BURA / ORA, QADIN / KİŞİ
Həyatını sənətə çevirən Helen Keller Tarix : 27 Noyabr 2019, 11:00
Yazar : Qadinkimi.com
Baxan korlar, eşidən karlar və danışan lallarla dolu bir dünyada Helen Keller həyatını sənətə çevirmiş möhtəşəm bir insandır. Helen Keller 1880-cı ildə ABŞ-ın Alabama ştatında fermer ailəsində dünyaya göz açıb. 

Lakin19 aylığında qızdırmalı xəstəliyə yaxalanır. Yaşayacağına dair bütün ümidlərin kəsildiyi bir vaxtda yenidən həyata bağlanan Helen bu xəstəliyin izlərini ömür boyu daşımalı olur. Çünki xəstəlik körpənin görmə və eşitmə bacarığını da əlindən alır. 

Sonrakı illər Helen və ailəsi üçün olduqca  çətin keçir. Ancaq ailə mübarizəni davam etdirir. Aparılan bütün müayinələr müalicənin mümkünsüz olduğunu göstərsə də, ailə  doktor Alexander Graham Bellə müraciət edir. Həyatını eşitmə qabiliyyətini itirmiş uşaqların təlim və tərbiyəsinə həsr etmiş, telefonun ixtiraçısı Dr.Bellin təklifi ilə Helen Anne Sullivan adlı bir müəllim ilə çalışmağa başlayır. Bundan sonra baş verənlər isə bir müəllimin qaranlığa və səssizliyə həbs olmuş bir uşağın həyatında nələri dəyişdirə biləcəyinin hekayəsidi... 
 

Sullivan Helenə öyrətmək istədiyi nəsnələri, hansısa bir əşyanı əvvəl əlinə verir, toxunaraq hiss etməsinə, tanımasına kömək edir, sonra da ovcunun içinə həmin əşyanın adını hərflərlə yazırdı. Bu oyun Helenin içindəki öyrənmə istəyini gücləndirir. Daha sonra Helen gözdən əlillər üçün xüsusi  relyef nöqtəli yazı sistemi olan Brayl əlifbasını öyrənir. Önündə yep-yeni bir dünya açılır; dayanmadan oxumağa başlayır. Bir sonrakı hədəfi danışa bilmək idi. 
Aldığı yeni dərslər sayəsində nəhayət, mənalı insan səsləri çıxarmağı öyrənir, həqiqi anlamda bir neçə kəlimə deyə bilir. 
 

1893-cü ildə latınca öyrənməyə başlayır və qısa zamanda latınca kitab oxuyub anlayacaq hala gəlir. 1894-cü ildə Nyu Yorkdakı Wright-Humason Karlar Məktəbinə getməsi qərarlaşdırılır. Bu məktəbin seçilmə səbəbi dodaq oxumanın çox yaxşı öyrədilməsi idi. Helen məktəbdə qaldığı iki il müddətində riyaziyyat, coğrafiya, fransızca və almanca öyrənir. 
 

Sevgili Sullivan xanım isə yenə də Helenin yanındaydı. Dərslərdə deyilənləri Helenin ovcuna yazaraq ona tərcüməçilik edirdi. Oxunması lazım gələn kitab və ya məqalələri Brayl əlifbası ilə yazıb Helenin anlaya biləcəyi vəziyyətə gətirirdi. Universitetə getmək Helenin ən böyük istəyi idi. Əzmli çalışmalarından sonra 1900-cü ilin payızında bu arzusu da gerçəkləşir. 
 

Universitet imtahanında sualları Helenə tərcümə edən təhsil müddətində yanından bir an da olsun ayrılmadan köməyinə çatan, onu imtahanlara hazırlayan yenə də Anne Sullivan idi. Helen 1904-cü ildə universitetdən uğurla məzun olur. O, dünyada universiteti bitirən ilk görmə və eşitmə əngəlli biri olmaqla yanaşı, beş dil bilməsi ilə də hər kəsi heyrətləndirir.

Universitetdə təhsil aldığı illərdə Helen bir tərəfdən də həyatını anlatdığı ilk kitabını yazır. "Həyat hekayəm” (The Story of My Life) adını verdiyi kitab onun bütün ölkədə məşhurlaşmasına kömək olur. Helenin həyatı qısa zamanda bütün dünyanın diqqətini çəkir. Zaman içində kitabın yayılmasını təmin edən tanınmış sosialist tənqidçi John Albert Macy ilə dostlaşır və bu dostluq Annenin onunla evlənməsi ilə davam edir. John sayəsində Helen sosialist düşüncə ilə tanış olur və mövzu ilə bağlı məqalələr yazmağa başlayır. 

1913-cü ildə Sosializm haqqındakı məqalələrini "Qaranlığın içindən” adlı kitabında toplayır. Sonrakı illərdə həyatı bol-bol konfrans gəzintiləri, məqalə və kitab yazmaqla keçir. 

Daha sonra cütlük bir vaudevil (ictimai problemləri satirik yanaşma ilə əks etdirən teatr növü) səhnələşdirməyə başlayır. Bu nümayiş bütün dünyada çox böyük diqqət çəkir. Bu vaudeville səyahətlərində onlar qazandıqları pulları "Amerika Görmə Əngəlliləri Fondu”na bağışlayır. 
 

Helen Keller bütün həyatını və gəlirini görmə əngəlli uşaqların təhsili və inkişafına xərcləyib. 1931-ci ildə gözdən əlillərə kömək etmək məqsədilə qurulan bir cəmiyyət üçün bir milyon dollar yardım toplayır. Daha sonra iki milyon dollarlıq sərmayəsi olan Helen Keller Fondunu qurur. Ancaq o yenə də çalışmalarına davam edir. Helen Keller həyatı boyunca görmə və eşitmə əksikliyinin ona bir əngəl olmasına qətiyyən imkan vermir və hər dəqiqəsini həyat dolu yaşayaraq görən görməyən hər kəsə nümunə olur. Helen Keller:

1964-cü ildə ABŞ-ın ən böyük vətəndaş medalı olan "Azadlıq medalı”nı alıb. 1968-ci ildə iyunun 1-də, yəni 88 yaşında həyatla vidalaşıb. 
Helen Keller həyatı barmaq uclarında hiss edərək yaşayarkən, fiziki əngəlləri olmamasına baxmayaraq "görmədən, hiss etmədən” yaşayanlara belə müraciət edir:

"Təkcə üç gün daha görə biləcəyinizi düşünün. Bütün incəlikləri necə gördüyünüzü anlayacaqsınız. Üç gün də eşidə biləcəyinizi düşünün. Hər bir səsin, hər bir notun necə incəliklə ruhunuza dolduğunu görəcəksiniz. Yaşanacaq üç gününüz qaldığını düşünün. Həyatın bütün saniyələrini necə doya-doya yaşadığınızı görəcəksiniz”. 
 
 
Çevirdi: Xumar Hüseynova
qadinkimi.com