BURA / ORA
Günel Eyvazlı kimdir? Tarix : 21 Yanvar 2020, 17:47
Yazar : Qadinkimi.com
44 SAYLI SUMQAYIT-XIZI SEÇKİ DAİRƏSİNDƏN NAMİZƏDLİYİNİ İRƏLİ SÜRƏN BİTƏRƏF NAMİZƏD YAZIÇI Günel Eyvazlı kimdir?

Yazıçı, şair, esseist, tərcüməçi, araşdırmaçı Günel Eyvazlı 1984-cü il aprelin 9-da  Sumqayıt şəhərində anadan olub. 
Sumqayıt şəhər Fəxrəddin Piriyev adına 18 saylı orta məktəbi bitirib.
2007-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin "Filologiya” fakültəsini, 2014-cü ildə BQSK-nın "Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət” fakültəsini bitirib. 
 


Fəaliyyəti: 2003-cü ildə Təbrizdə nəşr olunan "Körpü” jurnalında şeirlərinin yayımlanması ilə ədəbiyyata gəlib. Həmin illərdən başlayaraq  mütəmadi olaraq "Yeni Azərbaycan” qəzetinin Ədəbiyyat əlavəsində, "Ulduz” jurnalında, "Sirdaş”, "Azərbaycan qadını”, "Aydın yol”, ”"Kaspi”, "Ədəbiyyat qəzeti”, "Литературный Азербайджан”, Türkiyənin "Ortakses”, "Anamursedr” elekron dərgilərində, Sozvuçie Beynəlxalq Ədəbiyyat Portalında silsilə şəklində poetik, nəsr nümunələri, tərcümə və intellektual esseləri ilə çap edilib. 

 "Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin UNESCO-nun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qadınlar yaradır" layihəsi çərçivəsində çap olunmuş almanaxda şeirləri (ingilis dilində), həmçinin Azərbaycan Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin "Yeni söz” almanaxında "Tuten Xatun” hekayəsi yer alıb. 

Davamlı olaraq Azərbaycan Televiziya Kanallarına  (AzTV, AzTV Mədəniyyət, Space, Lider TV, APA TV, Dünya TV) dəvət olunur. Ədəbiyyat, sosial, kultroloji, təhsil yönümlü verlişlərdə ekspert qismində çıxış edir. 

Bakı Slavyan Univeristetinin nəzdində fəaliyyət göstərən "Yaradıcılıq” fakültəsinin, Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən "Gənc ədiblər məktəbinin” dinləyicisi olub. 

2012- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 
Prezident təqaüdçüsüdür. 

3 kitab müəllifidir. Sonuncu "İşıq” esselər toplusu Respublika Prezidentinin Azərbaycan Yazıçılar Birliyinə ayırdığı maliyyə hesabı çərçivəsində, "Ədəbiyyat qəzeti yayınları” silsiləsindən çap olunub.  

Viktor Hüqonun "Kromvel dramına ön söz”ü ilk dəfə Günel Eyvazlı tərəfindən rus dilindən Azərbaycan dilinə tərcümə olunub. Bu tərcümə silsilə şəklində "Ədəbiyyat qəzeti”ndə çap olunub.
 
O, "Ədəbiyyat qəzeti”nin əməkdaşı, "Ədəbiyyat qəzeti”nin rəsmi saytı olan Edebiyyatqazeti.az saytının redaktoru, Sumqayıt Dövlət Texniki Kollecinin "Kitabxana müdiri” və pedaqoqdur. 

Mükafatları: 

1. 2014-cü ildə "Gəncliyin Elmi-Mədəni İnkişafı” təşkilatının "Gənclər və uğurlar” layihəsi çərçivəsində "Media sahəsində əldə etdiyi uğurlara görə” diplomu ilə təltif edilmiş.
2. 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi və "Ədəbiyyat qəzeti”nin təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı ilə "Ədəbiyyat qəzeti"ndə dərc olunan kultroloji yazılarına görə təltif olunub.
 
