FEMİNİZM
Güney Azərbaycan şairələrinin üstünlüyü Tarix : 30 İyul 2019, 18:35
Yazar : Qadinkimi.com

Esmira Fuad yazır...

GÜNEYDƏ QADIN YAZARLARIN ƏSƏRLƏRİNDƏ ƏN ADİ HÜQUQLARININ POZULMASINDAN BAŞLAYAN ETİRAZIN… GENİŞ MİQYASI…

Və... Güney ədəbiyyatında açıqca duyulmaqda olan feminizm hərəkatı...

Bu gün Güneyin çağdaş qadın yazarlarının əsərlərini oxuduqda onların ailədaxili sıxıntılardan, gündəlik həyatda mövcud olan bir sıra çatşmazlıqlardan, ən adi qadın hüquqlarının pozulmasından başlayan bu etirazının artıq məişət çərçivəsindən çıxaraq daha geniş miqyas aldığını və ümumən haqsızlıq üzərində qurulmuş cəmiyyətə və despotizm rejiminə qarşı ünvanlandığının şahidi oluruq. Gənc yazar Lalə Cavanşirin çağdaş dövr İran cəmiyyətində qadının, xüsusilə Azərbaycan qadınının bütün sahələrdə hüquqlarının pozulmasını təsbitləyən açıqlaması bu durumu daha dəqiq açıqlayır, qadınların mövcud hüquqi çətinliklərinə ayna tutur. O, İran İslam Respublikasında Azərbaycan qadınla- rının üzləşdikləri hüquq pozuntuları təkcə siyasi sferaya deyil, iqtisadi, sosial statusa da sirayət edir və qadınların mütəmadi şəkildə alçaldılmasının əsasında totalitar diktatura, teokratik rejim və cəmiyyətdə əsrlərdən bəri daşlaşmış patriarxal münasibətlər dayanır. İranda mövcud şəriət qanununun qədim zamanlardan miras qaldığını və qadınları əzən bir funksiya daşıdığını qeyd edir. Belə ki, "1979-cu il İslam İnqilabından sonra fundamentalist prisniplərin hüquqi müstəviyə tətbiq olunması qadınların bir çox hüquqlarını əllərindən almış, onları de-yure və de-fakto ikinci dərəcəli vətəndaşlara çevirmişdir. Ölkə qanunvericiliyində əksini tapmış boşanma və boşanmadan sonra uşaqla əlaqəli qanunları, irs qanunu və bir çox başqa qanunlar, əslində bu gün İranda yaşayan bütün qadınları məhdudlaşdırır, ancaq qeyri-fars qadınlar əlavə çətinliklərlə də üz-üzədirlər, yəni məhkəmələrdə fars dilini bilmə- yən qadınlar daha artıq problemlərlə üzləşirlər.” Lalə Cavanşir söylədiklərinə örnək olaraq İran İslam Respublikası tərəfindən daş-qalağa məhkum edilən Təbrizli Səkinə xanım Məhəmmədinin adını çəkir və bəyan edir ki, Səkinə Məhəmmədinin vəkilinin sözlərinə görə, Səkinə xanım farsca bilmədiyi üçün məhkəmədə ona oxunan sənədi yaxşı anlamadan imzalamışdı. Lalə xanım Cavanşir İslam rejiminin qadınlarla bağlı məhdudlaşdırıcı qanunları ilə birlikdə cəmiyyətdə geniş yer alan folklor və xalq ədəbiyatında mövcud bəzi düşüncələri basqılara rəvac verən faktorlar kimi dəyərləndirir və bildirir ki, "Ərimdir, döyər də, sevər də,” və "Qızını döyməyən dizini döyər”, (bu izaha "Döyülməyən düyüdən aş olmaz”, "Qızı özbaşına buraxsan, ya halvaçıya gedər, ya da zurnaçıya”, "Qız yükü, duz yükü” məsəllərini də əlavə etsək, mənzərə tam aydındır) kimi deyimlər qadınların ikinci dərəcəli insan olması haqda təsəvvürlərdən xəbər verir. Habelə "qeyrətli kişi” və "sərt kişi” konseptlərinin (məfhumlar) cəmiyyətdə müsbət qarşılanması da qadınlara qarşı vacib sayılan məhdudlaşdırıcı təfəkkürdən qaynaqlanır.” Yaxın şərq mədəniyyətləri üzrə tədqiqatlar aparan araşdırmaçı xanım Azərbaycan türklərinin müsəlman aləmində proqressiv (mütərəqqi) düşüncənin daşıyıcıları ol- duqlarını, İranda yaşayan Azərbaycan türklərinin Quzey və Türkiyə vasitəsi ilə Qərb mədəniyyətini daha yaxından tanıdığını və buna görə də İranda qadın hüquqları ilə bağlı hərəkatın önündə getdiklərini də vurğulayaraq İranda qadınların seçib-seçilmək haqqını ilk dəfə 1945-46-ci illərdə Azərbaycan Milli Höküməti dövründə qullandıqlarını nümunə gətirir. Təkcə Lalə Cavanşirin deyil, digər qadınların da bu məsələlərə qarşı etiraz notları, üsyankar fikirləri poetik təfəkkürlü xanım şairlərin təsəvvürlərindən əsərlərinə köçür. Xanım yazarların bu motivlərə söykənən, etiraz duyğuları ilə yoğrulan ictimai məzmunlu, fəlsəfi tutumlu dəyərli əsərləri bu gün böyük oxucu məhəbbəti qazanmışdır. Ziba Kərbasınin nümunə gətirdiyimiz bu şeirində həmin etirazın nidaları birbaşa deyil, sətiraltı mənalarda duyulmaqdadır:

