BURA / ORA
Gözəl hissləri unutmuşuq - Nura Suri yazır Tarix : 23 Sentyabr 2020, 09:13
Kim deyir ki, dünya dəyişmir? Çox dəyişib.

Əvvəllər kök insanlar dəbdə idi. Çünki krallar, şahlar, qraflar və s. varlı insanlar yeyib əylənirdilər. Qullar, kölələr, kasıblar az yeyib, çox işlədiklərinə görə arıq və əzələli bədənə sahib idilər. İndi kasıbların yediyi geni dəyişdirilmiş ucuz yemək olduğuna, hormonal dəyişikliyə görə kök, varlılar düzgün qidalanıb, fitneslə məşğul olduqlarına görə arıqdırlar.

Sovetin vaxtinda pəhriz sözü yalnız xəstəliyi olan insanlar üçün istifadə olunurdu. Bu gün ən dəbdə olan sözdür. Mənəvi qida hesab olunan musiqi də təbəqələrə bölünüb. Opera, balet və s. kimi sənət dövlətlilər üçündür. Kasıbların isə canlı dinləyə biləcəyi musiqi başqadır. Daha çox beyinə işləyir, ruha qida hesab olunmur. Mədəniyyət, incəsənət, şou-biznes fərqli anlam daşıyır artıq (ayrı mövzudur). Trendə bilərəkdən bayağı musiqini salıb reklam edirlər. Zövq korlayırlar.

"1984" -  başa düşənlər üçün əla kitabdır. İnsanları idarə etmək üçün sevgi hissini onlarda məhv etmək vacibdir. Sevgi sözünü - seks sözünə dəyişiblər axı. Xəbəriniz var? Vicdan, insaf, mərdlik, ədalət kimi sözlər də artıq istifadədən çıxır. Mənası böyük sözləri bəsitləri əvəzləyib, o hissləri də bizə unutduracaqlar yavaş-yavaş. Kim edir?
 
Bilmirəm. Yəqin şeytan əməlidir. Onsuz da nəsə düz getməyəndə hamı şeytana lənət oxuyur. Özümüzdə nə vaxt səhv axtarmışıq ki?


Son zamanlar insanların çoxu bir-birinə qarşı çox aqressivləşiblər. Elə bil gözləyirlər ki, kimsə bir səhv etsin, müzakirəyə çıxarıb biabır etsinlər. Çoxu tənqid etməyi qəhrəmanlıq hesab edir.

Bir-birinin fikrinə hörmətlə yanaşmaq, insanları olduqları kimi qəbul etməyi öyrənmək lazımdır. Neqativ hisslər və sözlər ilk növbədə özünüzü xarakterizə edir və sizə ziyandır. Beyin nə qədər neqativlə qidalanar? 


Kitab oxumaq vacibdir, gözəl sözlər qarşımıza çıxır. Bəzi sözləri unutmağa imkan vermir kitablar. Sözləri unutduqca həmin sözlərin mənası da bizə yadlaşır. Sözləri itirdikcə, hissləri də itiririk sanki...

Nura Suri
qadinkimi.com