QADIN / KİŞİ
Hər kəsə ümid işığı olan 10 güclü qadın hekayəsi Tarix : 14 Dekabr 2019, 12:37
Yazar : Qadinkimi.com
Təəssüf ki qadınlara göstərilən şiddət gün keçdikcə daha da artır. Dünyada və Azərbaycanda qadınlar hər gün istər həyat yoldaşları, istərsə də digər kişi ailə üzvlərinin şiddətinə məruz qalır. Əksər hallarda şiddət xəyanət və təhqirlə də müşayiət olunur. Ancaq bu vəziyyətdən qurtulub uğurlara imza atan qadınlar da az deyil. Onları sizə təqdim edirik. 

Frida Kalo (Frida Kahlo)
 


Meksikalı məşhur rəssam Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. Baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirir və uzun müddət yatağa bağlı yaşamağa məcbur olur. Bu müddətdə çox dəyər verdiyi sevgilisi Dieqonun xəyanəti ilə daha da sarsılır. Sevgi və inqilab qadını hesab edilən Frida yaşadığı bu uğursuzluqlara əhəmiyyət verməyərək bütün hisslərini rəsmlərinə köçürür. Onun rəsmləri bu gün də bütün dünya muzeylərində nümayiş olunur. 

Malala Yusufzay (Malala Yousafzai)
 


Pakistanda Taliban hökumətinin qadınların təhsil haqqını əllərindən almasından sonra sonuna qədər mübarizə aparan Malalanın hekayəsi bütün qadınlara ilham olmalıdır. Mübarizəni əsla əldən buraxmayan bu bacarıqlı qadın bir müddət sonra hökumətin hədəfinə çevrilir və terroristlərin hücumuna məruz qalır. O, heç bir halda təslim olmur və qazandığı mükafatla Pakistanda qız uşaqları üçün bir məktəb açır. Bundan əlavə, "Mən Malala” adlı kitabında da onun sırf qadın olduğuna görə məruz qaldığı saysız-hesabsız haqsızlıqla mübarizəsini və əldə etdiyi zəfərləri oxuyanda sizin də ümidinizin artacağına əminik. 

Ayşə Tükrükçü
 


Qonşu Türkiyədə də uğur hekayələri yazmış və yazmaqda olan yüzlərlə, minlərlə qadın var. Bunlardan biri də Ayşə Tükrükçüdür. O, uşaqlığında əmisinin təcavüzünə məruz qaldıqdan sonra ərinin fahişəxanaya satdığı bir qadındır! O, eyni zamanda günlərlə, həftələrlə xəstəxanalarda yatmaq və restoranların artıq yeməkləri ilə qidalanmaq məcburiyyətində qalan bir qadındır! Amma bütün bu uğursuzluqlara rəğmən Ayşə Tükrükçü ayaqda qalmağı bacarmış bir insandır. O, kimsəsizlərə və küçədə yaşamaq məcburiyyətində qalanlara könüllü yemək paylama kampaniyasına başlayır. Kampaniyanı böyüdərək "Həyata bağlan” adlı restoran ("Hayata Sarıl Lokantası”) açır. Bu gün sözügedən restoran İstanbulda Beyoğlu səmtində fəaliyyət göstərir. 

Liz Murrey (Liz Murray)
 


Şiddət təkcə fiziki və ya cinsəl olmur. Psixoloji şiddət və müdafiəsiz şəraitdə yaşamaq məcuriyyətində buraxılmaq da bir şiddət növüdür. Liz ata və anasının narkotik istifadəçisi olduğu bir ailədə doğulub. Valideynlərinin ayrılması və maddi çətinliklər nəticəsində bir müddət parklarda təkbaşına yaşamağa məcbur qalıb. Ancaq bir gün Nyu York qəzetinin başlatdığı bir hekayə yarışmasına qatılaraq 12 min dollarlıq burs qazandıqdan sonra həyatı tamamilə dəyişib. Liz Harvard universitetində təhsil alıb. O, hər zaman çıxışları ilə insanlara ümid paylayır.