Daha gəlmə!

Ceyran, naqışlı gedən yollar

Cızıx-cızıxdır. o taydan bu taya

Ayağımın izini tutub gəlsəydin,

Tutuşardıq.

Tox zəmanənin qoynunda qucaqlaşardıq...(8)

Həmidə Rəiszadə Səhər da bu düşüncələrin, bu ortamın şairə çevirdiyi xanımlardan biri, Güney ədəbiyyatında modern şeirin öncüllərindəndir. Güneyin çağdaş qadın yazarı sevilən modern şairlərindəndir. Nigar Xiyavinin "Gözlüyünü itirmişdi dünya” ("gözlüyünü itirmişdi, öz işində deyildi dünya, biz su deyil, araq deyil, yorğanı çəkir başımıza, gözümüzü gizləyirdik bir-birmizdən”) şeirində demək istədiyi mətləblər və dünyanın məhz gözlüyünü itirməsi səbəbindən baş verən rəzalət və çir- kinlikləri görə bilməməsi, bu pisliklər hətta o dərəcəyə çatmış ki, insanlar utancdan bir-birinin gözünə baxmamaq üçün sanki yorğanını başına çəkərək gözlərini gizlətmək istəməsi gerçəyi onun da şirinlərini acıya çevirmiş, arzularını, diləklərini sürgün etmişdir:

Döyünür ürəyim, deyinir, deyir,

Yer qərib, göy qərib, dam-duvar qərib...

Yarpaqlar sarıdır, ağaclar arıq,

Şirinlər acıdır, hər nə var qərib...

Ləhzələr upuzun, diləklər sürgün,

Ulduzlar üzünə çevirib börkün,

Bilirəm, istıyir söhbətin, sözün,

Hayana çevirib, hayana çəkə?

Bu çılğın sızlayır səni görməyə... (33)

Bir müşahidəm mənə əsas verir deyim ki, Lalə xanımın söylədiyi həmin haqların, hüquqların pozulması nəticəsində bu gün Güney qadını cəmiyyətdə deyil, evdə, ailədə daha özgür, daha modern, daha geniş anlamda qadın-insandır. Güneyli ər bu gün öz qadınına uşaq doğuran, ev-eşiyi yığışdırıb səliqə-sahmana salan, küftə-bozbaş bişirən məişət qadını kimi deyil, bir xanım, bir insan kimi baxır və ev işlərində, məişətin, ailənin problemlərini onunla paylaşır. Quzey Azərbaycanda isə əksər ailələrdə bunun tam əksi müşahidə olunur və qadın hüquqlarının pozulması,

