qadın zorakı və kobud bir kişi ilə eyni evə gedəcək”. 


43 həftəlik proqramda 13-17 yaş arası oğlanlar təlim keçirlər. Onlara cinsiyyətə yönəlik zorakılığın və gender normalarının pozulmasının nə olduğu izah edilir. Eyni zamanda yaşadıqları cəmiyyəti qadınlar üçün eyni hüquqlu və təhlükəsiz etməyin yolları göstərilir.

Proqramın təlimçiləri 20 yaşlı gənclərdir. ECF iştirakçılardan dərslərin 60% -də iştirak etmələrini və sonda kiçik bir fəaliyyət layihəsi təqdim etmələrini tələb edir. Layihə rəhbərləri iştirakçıların 80% -nin məzun olduğunu deyir. 


18 yaşlı Akşay əvvəlcə 2014-cü ildə könüllü olaraq AFE proqramına qoşulub. Daha sonra iki qardaşı ilə birlikdə özü də tələbə kimi proqrama qatılıb. O, proqramı bitirdikdən sonra cəmiyyətdəki digər oğlanlar üçün bir nümunə olduğunu deyir.

Omkarın anası kimi Akşayın anası Sujuta da oğlunun davranışlarında ciddi dəyişikliklər gördüyünü söyləyir: "Tək o deyil, digər iki qardaşı da ev işlərini bölüşməyə başlayıblar”. 


Akşay və Omkarın qonşuluğunda oğlan uşaqların əksəriyyəti 14 və ya 15 yaşlarında spirtli içki içməyə başlayır. Alkoqolizm Hindistan kimi az gəlirli cəmiyyətlərdə geniş yayılıb. Bu da qadınlara əhəmiyyətli dərəcədə təsir edir. Çünki içkili kişilərə görə qadınlar və qız uşaqları evdən çıxa bilmirlər. Əgər bir qız küçədə həmin içkili kişilərdən birindən zərər görsə və polisə zəng etsə, bunun heç bir faydası olmur. Polis ya kömək etmir, ya da zərərçəkəni günahlandırır. Həm Omkar, həm də Kanta cinsi təcavüz və zorakılıq əlamətləri aşkar etdikləri zaman bunu polis və icma rəhbərlərinə bildirdiklərini deyirlər. ECF təcrübəsi keçdikləri üçün zərər görmüş yeniyetmə qızların onlara güvəndiklərini deyirlər. 

Omkar hələ proqramı bitirməsə də, artıq biliklərini gənc nəslə ötürməyə başladığını bildirir. Bir dostu ilə birlikdə o, AFE proqramına qoşulmaq üçün hələ yaşı çatmayan 10 oğlan uşağına öyrəndiklərini ötürür. Onlara qızlara qarşı nəzakətli olmağı, ev işlərində kömək etməyin faydalarını öyrədir.

BMT-nin bildirdiyinə görə qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. Bəzi tədqiqatlar göstərir ki, qadınların 70% -i həyatları boyunca bir yaxını tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalıb; dünyada hər gün 137 qadın partnyoru və ya bir ailə üzvü tərəfindən öldürülür. 


Hindistanda isə qadınlara qarşı edilən zorakılıq 2012-ci ildə Hindistanın Dehli şəhərində bir şəhər avtobusunda 23 yaşlı tələbə qıza edilən təcavüzdən sonra daha çox müzakirə mövzusu oldu. Bu hadisədən sonra Hindistanda da #MeToo həştəqi ilə onlarla təcavüz hekayələri paylaşılmağa başlandı. 


Qadinkimi.com