SƏNƏT, SEVGİ
Həyatını yalnız "uyğun" insanlar üçün təhlükəsiz bir sığınacaq halına gətir Tarix : 08 Fevral 2021, 07:31

Səni sevməyə hazır olmayan, sevmək istəməyən insanları burax, özünü sevdirmək çabasından azad et. Bu, həyatında görməli olduğun ən çətin, amma ən əsas işdir.

Dəyişmək istəməyən insanlarla söhbətləşmək çətindir. Bunu etməyin.

Sənin varlığınla maraqlanmayanların qarşısına çıxmağı dayandır. Yanında olmağına önəm verməyənlərin yanında olma.

Bilirəm ki, sən kömək etmək istəyirsən, amma bu zamanını, enerjini, zehni və fiziki sağlamlığını oğurlayan bir impulsdur.

Sən fərqli, maraqlı bir həyat və bir məqsəd uğruna mübarizəyə başlasan, hər kəs yanında olmayacaq. Bu o demək deyil ki, özünü dəyişməlisən. Onlara münasibətini dəyişməlisən. Bu, yanında olmağa hazır olmayan insanları buraxmanın vacibliyini göstərir.


Səni dışlamağa çalışan, təhqir edən, qəlbinə dəyən, unudan və ya görməzdən gələn insanlara vaxt ayırmaqla, qayğı və sevgini göstərməyə çalışmaqla özünə xidmət etmirsən. Əksinə özünü gərəksiz sərf edirsən. Bunun əvəzində özünü düşün – özünə, öz işlərinə vaxt ayır, qayğı göstər. Özünə sevgiylə yanaş. Özün üçün qiymətli olan başqa işlər gör.

Çətinə, dara düşəndə səndən terapevt və ya yumşaq balış kimi istifadə edənlər, öz gərginliklərinin səbəbini sənə yükləyəcək. Onlarla nə qədər çox təmasda olsan, öz arzularından, işlərindən bir o qədər çox uzaq düşəcəksən. Heç kimə gərəksiz diqqət ayırma, zəng etmə, cavabsız qalacaq sms-lər yazma. Bununla sevdiyin insanla münasibətini pozmuş olmursan.

Bəlkə sən onu axtarmasan münasibətləriniz kəsiləcək. Bu ən doğma biri də ola bilər.Özünü günahkar sayma. Çünki bu qarşılıqsız sevgidir. Münasibətləri yalnız sən qorumağa çalışırsan, öz gücünü sərf edirsən. Sən güzəştə getməklə, hər dəfə layiq olmayan birinə şans verirsən. İstər qardaş, bacı, dost, valideyn, övlad, istər sevgili olsun...fərq etməz.

Anla: həyatında olmağa layiq olmayan o qədər insan var ki! Onlardan uzaq ol.

 

Həyatda sahib olduğun ən dəyərli şey vaxt və enerjindir, çünki hər ikisi məhduddur.

Vaxt və enerjini verdiyin varlıqları, işləri düzgün müəyyənləşdirəcəksən.

Bunu müəyyən etdikdə sərf etdiyin zamanı, enerjini oğurlayanların yanında niyə bu qədər narahat olduğunu anlamağa başlayacaqsan.

Sonra da anlayacaqsan ki, özün və ətrafındakı hər kəs üçün edə biləcəyin əsas şey enerjinizi daha şiddətlə qorumaqdır.

Həyatda səninlə ünsiyyət qurmağa, yanında olmağa can atan o qədər insan var ki! Səninlə vaxt keçirməkdən, söhbətləşməkdən, məsləhətlərini eşitməkdən zövq alanlar da var.


Həyatını yalnız "uyğun" insanlar üçün təhlükəsiz bir sığınacaq halına gətir.

Sən heç kəsin həyatı üçün, heç kəsin özünü saldığı çuxurdan çıxarmaq üçün məsuliyyət daşımırsan.

Başqaları üçün yaşamaq, ömrünü onlara sərf etmək sənin vəzifən deyil. Çünki sən özünü borclu saydıqca sərf etdiklərinin qarşılığını görməmək qorxusunu hiss edəcəksən və bu sənin problemlərinin əsasına dönəcək.

Sənin yeganə vəzifən öz həyatının sahibi olduğunu dərk etmək və sənə dəyər verənlərin sevgisini yaşamaqdır. Bax onda az bir zaman kəsiyində həyatının 100 % necə gözəlləşdiyini hiss edəcəksən. Sənin pozitiv, səni sevən insanların əhatəsində qarşılıqlı xeyirxah münasibətlərin olacaq.

Dəyişməyin sənə layiq olduğun sevgi, hörmət, xoşbəxtlik və inam gətirəcək.

 

 

 

 

 


 

Filip Entoni Hopkins.

 

 

qadinkimi.com