məişət zorakı- lığı adi haldır. Bu tam gerçək, həqiqətdir ki, cəmiyyətdə müəyyən hüquqları, mövqeyi, yeri olan qadın ailədə o mövqeyini qoruya, saxlaya bilmir... Lalə Cavanşirin Səkinə xanım Məhəmmədini cəmiyyətdə hüquqlqrı pozulan qadınların nümayəndəsi kimi, mən isə zəngin mənəviyyatına görə böyük hörmət və sayğı duyduğum Məsumə xanım Şükürzadəni ailəsi, doğmaları arasında hüquqla- rını qoruyub saxlayan modern düşüncəli xanımlarınbir insan kimi dəyər verilən varlıqların örnəyi olaraq gördüm. Çağdaş şeirdə, nəsrdə, sənətdə də bu iki qütbün ifadəsi parlaq şəkildə öz əksini tapır. Məlihə Əzizpur, Raziyə İftixari, Rübabə Quluzadə (Sevda), Cəmilə İmamdust, Türkan Urmulu, Ruqiyyə Vəlidi (Günəş), Şərifə Cəfəri, Fəranək Fərid İpək, Sima Səmədi, Lalə Cavanşir, Ruqiyyə Kəbiri, Nigar Xiyavi, Səkinə Purhəsən, Leyli Kəhali, Ruqiyyə Səfəri, Arzu Muxtari, Ülkər Ucqar, Alma Muğanlı, Azadə Darayi kimi xanım şairlərin də yaradıcılığında azad, bağımsız Vətən, Ana dili, milli kimliyin tanınması arzuları ilə yanaşı, qadın azadlığı, qadın haqları, feminizmin diqtə etdiyi bir sıra önəmli məsələlər də mühüm yer tutur. Eyvaz Tahanın "Şeir, qadın şairlər və feminizm” adlı mə- qaləsi (34) onun bu sahədə nə qədər irəlidə olduğunun, qadınların həyatını, düşüncələrini, dünyabaxışını dərindən-dərinə bildiyinin göstərgəsidir. Feminizm cərəyanının bütün ayrıntıları- nı incələyən filosof yazar modernist və postmodernist yazarların bu məsələyə münasibətini maraqlı mülahizələrlə açıqlayır və qadın şairlərin əsərlərində qarşı cinsin nümayəndələrinə yansı- yan qarşıdurmanın səbəblərini göstərir. E.Tahanın iki əks cinsin sevişməsi məsələsinə də son dərəcə obyektiv baxışını görürük.

Eyvaz Taha "iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır”, dediyində də doğru nəticəyə gəlir. Çünki iki sevən ruhən bir-birini tamamladıqda, ruhibir olduqda əsl sevgi yaranır, xoşbəxt cütlük xoşbəxt həyatın təməlidir. Qadın haqları, qadın azadlığı onun yazısının ana xəttidir: "Feminizmi gözəl qızların şeirini çirkin qızların şeirindən daha yaxşı başa düşmək kimi qavramasaq, şeir inqilabında önəmli dürtü(məsələ)lərdən biridir. Çünkü burda "qadın” məqsəd, kişilərin yaşı ilə məşğul olan varlıqlar deyil, təməlçi bir gücdür. Bu güc, Patriarxal söyləmləri alt-üst etməklə, ədəbiyyat nəzəriyyələrini köklü dəyişikliyə uğradır. Şeirin bir gücü gələcəyin öngörənliyin-dəndirsə, bunu feminist qadınlarda daha artıq görmək olar. Tarixə cinsiyyət gözü ilə baxarkən bunu aydın görürük: qadın, kişilərin gözündə təbiətin simvoluna çevrilir. İnsan təbiəti caynağına alır, kişi isə qadını” (34). Qadın haqları, feminizm Güney və Quzey Azərbaycan ədəbiyyatına, o cümlədən Türkiyə ədəbiyyatına da modernizm cərəyanının gətirdiyi məsələlərdəndir. Eyvaz Taha bu prosesin keçmişini, tarixini vərəqləyir sanki, faktlara söykənən dərin məntiqə söykənən əsərlərində qadını özünün doğal kimliyi ilə tarixin yetirməsi sayır, qadının gerçək durumunu onun varlığına göz yummuş kişilərin tarixi kimi şərh edir: "Çağdaş dünyada qadın qaçılmaz bir yoldadır. O, evin dörd divarından eşigə çıxsınmı, çıxmasınmi? bundan öncə qızın ata evində qul kimi yaşaması, azadlığa yönəlmiş meyli onun ürəyində qızışdırırdı. Amma bu meyl nə evlənməklə razılığa qovuşurdu, nə də eşikdəki hər hansı bir yerdə əylənməklə. Evlənməkdə gördüyü məhəbbət, onu ikinci dərəcəli varlıq statusundan daha yüksəklərə qaldıra bilmirdi. Əylənməyə gəldikdə, iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır. Burda əlbəttə pozğunluğu nəzərdə tutmuram, çünkü pozğunluq xəstəlik hallarına daxildir. Burda söhbət sərbəst sevgidən gedir: istədiyi kişi ilə sevişmək- dən. Amma belə anlarda da qadın evdən eşigə çıxırkən bir işlə bağlanmalıdır, bir məşğulluqla. Nə yazıq ki, hər bir işin və ya ictimai görəvin qapısı qızın üzünə açıldıqda, sevginin görüşünə qapanır. Çağdaş dünyada qadın çıxılmaz bir yoldadır. O, evdən çıxıbdır, və daha evdəki köhnə çərçivəyə qayıda bilmir. Eşikdə isə özünü razı sala bilmir. Qadın, ancaq kişi qulluğunda dayan- mış indiki quruluşları dağıtmaqla, bilim, incəsənət və düşüncə alanlarında səsini ucaltmaqla, bu çıxılmazlığı poza bilər.”

