BURA / ORA, FEMİNİZM
Güneyli yazar: QARABAĞDA SÜLH - susqunluğa çağıran koddur Tarix : 20 Noyabr 2020, 14:00

"…Mən istəyirdim [Qarabağın işğaldan azad edilməsi] sülh yolu ilə olsun. Dövlətlər yığılsın bir yerə, iki respublika sülh bağlasın, torpağımız alınsın. Allah Yer kürəsini canlılar üçün yaradıb. Sərhəd qoymayıb. Burdan xristian keçəcək, ordan müsəlman deməyib. Youtube-da görmüşəm, sadə ermənilər də övladlarını əsgər yola salanda ağlayır, bizimkilər də. Hamı eyni düşüncədədir ki, balam ölümə gedir. Sülh yaransaydı qırğın olmazdı…” 

Bu sözləri məcburi köçkün Nigar Əsgərova Meydan TV'də danışıb. Bir müddət əvvəl dostumla İranda hegemoniyaya malik olan etniklə, basqıya məruz qalan etnikin ilişkilərindən danışırdıq. Dostum belə dedi ki, niyə biz hegemoniyada olan etniki başa salmaq üçün basqıda qalan etnikin vəziyyətini açıqlamırıq?  Sanıram ki, bu da ayrı-seçkilik mövzusunu araşdırmaq üçün maraqlı yanaşma tərzidir.  Qarabağ müharibəsi haqqında azərbaycanlı qadınların duyğularını yazmaq istəsəm, Nigar Əsgərovanı misal çəkərəm. Ən qadınyana baxış idi. 

Bəs görəsən, Nigarın dünyasında sülh necə tərif edilir, yaxud nədir? Yəni müharibəyə qarşı olan qadınların baxışı ilə, müharibə istəyənlərin və ya işğalçılıqla razılaşanların arasında hansı fərqlər var? Müharibə səsinin bu qədər yüksək olduğu zamanda, heç bir fikir yaxınlığımız olmasa da niyə Nigarla dilbirəm, Nigarın yanında dururam? 

Başlıcası, İranda mərkəzçi etnikin (fars) sülh anlayışıyla Nigarın sülh anlayışı arasında hansı fərqlər var ki, farsların baxışı İranda yaşayan azərbaycanlıları incidir? Onlar sülhə başqa yöndən baxırlarmı?

Mənə elə gəlir ki, sülh sözü çox mürəkkəbdir. Çox ziddiyyətlidir. Patriarx siyasət dünyası müharibəni təcavüzkarın əlini vətəndən, namusdan qırmaq kimi anladır. Sülhə gələndə isə məsələni bütövlükdə həll etmək əvəzinə qarşı tərəfin öz haqlarından vazkeçmək, həmçinin tələblərini ört-basdır eləmək kimi qavrayır. Sülh sözü susdurmaq, əl çəkmək, uduzmaq ilə üst-üstə düşür. Bu elə iranın mərkəzçi düşüncə mühitinin anlayışıdır. 

İran azərbaycanlılara aşılamaq istəyir ki, Ermənistanın işğalçılığına laqeyd qalın! Azad olunmuş torpaqların azadlığı üçün sevinməyin! Bəsdirin! Yerinizdə oturun! Ey, İran türkləri!

Deməli, burada "sülh” əzilmiş etniklərin tələblərini susdurmaq üçün kod adıdır. Bir növ üstün tutulan etnikin cəhalətidir. Qeyri-fars və haqlarını tələb edən etniklər üçün təkəbbürlü "milli təhlükəsizlik və birlik” sözünün verdiyi tanış bildiridir. Təhlükəsizlik və bərabərsizlik əzilmiş etniklər tərəfindən təhlükə altına alındıqda, hegemonik etnikdən gələn "birlik, təhlükəsizlik və sülh” çağırışı xeyirxahlıqdan çox ədalətsizliklə eyniləşir. 

