Hər dörd yeniyetmədən biri smartfon ekranı qarşısında keçirdiyi zamana nəzarət etmək qabiliyyətində deyil
Yeniyetmələrin dörddə birində smarfondan - ağıllı telefondan asılılıq müşahidə edilir: smartfondan uzaq qalmaq onlarda psixoloji diskomfort yaradır - onlar əsəbi olurlar və panika keçirirlər. Bundan başqa, belə yeniyetmələr ekran qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər.
Bu narahatedici qənaəti Londonun Kings College Universitetinin araşdırmaçıları səsləndiriblər. Alimlər xəbərdarlıq edirlər ki, belə asılılıq psixoloji sağlamlığa ciddi zərər vura bilər.
Ağıllı telefonlardan fasiləsiz istifadə yeniyetmələrdə stres və depressiv pozuntular əmələ gətirir, yuxusuzluğa və təhsildə uğursuzluqlara səbəb olur.
"BMC Psychiatry" tibb jurnalında dərc edilmiş hesabatda alimlər 42 min yeniyetmənin iştirak etdiyi 41 araşdırmanın göstəricilərini təhlil ediblər.
Məlum olub ki, yeniyetmələrin 23 faizində smartfondan asılılıq siptomu var, onlar smartfon ekranı qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər və bu, uşaqları daha faydalı məşğuliyyətlərdən uzaqlaşdırır.
Risk qrupuna kimlər daxildir?
Smartfonlar 2011-ci ildə kütləvi satışa çıxarılıb və o vaxtdan bəri onlardan istifadə göstəriciləri durmadan artır. "BMC Psychiatry" jurnalı yazır ki, uşaqlar 11 yaşdan etibarən şəxsi smartfona sahib olurlar.
Smartfonlardan kütləvi istifadənin başladığı vaxtdan etibarən yeniyetmələrdə psixi pozuntu halları da artmağa başlayıb.
Oğlanlara nisbətdə daha çox qızlarda smartfonlardan asılılıq müşahidə olunur
Hesabatda qeyd edilib ki, 17-19 yaş aralığındakı qızlar oğlanlarla müqayisədə mobil qurğulardan daha çox asılıdırlar. 17 araşdırmadan 13-ü bu mənzərəni ortaya çıxarıb.
Qızların sosial şəbəkələrdən asılılığı daha çoxdur, gənclər əsasən oyunlara meyl edirlər.
Alimlər bildirirlər ki, smartfonlardan asılılıq təkcə psixoloji problemlərlə yekunlaşmır, belə yeniyetmələr həm də spirtli içkilərə və tütün məhsullarına, o cümlədən, düşünülməmiş və gərəksiz alış-verişə həvəs göstərirlər.
Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, psixoloji pozuntular yeniyetmələrin sonrakı həyatında faciəvi izlər buraxa bilər.
Buna görə də alimlər mobil cihazların sağlamlığa mümkün uzunmüddətli təsirini azaltmaq və psixi pozuntuların sonrakı nəsillərə keçməsini önləmək üçün smartfonlardan psixi asılılığı qiymətləndirmə metodlarını hazırlamağı təklif edirlər.
Psixoloji pozuntular yeniyetmələrin sonrakı həyatında faciəvi izlər buraxa bilər
"Smartfonlar həyatımızda olmaqda davam edəcəklər, ona görə də onların hansı problemlərə yol açdığını bilməyimiz lazımdır" - hesabat müəlliflərindən biri Nicola Kalk belə deyir.
Mənbə: bbc.com
Qadinkimi.com