Kişilər tərəfindən bu tip fərqləndirmə və aşağılamalara "Əsl sənət adamı öz xalqının ürəyini həmişə əllərində gəzdirir. Ürək dediyin isə iki işdə ustadır: nifrətdə və sevgidə”, - (35, s.75) deyən ölməz Nazim Hikmət "Kimi der ki kadın” şeirini yazaraq dünyanın bütün qadınlarına: Sən ən böyük, ən fədakar insansan, sən kişinin dostu, arxası, dayağı, sevgilisi, anası, bacısı, sağlığı, könlülün sultanı, həyatın özüsən!-hayqırışını duyuran odlu bir sevgi, səmimi, içdən bir eşq etirafını etdi və bütün mo- dernist yazarları arxasınca aparmağı bacardı:

Kimi der ki kadın,

Uzun kış gecelerinde yatmak içindir.

Kimi der ki, kadın

Yeşil bir harman yerinde

Dokuz zilli köçek gibi oynatmak içindir.

Kimi der ki ayalimdir,

Boynumda taşıdığım vebalimdir.

Kimi der ki hamur yoğuran. Kimi der ki çocuk doğuran.

Ne o, ne bu, ne döşek, ne köçek, ne ayal, ne vebal.

O benim kollarım, bacaklarım, başımdır.

Yavrum, annem, karım, kız kardeşim... (37)

Bu çağırışa ilk cavab verənlərdən biri olan və "Benim tüm mevsimlerimde bir kadın şarkı söyler” deyən Dr.Rza Bərahəni sivil dünyanın kurallarına uyğun düşüncə sahibi olaraq qadın haqları ilə bağlı bir çox həmcinslərindən fərqli, daha rasional düşüncələr dilə gətirdi: "Mən 40-50 il milli demokratik haqlar üzərində çalışmışam. Dil azadlığı mənim məqsədlərimdən biri olub. Senzura ilə mübarizələrə qoşulmuşam. Yoxsul ailədən gəldiyimə görə siniflər məsələsi həmişə mənim fikrimi məşğul edib və mən 40-45 il əvvəldən indiyə kimi qadınların kişilərlə bərabər haqlara sahib olmalarını müdafiə etmişəm” (38).

