BURA / ORA
Həmidə Ömərova: "Haqqını istədiyi üçün o qadını dəlixanaya salıblar" MÜSAHİBƏ Tarix : 03 Dekabr 2019, 10:55
Yazar : Qadinkimi.com
 

"Regionlarda vəziyyət acınacaqlıdı. Təkcə bizdə yox, Şərq olkələrində belədi".


Vaxtının məhdud olduğunu bilirdim. Elə buna görə də birlikdə olacağımız bir tədbirdə 30 dəqiqə vaxt istəmişdim. Çox sağ olsun razılaşdı. Tədbir bir saat olar başlamışdı. Mənimsə gözüm qapıda idi. Gələcəyini bilirdim. Həmidə xanım sözü bütöv insanlardandı. Gəldi.  Kənar otağa keçib söhbətə başladıq...

Həmidə xanım, sizcə, insanlar  feminizm anlayışına necə yanaşır?

    - Çox şey dəyişib. Əzəldən cəmiyyətlər feminizmdən xoşlanmırdı. Çünki  bunun əsasında qadınların öz azadlıqları uğrunda mübarizəsi dayanırdı. Uzun sürən bu mübarizə sonradan ədəbiyyatda, teatrda və kinoda da öz əksini tapdı.  80-ci illərdə bu hərəkat daha da gücləndi. Meril Strip, Syüzan Sarandon kimi məşhur aktrisalar bu hərəkata qoşuldular.  Feminizm mövzusunda  rejissor, aktyor Martin Skorsezenin  "Alisa burada yaşamır” filmi çəkildi. Hətta antifeminizm mövzusunda  Robert Bentonun "Kramer Kramerə qarşı” filmi də çəkildi. Guya feminizm ailələrin dağılmasına gətirib çıxardır, uşaqlar ortada qalır.  Bu filmdə mənim çox sevdiyim aktyor Dastin Hoffman və aktrisa Meril Strip çəkiliblər. Çox təsirli filmdir. Qadın öz azadlığı uğrunda mübarizə aparır. Öz sevdiyi sənətlə məşğul olmaq üçün nələrdən keçir, amma  günahlandırılır.  İndi balans nisbətən düzəlib. Artıq qadınlar özlərini cəmiyyətdə təsdiq ediblər.  Amerika Kino Akademiyasının prezidentlərindən biri aktrisa  Bett Deyvis olub.  Qadınların mübarizəsi boşuna olmadı.  Özlərini sübut etdilər. Rəhbər vəzifədə işləyib kişilərlə bərabər uğurlara imza atdılar.

İlk feminist rejissor  Jermen Dyulak  kimi..

    - Bəli.  Jermen Dyulak (Germaine Dulac) ilk feminist qadın rejissoru kimi üç qısametrajlı  səssiz film çəkir.  Mövzusunu bu səssiz filmlərdə açıb göstərə bilir. İlk qadın rejissor və ilk feminist rejıssor olan  Jermen Dyulak  yaradıcılığında  üç vacib xətt olub.  Məzmunca - feminizm, janr - sürrealizm, metod- freydizm. İlk feminist film onun çəkdiyi  "Gülümsəyən madam Byöde” di.  İllərlə sürən   sevgisiz nigah, darıxdırıcı, melanxolik həyat tərzindən yorulan madam Byöde  yaratdığı  xəyallar aləmində gizlənir.  "Gülümsəyən Madam Byöde” filmi kinematoqrafiyada  feminizmın yaranması üçün qoyulan ilk daşlardandı.  Feminizm mövzusuna təkcə qadınlar deyil, kişilər də müraciət edir. Bizdə də Cəfər Cabbarlı  bir çox qadın obrazları yaradıb.  Bu obrazlarla qadınların hüquqlarını necə qoruduqlarını açıb göstərir.  Həm də öz istəklərini bu obrazlar vasitəsi ilə çatdırır.  Cəfər Cabbarlının əsərləri də ekranlaşdırılıb.

Həmidə xanım,  qadın hüquqları deyəndə nədən danışılıb?  Hər şey nədən başlayıb? 