Raşel Vilyams (Rachel Williams)
 


18 il boyunca (hətta hamiləlikdə də) həyat yoldaşının şiddətinə məruz qalan Raşel Vilyamsın yaşadıqları inanılmazdır. Aralarındakı şiddətli münasibətə əvvəllər çox da əhəmiyyət verməyən Uilliams həyat yoldaşından illər boyunca şiddət görür. Bu evlilikdən doğulan övladı Jak (Jack) isə intihar edir. Sonralar Vilyams özündə güc tapır və onun kimi travma almış bir çox insana kömək etmək məqsədilə "Güvənli həyatlar” (Safe Lives) adlı dərnək qurur.  

Xədicə Nur Uzgenç (Hatice Nur Uzgenç)
 


Növbəti qadın izmirli Xədicə Nur Uzgençdir. O, gənc yaşda evləndiyi şəxsdən illərlə şiddətin bütün növlərini görüb. Uzgençin bu evlilikdən əkiz qız övladları doğulub. O, övladlarına yaxşı gələcək qurmaq ümidilə kosmetik vasitələr satmağa qərar verir. Bu fədakar qadın əsla mübarizəsini dayandırmır və işini genişlədərək 22 şəhərdə 6 şöbəyə və 100 minə yaxın üzvə sahib olur. Uzgenç "Güclü Qadın Dərnəyi”ni quraraq bir çox qadının peşə sahibi olmasına və iş həyatına qatılmasına yol açıb.   

Ümmiyə Koçak
 


Türkiyənin Mersin şəhərinin bir kəndində yaşayan 62 yaşlı Ümmiyə Koçak kənddə yaşayan digər insanlardan fərqli olaraq ibtidai sinifi bitirməklə kifayətlənməyərək yüzlərlə kitab oxuyub. Maksim Qorkinin "Ana” kitabı ilə başlayan oxuma həvəsi getdikcə daha da artıb. Artıq Koçak motivasiya çıxışları etmək üçün müxtəlif tədbirlərə dəvət olunur. Bunlarla kifayətlənməyərək o, kəndində "Arslanköy Qadınlar Teatr Cəmiyyəti”ni quraraq digər qadınların da inkişaf etməsinə dəstək olmaq istəyir.  

Nalan Turkeli
 


Nalan 12 yaşında anasını itirib. 14 yaşında zorla evləndirildikdən sonra xərçəng xəstəliyindən əziyyət çəkən övladını da itirib. O, "bundan daha pis nə yaşaya bilərəm” deyərək mübarizəyə davam edən güclü qadınlardan biridir. İstanbulda səyyar satıcılıqla məşğul olan Turkeli yaşadıqlarını kitabında qələmə alıb. Onun kitabları fransız dilinə də tərcümə edilib. 

Rut Orkin (Ruth Orkin)
 


Amerikalı fotoqraf Rus Orkin media sektorunda hər zaman kişi həmkarlarnın təzyiqi və ayrı-seçkilik ilə qarşılaşıb. Ancaq o bütün maneələrə rəğmən karyerasında böyük bir sıçrayış edib və çəkdiyi fotolarla bu gün də insanların qəlbində yaşayır. 

Hante Mak Qredi (Hunter McGrady) 



"İncəbel, dolğun dodaq və ya 90-60-90” kimi saysız-hesabsız bədən ölçüləri qadınlar üzərində təzyiq qurmağa davam edir. Kaliforniyada doğulan və hər zaman modellik xəyalları quran, ancaq çəkisinə görə bir çox agentlik tərəfindən rədd cavabı alan bu xanım başlanğıcda ümidsizliyə qapılır. Ancaq 19 yaşında böyük bədən modellik deyilən bir şeyin olduğunu öyrənir və ilk addımlarını ataraq böyük uğurlara imza atır.



Çevirdi: Xumar Hüseynova
qadinkimi.com