Əslində, elə bu haqların qısıtlanması feminizmə qol-qanad vermişdir!.. Kiyan Xiyavın "Ancaq qadın...”, Ramin Cahangizadənin "Qadın yağışı”, İsmayıl Cəmilinin "Qadın, Xanım, Xatın, Ana” şeirlərində mövzuya əks cinsin içdən, həssas və obyektiv yanaşması, münasibəti görünür. Hər üç şair qadın haqq və hüquqları, qadını adi yaratıq, yarım adam, ikinci dərəcəli şəxs, yaxud müənnəsdişi varlıq, xəmir yoğuran, uşaq doğuran, arvad, başının bəlası kimi deyil, İnsan, həyatın özü, yaşam qaynağı, kişinin başının tacı, könlünün sultanı kimi yanaşma, dəyərini bilmə tendensiyası üstünlük qazanır, bu yön qabarıqlaşır. Kiyan Xiyavın haqsızlığa uğrayan və öz haqqını savunan qadınların dili ilə söylədiyi "Barmaqlarını feminist soxma gözümə!” nidasının da yer aldığı "Ancaq qadın...” şeirində oxucu bütün dünyanın, həyatın məhz qadının zərif çiyinlərində durduğu həqiqətinə inanır. Şair bu durumda olan həyat arkadaşına anlatmaq istəyir ki, "Mən ürək adamıyam, bir görüşdə tanıyıram sənin necə köklü-kökənli olduğunu... Nə özünü yaranışın ikinci cinsinə, nə də məni niçənin qamçısına düyünləmə.” Dünya yalnız sizin haqqınızı tanımayan kişilərdən ibarət deyil, yaşamın dadını sizdə bulanlar adınıza dizələr həsr ediblər, sizsiz yaşamaq mümkünsüz, mənim- kimilərin işi birbaşa sevməkdir:

Özünü iydə ağacı kimi üstün tut!

Nə gözəl, nə də özgür bir tanrıçasan,

sənin yalnız bir adın var: Qadın!

Və sənin dəyərini bilirəm:

Anam bir qadın idı, bacım bir qadın,

Nazlıca qızım da bir qadın olacaq

və sən, sevgilim, qadınımsan,

İnsanlıqdan könül alma ustası!...

Mən bir insan sevirəm,

Bir qadın deyil, Bir insan!.. (38)

İsmayıl Cəmilinin "Qadın, Xanım, Xatın, Ana” şeirində də eyni motiv yer alır, amma qadının insan həyatındakı mövqeyinə, əvəzsiz roluna bir qədər də dərindən nəzər salınır:

Canından can payı verən insana,

Yaşam bağışlayan cahana

Qadın Sevgi ocağı,

Sevda sarayının çiçəkdən tacı

Qadın Rəhmətinin nemətilə,

Dərdlərimiz tapan dərman

Qarşılıq gözləmədən, istəmədən,

Ömrün-günün edən ehsan Qadın

Qaranlıq yasaların,

Kif qapsayan dosyaların

Hörümçəkli inamların caynağında olan qurban...

Dondan-dona girən nankorların duzağında

Səssiz alovlanan, içində alışan, yanan,

Günəş kimi öz-özlüyü danılan Qadın

Daş başların qorqusunda daşlanan,

Qul tək alınan-satılan,

Çarəsizlik çəmbərində yanılan-yandırılan,

Uydurmalar qamçısıyla danılan,

Yarım adam sanılan Qadın,

yenə də Qadın.

Qadınlığı yaşamın yeniliyin yaz nəfəsi,

Sevginin sevdanın, gözəlliyin səsi,

Qadın incəliyin inci bulağı

Qadın şirin laylalar qucağı

Qadın həyatın ana ocağı (39).

Mahatma Qandı də məhz Nazim Hikmət sayaq duyğular yaşadığından "bütün insanlar qardaşdır” düşüncəsi ilə yazırdı ki, "ölkəmin qadınlarının haqlarını bərqərar etmək, onlara "siz də insansız!” fikrimi isbat edə bilmək üçün özümü fikrən və ruhən qadın etdim (1)” Bunun üçün vətəndaş məmur özünü bir çox nemətlərdən məhrum edir, hətta Hind inancında mövcud olan "Brahmaçarya” andlaşmasına əsasən öz xanımı ilə də bütün cinsi ilişkilərini kəsir, Hindistanın qurtuluşu və modernləşməsi üçün savaşır, dünyanın demokratik və inkişaf edən ölkələrindən biri olan modern Hindistanı qurur.
 
 
 
 
Qadinkimi.com