SEVGİ
Sevgiyə əyilən çinar Tarix : 07 İyul 2021, 03:34
Deyirlər ki, göşəllik dünyanı xilas edəcək. Bəs gözəlliyi nə xilas edəcək? Axı, gözəlliyin də həmişə xilaskara ehtiyaçı var. Məncə gözəlliyin yeganə xilaskarı sevgidir. Sevilməyən gözəllik solur, məhv olur. Bəlkə elə bu vəhdət dünyanı xilas edəcək?! Gözəlliklə sevginin vəhdəti.
İncə, zərif bir Çiçək hündür, iri gövdəli Çinar ağacına dəlicəsinə aşiq olur. Çinar ağaçı da Çiçəyə vurulur. Lakin o, Çiçəyi sarmaşıqla qolboyun görüb onun sarmaşığa aşiq olduğunu sanır. Məğrur, incə Çiçək sevdiyi ağaca ürəyini aça bilmir. Sarmaşıqsa Çinarın ayağına dolaşaraq Çicəyin ona aşiq olduğunu, hətta onunla bir yerdə olduğunu dəfələrlə Çinara xatırladır.
 
Canını sarmaşıqdan qurtarmağa calışan Çiçək dərdini heç kimə deyə bilmir. O, var gücüylə sarmaşığın əlindən yaxasını qurtarmağa çalışdıqca, sarmaşıq ona daha da sıx dolaşır.
Bir gün yoldan keçən bir kəndli gözəl Çiçəyi sarmaşıqdan ayırıb onun qol-budağını təmizləyir. Çiçəyin gözəlliyi kəndlini valeh edir. Kəndli onu dərib aparmaq istəyir, lakin fikrindən daşınıb "Sənə necə qıymaq olar axı? Onsuz da ömrün qısadır. Qal burda, yaşa!”- deyib yoluna davam edir.
O gün Çiçək sanki həyata yenidən gəlmişdi. O əmin idi ki, bir gün Çinar əyilib onun ləçəklərini oxşayacaq, qulağına onu sevdiyini pıçıldayacaq. Ancaq belə olmadı. Qürurlu Çinar sarmaşıqla qolboyun gördüyü Çiçəyə bir daha yaxınlaşmadı...
Qəlbində sevgisini yaşadan Çiçək dünyadan küsmüşdü sanki. O, dəfələrlə Çinara onu sevdiyini söyləmək istəsə də bunu etmədi...Əvəzində öz gözəlliyinə qəsd edərək gündüzlər tamamilə bağlanır, gecələr açılırdı. Onun gözəlliyini indi yalnız Ay və ulduzlar görürdü.
Sevgisinin heç vaxt qarşılıqlı olmayacağını bilə-bilə Çiçək Çinarı sevirdi...
Bir axşam bərk külək əsdi. Yağış, dolu, qasırğa ətrafı yerlə yeksan etdi. Tənha Çiçəyin özü məhv olsa da, külək onun toxumlarını düz Çinar ağaçının yanına səpdi. Bir müddətdən sonra Çiçək boy atmağa, yenidən yaşamağa başladı. O, gözlərini açıb ətrafa baxdı və arxasında illərcə həsrətiylə yaşadığı Çinar ağacını gördü.
Çinar yanındaki başqa bir gözəl ağacın budaqlarını qucaqlayıb durmuşdu. Çiçək anladı ki, o, iki sevgilinin arasında olmamalıdır...
O, sevgisini içində boğub gözlərini yumdu və qərara gəldi ki, bu gündən gündüzlər də açacaq və var gücüylə hər kəsi özünə çəlb edəcək ki, onu burdan qoparsınlar. İstəyirdi kimsə onu dərib aparsın və o bu ağrını, bu həsrəti bir daha yaşamasın.
Çiçək son dəfə üzünü Çinara tutub "Səni sevirəm! Sənsiz yaşamaq istəmirəm!” deyib ləçəklərini bağladı. Səhər tezdən üstünə düşən şeh Çiçəyin göz yaşlarına dönüb yerə damçıladı. İllərcə məğrur dayanan qürurlu Cinar birdən əyildi və onu məftun edən Çiçəyi görüb budaqlarını ona uzatdı. Sarsılmış, göz yaşlarını içində gizlətməyə çalışan Çiçək bütün varlığıyla Çinara təslim oldu...
 
 
Bir açıq hava və ağac şəkili ola bilər
Bax beləcə sevgi gözəlliyi qoruyub saxlaya bildi. Çünki gözəllik də sevgisini qoruya bilmişdi. Nəticədə təbiətdə möhtəşəm bir görüntü yarandı. Çinar ömrü boyu tənha Çiçəyin əllərini buraxmadı. 
 
 
Təranə Məmməd
qadinkimi.com