Azərbaycanlılar da mərkəzin "sülh" sözünə yanaşmasındakı haqsızlığı qavrayır və bu səbəbdən hirs və küskünlükdən əziyyət çəkirlər.
Fars hegemonluğunun təsirində olan iranlılar, o taylı, yaxud bu taylı azərbaycanlıların Ermənistan hökumətinin təcavüz və təxribatından yaranan qəzəbinə üç cür yanaşır: 

Birinci yanaşma: Səssizlik; 
Virtual səhifələr bu səssizliyin səbəbləri ilə doludu; Bu qarşıdurmanın iranlılarla heç bir əlaqəsi olmadığı vurğulanırdı. Güneydəki azərbaycanlıların Arazın o tayındakı soydaşlarına dəstəyi, Ermənistanı qınaması olan kimi mərkəzçi düşüncə "Bunun sizə dəxli yoxdu” xatırlatması edirdi. İran azərbaycanlılarının bu dözümsüz atmosferə reaksiyası, kiberməkanı tez bir zamanda dolduran həştəqlə qısa bir cümlə oldu:  #biz_Azərbaycanın_özüyük
Sərhədin o tayında yaşayan xalqla bu tərəfdəki xalqın əlaqəsi sırf linqvistik bir əlaqə dəyil. Ermənistanın işğalından azad olan bəzi kəndlərin adına baxdığımızda görürük ki, bu tərəfdə də eyni adlı kəndlərimiz var. Bu xalqın sosial-mədəni qarşılıqlı əlaqəsi tarixən danılmazdır. İqtidarlar əraziləri sərhədlə ayırsa belə, ürəklərinə və könüllərinə məftil çəkə  bilmir. 

Digər tərəfdən, insanların qonşularla empatiyasını tənqid etmək yersizdir. Empatiya başqasının vəziyyətini hiss etməkdən yaranır. İrandakı fars mərkəzçiliyi etniklərin dərdini ortaq dərd saymadan, onu şəxsi arenaya itələyərək görməzdən gəlir. Feministlər ilk olaraq qadınaqarşı zorakılıqdan danışanda patriarxal kültür tərəfindən belə bir reaksiya gəlir: "Şəxsi mövzuları ortama gətirməyin!” 

Buna qarşı feministlər "şəxsi  sahə siyasidir” şuarı qoyurlar. Bu o deməkdir ki, totalitar sistem xoşlamadığı mövzuları "şəxsi” adı altında arxa plana itələyir. Patriarx sistemin bu məntiqi feministlərə çox tanışdır. Etnik sahədə bu yanaşma olanda onu tanıya bilir. "Qadın” mövzusu məncə, "etnik” mövzu ilə eynidir. O üzdən İranda  "etnik  sahə siyasidir” deyə bilərik.

İkinci yanaşma: BMT-nin qətnamələrinə məhəl qoymadan Ermənistanı dəstəkləmək; 
Bu mövqe ölkədəki və xaricdəki məşhurların mövqeyi ilə üst-üstə düşdü. Səbəb bu idi ki, İranda erməni həmvətənlərimiz var və onların şərəfinə görə Ermənistana rəğbət bəsləyirik. Ölkənin rəsmi qəzetləri anti-Azərbaycan manşetləri hazırladı. Azərbaycana İslam Respublikasının səfirinin və Azərbaycan Respublikasındakı bir neçə rəsmi iranlı vəzifəlinin gec və tərəddüdlü dəstəyinə baxmayaraq, rəsmi və qeyri-rəsmi medianın ictimai atmosferi İran türklərindən fərqli fikir ortaya qoydu. Əhali arasında ermənilərin həmyerli olduğunu, Azərbaycan türklərinin isə guya İrana sonradan səpələndiyi fikrini yaymaq Ermənistanın işğalçı siyasətini ört-basdır edən bəhanələrdən başqa bir şey deyildi.

Üçüncü mübahisəli yanaşma: Guya sülh istəyən, müharibəyə qarşı olan söyləmlər; 
İki ölkənin bayraqlarını virtual ürəklərlə bir araya gətirənlər, tweet yazanlar,  instagram hekayələrində paylaşanlar mövzudan danışmaq istəmirdilər. Bu cür yanaşanlara qarşıdurmanın səbəbi, köçkünlərin vəziyyəti və işğal və təcavüz məsələsi əhəmiyyətsiz idi. Bu cür ağsaqqalyana üzləşmə köçkünlərin hüquqlarını basdırmağa çağırdı və bunu da "bitərəflik” adlandırırdı. Mərkəz haqqını istəyən etniklərin arxasında dayanmamaq, onu tək buraxmaq üçün "bitərəflik” kod adı seçdi. Beləliklə, mərkəzin barış söyləmləri "yuxarıdakının” mövqeyinə təhlükə yarandıqda hər zaman səsləndirilən ifadələrdi; Mərkəz öz inadı, çarəsizliyi üzündən təcavüzkarlardan asılı vəziyyətdədi və   onlarla paralel, birmənalı mövqedədir. Bu, tərəflər üçün sülh deyil; İşğalçının mənafeyini qorumaq cəhdidir. 

