Mavritaniya, Qərbi Saxara və Mərakeşin cənubundakı ucqar yerlərdə qız uşaqlarına gün ərzində 16000 kalori qəbulunu nəzərdə tutan "leblouh” adlı ənənə haqda bəlkə də eşitməmisiniz...
"Leblouh” adlı qəddar ənənəyə məruz qalan gənc qızlar hər gün yüksək kalorilər qəbul etməyə məcbur edildikləri xüsusi düşərgələrə göndərilir.
Bilindiyi kimi Afrikada qəbilələrin əksəriyyəti patriarxal xüsusiyyətlərə sahibdir. Bu qəbilələrdə bir çox zərərli ənənənin yükünü də əksər hallarda məhz qızlar və qadınlar daşıyır. Məsələn, Malaviya, Kenya və Uqanda kimi ölkələrdə "cinsi təmizlənmə” adı verilən qorxunc bir ənənə ilə yeniyetməliyə qədəm qoyan, həyat yoldaşını itirən və ya abort etdirmiş qadınlar cinsi münasibətə məcbur edilir. Bundan əlavə, bir başqası da "qadın sünnəti” adlandırılan ənənədir. "Qadınlığa keçiş törəni” adı altında qadın klitoru kəsilir.
"Leblouh” təxminən 5 yaşdan başlayaraq kiçik qızları evliliyə hazırlamaq məqsədilə onlara zorla yemək yedirtmə prosesidir. Mavritaniyanın bəzi bölgələrində kilolu qadınların daha cazibədar olduğuna və yüngül çəkili qadınların isə evliliyə daha az layiq olduqlarına inanılır. Qəribə burasıdır ki, "leblouh” adəti ölkədə bu günə qədər rəsmi olaraq heç vaxt qadağan edilməyib.
Bu qəddar ənənəyə əsasən kilo alma düşərgələri "kökəldənlər” adlanan yaşlı qadınlar tərəfindən idarə edilir.
CNN müxbiri Mumamməd Yəhya Abdul Vedoud (Mohamed Yahya Abdul Wedoud) bu ənənə ilə bağlı gördüklərini danışır:
"Bu gün gənclər olaraq cəmiyyətə zərər verən bu ənənəyə son qoymaq bizim borcumuzdur”. İstəmədiyi halda zorla kökəldilən günahsız o qədər gənc qadın tanıyıram ki. Əksəriyyəti də bir müddət sonra xəstəliklər tapır. Onların əksər hallarda qan dövranı, təzyiq və ürək xəstəlikləri ilə mübarizə apardıqlarını görəndə üzülürəm”.
Mint Əhməd dediklərinə bu fikirləri də əlavə edir: "Mavritaniyadakı gənc qadınların əksəriyyəti "leblouh” ənənəsinə məruz qalırlar. Yüksək miqdarda qida qəbul etməyə, keçi və ya inək südü içməyə məcbur edilirlər”. O, eyni zamanda yeməklərini bitirməyən qadınların davamlı sözlü və fiziki şiddətə məruz qaldıqlarını da bildirib.
Mintin dediklərinə görə, o düşərgələrdə nizam-intizamı qorumaq üçün istifadə olunan metodlardan biri gənc qızların ayaq barmaqlarının çubuqlara bağlanmasıdır.
Bu qadınlar gündəlik kalori qəbulunu 16000-ə çatdırmağa məcbur edilir. Əksər hallarda qusma həddinə çatırlar. Adətən gün ərzində dörd dəfə qidalanırlar. Səhər yeməyində gənc qadınların əksəriyyəti dəvə südü ilə bərabər zeytun yağına batırılmış çörək yeyir. Gün ərzində çörək, keçi əti, əncir, kuskus və dəvə südündən hazırlanan müxtəlif qidalar qəbul edirlər.
Tijanniya Mint Tijani də zorla kökəldilmə düşərgələrinə göndərilən gənc qadınlardan biridir: "Anam dedi ki, özün kimi gənc qadınlarla tanış olmaq və çox şirin qidalar qəbul etmək üçün tətilə gedirsən”. O, əvvəllər düşərgəni həyəcanla gözlədiyini deyir: "Anam evə çox gözəl bir qadın olaraq qayıdacağımı dedi”.