    - Müxtəlif istiqamətdə olub. Klara Setkinin rəhbərliyi ilə olan hərəkatda qadın əməyinə düzgün qiymət verilməməsi əsas yer tuturdu. Qadınlar kişilərlə eyni işlədiklərinə baxmayaraq  onlardan 2-3 dəfə az əmək haqqı alırdılar. Hər şey əmək haqqından başladı. Qadın nəhayət anladı ki, onun hüquqları pozulur. Amma bu tək əmək haqqının azlığına olan etiraz deyildi. Bütün ailənin, uşaqların yükü qadının çiyninə düşdüyünə görə o öz sevdiyi işi, sənəti ilə də məşğul ola bilmirdi.  Elə bir mərhələ gəlib çatdı ki, qadınlar təkcə maddi deyil, mənəvi hüquqları uğrunda da mübarizə aparmağa cəsarət tapdılar. Onların bu etirazlarına kişilər qısqanclıqla yanaşırdı.  Kim nə deyir desin... Kişilər... Kişilər ağıllı qadınları sevmirlər ( gülümsəyir). Kişilərin feminizmə münasibəti o zamandan kəskinləşdi ki, artıq qadınlar cəmiyyətdə öz sözlərini deməyə başladılar.  Onlarda  qorxu yarandı.  Belə getsə, qadınlar çox irəliləyəcək.  Bu qorxuları da həyata keçdi.  Həqiqətən də qadınlar həm cəmiyyətdə,  həm  ailədə çox böyük nüfuz qazandılar. Bundan sonra feminizmi  elə qələmə verməyə başladılar guya kişilərə qarşı cərəyandı.  Amma  bu hərəkat yalnız hüquq bərabərliyi demək idi, başqa heç nə...

Həmidə xanım, sizə müraciət etməyim səbəbsiz deyil.  Feminizm mövzusuna toxunan çox az  yaradıcı insanlardansınız.

    - Əslinə qalanda  nəzərdə tutduğunuz 18 il bundan əvvəl yazdığım kitab da deməzdim kitabçadı.  Azərbaycan və dünya kinosunda feminizm haqda yazmışam.  Bu mövzunu geniş şəkildə işləmək istəyirəm. Hazır olanda bu barədə bir də danışarıq. Bir nüansı qeyd etmək istəyirəm, yazdığım kitabların da, hekayələrin də qəhrəmanları qadınlardı.

İllər öncə qadın taleləri ilə bağlı bir ssenari yazırdınız. Yarımçıq qaldı deyəsən..

    - Xeyir,  yarımçıq qalmayıb.  "Mən öləndən sonra xoşbəxt idim” adlanır. Artıq müəlliflik hüququnu da almışam. Müasir dövrdəki ailələrdə olan qadın-kişi, valideyn - övlad münasibətlərindən bəhs edən ssenaridi. Onu qeyd eləmək istəyirəm ki, ssenaridə olan obrazlar mənim real həyatda tanıdığım insanlardı. O insanların üz cizgilərini, mimikalarını belə təsvir etməyə çalışmışam. Dramatik ssenaridi. Həmişə şikayət etmişəm ki, kinomuzun ən mənfi cəhəti  güclü, xarakterik qadın obrazlarının azlığı, hətta olmamasıdı. Kinomuzda qadın obrazları ən çox epizodik olur. Olanda da müsbət xarakterli. "Ən yaxşı” kimi təqdim edilir. Reallıqda insanlar tam müsbət olmur. Həm də mənfi xarakterlər yaddaşlara həkk olunur. Hər bir aktrisanın arzusu belə güclü xarakterik obrazlar yaratmaqdır. Yazdığım bu ssenaridə ürəyimdə olanları rellaşdırmaq istəyirəm.

Bu  mövzuya toxunmaq istəyirdim. Kinomuzda qadın baş qəhrəman niyə yoxdur?