Azərbaycanın Gəncə şəhərinə (müharibə sərhədlərinin xaricində) Ermənistanın raket hücumunda öldürülən Aysunun obrazı internetdə yayımlandığında, Gülşiftə Fərahani adlı iranlı aktrisa Ermənistanı dəstəkləyən festivalda iştirak etdi. Golshifteh Farahaninin qatıldığı festivalın adındakı "sülh” sözü eyni rezonansa səbəb oldu: "Artists for Artsakh (A CONCERT FOR PEACE)”. 

Qarabağdan başqa bir məcburi köçkün qadın Nübar Hümbətova elə həmən musahibədə deyir: "…Mənim qonşularım erməni idi. Belə fikirləşirəm ki, birgə yaşamaq olar. Nə təhər? Bizim böyüklər... əvvəl belə dəyildi, böyüklər hamısı ermənilər idi. Vəzifədə azərbaycanlılar az idi. Məsələn, məktəbimizin direktoru. Ama indi torpaqlarımızı alandan, hər yerdə bizim başçılar olandan sonra onlar kimdi?  Yaşayarıq. Niyə yaşamırıq?!” 

Sadə dillə desək, bu cümlələr güc və bərabərliyin paylanmasını tələb edir. Bu qadınlar bərabərliyin kölgəsində sülh istəyirlər, əks təqdirdə hüquqları tapdaq altda qalmış ölkədə sülh faydasız bir sözdür. Bu sadə qadınlar saf vicdanlı olduqları üçün sülhün bərabərlik məhsulu olduğunu bilirlər. 
Ancaq sülh sözü iranlıların nəzdində niyə bu qədər qarışıq, qəliz və mürəkkəbdir? 

Noam Chomsky də daxil Qarabağ mövzusunda dünyanın ən görkəmli akademiklərinin yayımladığı "Dağlıq Qarabağa Sülh Çağırışı”na cavab olaraq bir qrup İran azərbaycanlısı intersectional (kəsişən) feministlər bəyanat verdilər. Cavabda qarşı tərəfin "sülh” anlayışında məcburi işğalın qınanmaması, köçkünlərlə empatiya qurulmaması, BMT qətnamələrinə önəm verilməməsi vurğulanırdı.
 
Azərbaycanlı feministlər sülhün zülmü görməzdən gəlmək olmadığını deyirdilər. Ən doğrusu müharibə və təslim arasındakı saxta ikililikdə BMT qərarlarına istinad etməkdir. 

Kəsişməli (intersectional feminism) feministlər repressiyanın iç-içə olduğunu, hegemon etnikin xeyirxah etnik olmayacağını, qeyri-bərabər və yüksək mövqedən çıxış edərək sülhə öncüllük etməyəcəyini bilirlər. 

Hegemoniyanın sülhə dəvəti xeyirxahlıqdan deyil. Düşünürəm ki, mərkəzin öz davranışları ilə azərbaycanlıları - kişi və qadınları hiddətləndirməsi, "empatiya” və bərabərlikdən məhrum olan təkəbbürlü sülh anlayışıdır. Bunun barışın əsl mənası ilə heç bir əlaqəsi yoxdur. Üstün, təkəbbürlü, imtiyazlı tərəfin əli ilə sülh qazanıla bilməz. Digər tərəfdən, əzilmişlik, ümidsizlik, təslimlə razılaşmaq sadəlövhlüklə yuxarı mövqedə olanla ortaq olmaqdır. Patriarx siyasət üçün barış təslim olmaqdı. 

Repressiyanın dolaşıqlığından xəbərdar olan azərbaycanlı feministlər bunu yaxşı mənada anlamalı, işğal olunmuş dəyərləri yenidən qurmalı, totalitaristlərin geyindiyi söz maskasını çıxartmasına çalışmalıdır.  Sülh üçün qurtuluş gücünün göstərilməsi lazım olduğunu düşünürəm. Sülh siyasi bir termin olaraq, hüquq tələbi ilə ortaq mərkəzlidir. Aşağı mövqe, zəifliklə və ya üstün imtiyazlı olanın təkəbbürü ilə barışmayan bir anlayışdır. 

Yazdı: Məhdiyə Ahəni Qadinkimi üçün
qadinkimi.az