QADIN / KİŞİ
Hicabı qadın beynindən açan Rəsulzadə - Şəhriyar del Gerani yazır Tarix : 31 Yanvar 2019, 22:56
 
Rəsulzadədən danışanda niyəsə, ən ciddi nəsnənin üzərindən təngnəfəs keçirik. Hal bu ki, bütün zehnimiz və istedadımızla o yerdə stansiya qurmalıyıq. 

İl - 1913. "İqbal" qəzetində yayımladığı "Türkiyədə qadınlar" məqaləsində yazır:

"Bütün müsəlman aləminə bərabər Türkiyə də bilməlidır ki, ailə əsarəti və ailə istibdadı üzərinə təşkil edilən millətlər heç bir vaxt ailə hürriyyəti və ailə səadəti məbnaları üstündə qurulan millətlərlə mübarizə edə bilməzlər. Qadın bir millətin nisfi-mühümmünü təşkil edir. O, aciz isə, hüquqsuz və mərifətsiz olursa, millətin yarısı xəstə və məflucdur — deməkdir".

Və bu möhtəşəm təfəkkürdən, işıqlı dünyagörüşdən dolayı bütün Türkdilli coğrafiyada və Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ qazandırdı 1918-də.

1918-ci il Azərbaycanı 17-ci əsr tipik müsəlman cəmiyyəti idi. Bu qərarla Rəsulzadə Azərbaycanı 2 əsr qabağa atdı. Bu gün azərbaycanlılar gerçəkdən 2019-cu ildə yaşayırlarsa, bu, birmənalı şəkildə Rəsulzadənin əməyidir.

Rəsulzadə ilk dəfə hicabı Azərbaycan qadınının beynindən açıb başına bağladı. 1918-ci ilə qədər Azərbaycanda hicab - baş örtüyü deyildi, beyin örtüyü idi.

Şəxsən mən qadına dəyər verməyin ibtidasını, əlifbasını atamdan, akademiyasını Rəsulzadədən öyrənmişəm. 

Ruhunuz şad olsun, Məmləkət Adam! Doğum gününüzdə sizi intəhasız hörmət, sonsuz sevgi və şərəflə anırıq. Bütün zamanlarda və məkanlarda Eşqlər!
 
Şəhriyar del Gerani
qadinkimi.com