    - Qadın öz hüquqlarını bərpa edənə qədər çox uzun bir yol keçib. İndi qadınların bu mövqeyə sahib olmalarına görə böyük qurbanlar verilib. Hollivud  aktrisası Frances Farmer  hüquqlarını tələb etdiyi üçün onu zorla "dəlixanaya",  psixiatriya xəstəxanasına yerləşdirirlər.  Rol seçmək haqqını tələb etməsinə, verilən rolları birmənalı olaraq qəbul etməyə məcbur olunmasına  etirazları "aktrisa kaprizi” kimi yozulub.  Səhərə qədər çəkilişlərdə olan aktrisa, 2-3 saatdan sonra yenidən çəkilişə çağırılırdı. Fiziki gücü çatmadığından bəzən gələ bilmirdi.  Buna qarşı çıxanda isə onunla  amansız rəftar edirlər.  Bütün həyatını məhv edirlər. Sonradan  Francesin acı taleyi haqda filmlər çəkilib, kitablar yazılıb. Yüzlərcə belə qurbanlar var.  Görünür, hələ bu sahədə işlər bitməyib. Bu yaxınlarda da Hollivud aktrisaları cinsi istismara sürükləndiklərinə qarşı kütləvi etiraz etdilər. Bayaq qeyd etdiyimiz mövzuya gəlincə,  bizdə qadın film qəhrəmanları yoxdur. Bunu da biz etməliyik yəqin (gülümsəyir). Edəcəyik. Kişilər bu haqda ssenari yazmırlarsa, özümüz yazmalıyıq. "Mən öləndən sonra xoşbəxt idim”  buna bir başlanğıc olar.

Bizim cəmiyyətin ümumi mənzərəsində  vəziyyət necədi?

    - Regionlarda vəziyyət acınacaqlıdı. Təkcə bizdə yox,  Şərq olkələrində belədi.  Mərkəz şəhərlərdə qadınlar azaddılar.  Nə yazıq ki, regionlarda belə deyil.  Keçən il İranda keçirilən Beynəlxalq "Fəcr”  festivalına münsif kimi dəvət aldım. Orada nümayiş olunan Şərq filmlərində göstərilən qadınlar hüquqsuzdular.  Mövzu əsasən regionda yaşayan qadınlara həsr olunub.  Ən boyük faciələr də regionlarda baş verir. Eynilə bizdə olduğu kimi. İnsanın hüququ  yoxdusa,  vəziyyət ürkaçan  olmur.

Ölkədə ilk feminist saytı olan qadınkimi.com-un ikinci müsahibisiz.   Ölkənin tanınmış feministi kimi xeyir - duanızı almış oluruq.  

    - Mən bu hadisəyə çox sevindim. Bəli, bu hadisədir.  Ölkədə ilk feminist sayt yarandı. Düşünürəm çox iş görə bilərsiniz. Şansdı. Gözəl şans Sizin qismətinizə düşüb.  Maarifləndirmə və bir də maarifləndirmə. Əsas budur. Əminəm ki, bu sahədə çox gözəl nəticələr əldə edəcəksiniz. Nəhayət hamı anlasın ki, feminizm kişilərə qarşı hərəkat deyil. Ayrı mövzudu. Feminizm qadın - kişi hüquq bərabərliyidi. Bu qədər sadə, bu qədər gözəldi. Sizə bu yolda uğurlar arzu edirəm.

Burada yazmadığım bəzi məqamları ümumiləşdirmək istəyirəm.  Qarşımda  böyük insan vardı. Dolğun, ciddi yaşantılarla dolu  ömür sürən aktrisa. Həmidə xanım o gün xüsusi hazırlaşmışdı. Anar Atakişiyev gözəlliyinə gözəllik qatmışdı. Amma  stilist onun qayğılı, qəmgin gözlərini gizlədə bilməzdi. Uzun illərin azadlıq, sənət yaşantısı bütün Azərbaycanı məftun edən gözlərindən eləcə baxırdı... Sevimli sənəti ilə məşğul olmağa icazə verdiyi üçün həyat yoldaşına minnətdarlıq hissi duyan  feminist... "İlk” lərə imza atan Həmidə Ömərova.  Dediklərini həyatında nə qədər tətbiq edə bilmişdi?.. Bunu duydum, yazmadım. Bəzi şeylər sadəcə duyulmaq üçündü.   
 

Hazırladı: Flora Hüseynova