QADIN / KİŞİ
Həyatı məhv olanlar Tarix : 25 Yanvar 2022, 20:30

"Qollarıma vurma, uşaqlarıma baxa bilmərəm".

Əri dəfələrlə atəş açmazdan əvvəl Arzu Bozdaş bu sözləri demişdi.

Əri Arzunu o qədər pis yaralayıb ki, qollarını itirib, üstəlik, hər iki ayağını kəsməli olublar.

"Boşanmaq üçün ölmək" ("Dying to Divorce") filmi rəsmi olaraq "Ən yaxşı beynəlxalq uzunmetrajlı film" və "Ən yaxşı sənədli film" nominasiyalarında Oscar mükafatına namizəd göstərilib. Britaniyanın Oscar mükafatına namizəd olan aşağı büdcəli sənədli filmində Arzu Bozdaşın həyatından da bəhs edilir.

Uelsin Powys şəhərindən olan rejissor Chloe Fairweather Türkiyədə qadın qətllərinin artmasına həsr olunan filmi 5 ilə çəkib.

 

Türkiyədə qadınların üçdə birindən çoxu məişət zorakılığına məruz qalır. Bu, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında ən yüksək göstəricidir.

Türkiyədə insan haqları müdafiəçilərinin məlumatına görə, bu il ən azı 345 qadın öldürülüb.

"Həyatımı məhv etdi"

Arzu 6 uşağının atası olan ərindən boşanmaq üçün məhkəməyə getdiyi gün ağır yaralanıb və həyatı tamamilə dəyişib.

O deyir ki, məşuqəsi olduğu üzə çıxandan sonra həyat yoldaşı boşanmaması üçün ona yalvarıb, amma sonradan qarşılıqlı razılıq əsasında ayrılmağa razılıq verib.

Amma həmin gün onun yanına ov tüfəngi ilə gəlib.

Bacısının evində yaşayan Arzu həmin gün başına gələnləri belə xatırlayır:

"Dedi ki, yerə uzan və ayaqlarını uzat. Səni öldürmək üçün yox, süründürmək üçün vuracam".

Arzu imtina etdikdə əri onun hər iki ayağına atəş açıb.

Arzu deyir ki, ərinə onu vurmaması üçün yalvarmayıb: "Qollarım üçün yalvardım. Dedim ki, qollarıma vurma, uşaqlarıma baxa bilməyəcəm. Əlil arabasında da olsam, onlara qulluq edə bilərəm, amma qollarım olmasa, neyləyərəm?"

Əri isə onun qollarına atəş açıb.

Arzunun ayaqlarını kəsməli olublar, əlləri yararsız hala düşüb.”Həyatımı məhv etdi” deyir Arzu.

 

 Arzu

 


Atası Ekrem Cansever Arzunu 14 yaşında ərə verəndən sonra "çox peşman" olduğunu deyir:

"Onu gənc yaşda ərə verdiyim üçün özümü günahkar hiss edirəm. Uşaqlarımın həyatını məhv etdim. Nə olsun ki, adət belədir?"

 

Bozdaş isə hökuməti günahkar hesab edir: Bozdaşa 20 il həbs cəzası verilib.

 

 

Kübra əri ilə tanış olub evlənmək üçün Türkiyəyə qayıtmazdan əvvəl Londonda - Bloomberg-də işləyən uğurlu bir xəbər aparıcısıydı.

O, beyin qanaması keçirib və qızlarını dünyaya gətirəndən iki gün sonra bu vəziyyətə düşüb. Onun sözlərinə görəhəyat yoldaşı Neptun aralarındakı mübahisədən sonra onun başına 4 zərbə endirib. Neptunsa Kübranın vəziyyətinin keysəriyyə əməliyyatına görə pisləşdiyini deyir.

"Boşanmaq üçün ölmək” filmi çəkiləndə bu hadisədən 2,5 il keçmişdi.Hazırda o ailəsiylə yaşayır, əlil arabasından istifadə edir və danışmağı öyrənir. Kubranın ailəsinin həftədə üç dəfə nəvələriylə görüşmək hüququ var, Neptunun ailəsi isə buna icazə vermir.

"Boşanmaq üçün ölmək" filmində Kübranın qəyyumluq uğrunda mübarizəsi və məhkəmədə ifadə vermək üçün yenidən danışmağı öyrənmək cəhdləri təsvir edilir.

Məhkəmə ərinə şiddətə görə 15 ay həbs cəzası kəsib.

 

ƏDALƏTSİZ SİSTEM

 

Bənzər hekayəli bir çox qadına dəstək verən, məişət zorakılığı aktivisti və Kübranın vəkili İpek Bozkurt Türkiyənin ədliyyə sistemini tənqid etdiyi üçün həbs olunmaq qorxusuyla işinə davam edir:"Bu ölkə arvadlarını, qızlarını və ya əvvəlkindən fərqli yaşamaq istəyən rəfiqələrini cəzalandırmaq istəyən qatilləri qoruyur. Siz bu sistemin nə qədər ədalətsiz olduğunu görürsüz və bununla mübarizə aparmalısız"

 

Beynəlxalq Amnistiya Təşkilatına görə, Türkiyədə məhkəmə sistemi ədalətli qərarlar qəbul etmir və beynəlxalq insan haqları hüququyla qorunan fəaliyyətləri cəzalandırmaq üçün "geniş tövsifli terrorla mübarizə qanunlarını" tətbiq edir.

Təşkilat qeyd edir ki, jurnalistlər, siyasətçilər, fəallar, sosial media istifadəçiləri və insan haqları müdafiəçiləri real və ya iddia edilən müxalifətçiliyə görə məhkəmə təqibləriylə üzləşirlər.

Mart ayında Türkiyə məişət zorakılığının qarşısını almağı, mühakimə etməyi və aradan qaldırmağı nəzərdə tutan İstanbul Konvensiyasından imtina etmişdi.

Mühafizəkarlar iddia edirlər ki, konvensiyadakı gender bərabərliyi və cinsi oriyentasiya əsasında ayrı-seçkiliyə yol verilməməsi kimi prinsiplər ailə dəyərlərinə xələl gətirir və homoseksuallığı təşviq edir.

Filmin rejissoru Chloe Fairweather və prodüseri Sinead Kirwan ölkənin keşməkeşli dönəmlərində qadınların ədalət mübarizəsini izləmək üçün 5 ili Türkiyəyə gedib gəlməli olublar.

 

 

 Chloe Fairweather


"Mən hekayənin təcili yayımlanmalı olduğunu hiss etdim, bu da filmin çəkilməsinə böyük təkan verdi. Qadınlar çox ilhamverici idilər - həyatlarını dəyişir, irəliləyir, inanılmaz çətinliklərin öhdəsindən gəlirdilər və bu çətinliklər qarşısında daha da güclənirdilər" - Chloe Fairweather belə deyir.

"Belə bir film çəkəndə özünüzü bir az zidd, tam bir məzlum kimi hiss edirsiz. Ona görə də təəccübləndik, amma filmin bu şəkildə tanınmasına və problemin həqiqətən də vacib bir məsələ kimi qəbul edilməsinə şadıq".

 
 
qadinkimi.az