BURA / ORA
Çirkli hava depressiya riskini artırır - Araşdırma Tarix : 24 Dekabr 2019, 22:12
Yazar : Qadinkimi.com
Çirkli havanın orqanizmə verdiyi fiziki zərərlərlə yanaşı, zehni sağlamlığa da mənfi təsirləri var. Mütəxəssislər təmiz havanın depressiya riskini ciddi şəkildə azalda biləcəyi fikrini müdafə edir.

London Universiteti Kollecinin bir qrup elm adamı 16 ölkədən əldə edilən faktlara əsasən hava çirkliliyi ilə zehni xəstəliklər arasındakı əlaqəni araşdırıb. 
Tədqiqatın nəticələri hava çirkliliyinə məruz qalmağın depressiya riskini artırdığını üzə çıxarıb. 

Tədqiqatçılardan biri professor İzobel Breyzveyt (Isobel Braithwaite) çirkli havanın insan sağlamlığına pis təsir etdiyinin, ürək və tənəffüs yolu xəstəliklərinə yol açdığının uzun müddət bundan öncə elmə məlum olduğunu xatırladıb: "Bu araşdırma çirkli havanın ruhi sağlamlığımıza zərərli olduğunu göstərir. Bu, o deməkdir ki, tezliklə havanın təmizlənməsi istiqamətində ciddi işlər görülməlidir”. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) havadakı toz və tüstünün hər kubmetrdə 10 mikroqram(mkq)-dan az olmasını tövsiyə edir. 

Tədqiqatçılar havadakı çirkliliyin hər kub metrə 44 mkq-dan 25-mkq-a salınması halında bütün dünyada depressiyaya yaxalanma riskinin 15% azala biləcəyini bildirir. 

"Çevrə Sağlamlığı Perspektivləri” jurnalında yer alan başqa bir tədqiqat da oxşar şəkildə hava çirkliliyi ilə intihar arasındakı əlaqəni üzə çıxarmışdı. Araşdırma intihar faizlərinin hava çirkliliyinin yüksək olduğu günlərdə əhəmiyyətli dərəcədə artdığını irəli sürüb. 

Avropa Ətraf Mühit Agentliyi isə hava çirkliliyinin 2016-cı ildə 400 min erkən ölümə səbəb olduğunu açıqlamışdı.



qadinkimi.com