Ancaq 10 gün sonra 14 yaşlı Tijanniya Saxara çölündə qum daşlarından tikilmiş qapalı bir daxmada yaşamağa məcbur edilir. Daha artıq qida qəbulunu rədd etdiyi üçün 50 yaşlı Aminetou Elhacen tərəfindən tez-tez fiziki şiddətə məruz qalır. Bundan əlavə, əgər qusarsa Mint Elhacen onu qusduğunu yeməyə də məcbur edib. "Məqsədləri qızları vücudları şar kimi partlayana qədər yedirtməyə davam etmək idi” deyir.
Tijanniya bu müddət ərzində mədəsinin çox zərər gördüyünü bildirir: "Şişman olmamağı istəyərdim. Çox da xoşagələn hal deyil. İndi o gəzinti adı ilə göndərilən qızların əvvəllər daha gözəl olduqlarını yaxşı anlayıram. İdmanla məşğul olmağı çox sevirəm. Kilolu olanda sürətli qaça bilməməkdən qorxuram”.
Tijanniya fransız dili müəlliməsi olmaq istəyir. Ancaq Elhacen ailəsinin çoxdan onun üçün bir evlilik təşkil etdiyini deyir: "Mənim edəcəyim yeganə iş uşaq doğub, həyat yoldaşımın başını dayaya biləcəyi sağlam bir çiyin olmaqdır”. O deyir ki, qarnı böyük, ayaqları iri və boynunun ətrafında da qalın qatlar olmalıdır: "Əgər bir də çatlaq izləri olarsa, oğlan evinin ailəsi mənim ailəmə daha artıq pul ödəyəcəklər”.
Bu xoşagəlməz təcrübənin bir başqa qurbanı da Souadou İsselmou adlı qızdır. O, qutularla dolu taxıl yeməyə məcbur edildiyində, buna o qədər əsəbləşib ki, bir qismini qoltuq altına yerləşdirərək gizlədib və sonra da tualetə atıb: "Paltarımın altında saxlamağa çalışırdım” deyir. "Bəzən bundan xəbərləri olurdu, amma yenə də bir qismini atmağın bir yolunu tapırdım”.
Thomson Reuters Vəqfinə verdiyi müsahibəsində yeddi yaşından bəri ailəsinin gündəlik olaraq ona iki qab taxıl və kuskus gətirdiyini deyib: "Bunun sayəsində kişilər mənimlə evlənmək istəyəcəkdilər. 13 yaşlı qohumumla evləndim və bir il sonra uşağım oldu”
Təəssüflər olsun ki, Mavritaniyada bu ənənənin çox sayda dəstəkçiləri də var. 55 yaşlı Achetou Mint Taleb belə deyir: "Mən şəxsən qızları kökəltməyin bir ehtiyacdan daha artıq olduğuna inanıram. Arıq qızlar ailələrinə və hətta qəbilələrinə utanc gətirirlər. Bundan əlavə, onların cəmiyyətdə hər hansı bir kişiyə cəlbedici görünməsi də çox çətindir. İki qızım var idi və onları 8 yaşından 10 yaşına qədər kökəltdim. İkisi də çox böyüdülər, tez də evləndilər və hələ 10 yaşına çatmadan uşaqları da oldu. İndi ailələri ilə birlikdə yaşayır, həftə sonları da məni görməyə gəlirlər. Etdiklərimlə qürur duyuram”.
Göründüyü kimi, Afrikada bu qadınlar öz bədənləri üzərində heç bir söz haqqına sahib olmadan bu həyat tərzini yaşamağa məcbur qalıblar. Ən ağırı isə bu qadınlar ciddi sağlamlıq problemləri ilə üz-üzə qalıb.
Ümid edək ki, bu zərərli ənənə yaxın zamanda beynəlxalq aləmin diqqətini öz üzərinə çəkə biləcək. Qadınları təzyiq və nəzarət altında hiss etdirən digər ənənələrə qarşı olduğu kimi, bununla da ciddi bir mübarizə aparılacaq.
Çevirdi: Xumar Hüseynova
qadinkimi.com