3. 2016-cı ildə Yaradıcılıq fondunun və Dini Qurumlar üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Quran motivləri əsasında hekayələr" müsabiqəsinin qaliblərindəndir.
4. 2017- ci ilin 2 Fevral "Gənclər Günü" münasibətilə Gənclər və İdman Nazirliyinin Sumqayıt şəhər şöbəsi tərəfindən  "İlin Gənc Yazıçısı" adına layiq görülüb.
5. Qırğızıstan Yazıçılar Birliyi tərəfindən "Gənc qırğız şeiri antologiyası” üçün etdiyi poetik tərcümələrə görə Diplomla təltif edilib. 
6. LİFFT- 2019 4-cü Avrasiya Ədəbiyyat Festivalının laureatlarındandır.

Seçicilərə müraciət
Əziz seçici, mən bir yazıçı, azad jujrnalist olaraq illərdir televiziya məkanında, mətbuatda, müsahibələrimdə təkcə ədəbi yazılarımla görünmürəm, eyni zamanda ictimaiyyəti narahat edən problemləri abartmaqla mövqe nümayiş etdirirəm. Həyatım boyu lal, dinməz, susqun ziyalılardan olmamışam. İndi də Azərbaycan Respublikası Prezidentinin gənclərə çağırışını rəhbər tutaraq, savadıma, politoloji, siyasi təfəkkürümə arxalanaraq nəmizədliyimi irəli sürmüşəm və vicdanla, ədalətlə, dövlətimə, xalqıma xidmət etmək istəyirəm.
Hamımıza məlumdur ki, deputatlar arasında barmaqla sayılacaq qədər fəal deputat olub. Çoxu üçün kürsü sadəcə zaman öldürmək, status qazanmaq, firavan yaşamaq üçün mənbə olub. İctimai fəal gənc olaraq, xanım olaraq, yazıçı olaraq daima sizin aranızdayam. Etimad imzasını toplayarkən sakinlər namizəd olduğumu bilib təəccüb edirdilər. Çünki bu vaxta qədər heç bir namizəd onların qapısını döyməmişdi, deputat seçilmiş heç bir Millət vəkili onların problemləri ilə maraqlanmamışdı. Halbuki deputatın əsas işlərindən biri də dairəsindəki vətəndaşları ilə işləməkdir. Etməyiblər! 
Etimad imzasını toplayaraq problemlərinizi eşitdim və platformamı da bunun  üzərində qurdum. 
Əziz seçici seçkilərdə fəal ol, kimsənin diktəsi ilə hərəkət etmə. Həqiqətin yanında ol. Eyvazlı Günel Həsən qızına səs ver ki, bizi narahat edən problemləri birgə qaldıraq. 
Əl-ələ verək, bölgəçiliyə "YOX” deyək. O bölgəçiliyə ki, bizi xırdalayır, nəsillərə, adamlara bölür, bütövlüyümüzün qarşısını alır. Bunu yadda saxlamalıyıq ki, birlik şüur məsələsidir. Yalnız bütöv, bölünməyən vətən anlayışına yiyələndikdə QARABAĞ bizim olacaq. 
Vətənimiz üçün çalışaq və bir olaq!
 


Platforması
1. İşsizliyin qarşısını almaq üçün yeni müəssisənin tikilməsi haqqında xüsusi layihəm olacaq.
2. Sumqayıt əhalisini illərdir narahat edən zibil poliqonu, ekologiya çirklənməsi məsələsinin həllinə çalışacam
3. H.Z.Tağıyev qəzəbəsində, Xızıda müasir səviyyəli kitabxanaların, mədəniyyət ocaqlarının, sağlamlıq mərkəzlərinin tikilməsi və dini ibadətgahların, məscidlərin təmiri görəcəyim işlər sırasında olacaq 
4. Uşaq bağçalarında çalışan tərbiyəçilərin müəllimlik statusunu qazanması problemini Parlament müzakirəsinə çıxaracam və həllinə çalışacam
5. Azərbaycanda günü-gündən cavanlaşan XƏRÇƏNG xəstəliyinə qarşı birgə mübarizə platformasını yaradacam və əhalimizin təmiz içməli su ilə təmin olunmasına çalışacam.

Əgər mən deputat seçilərəmsə, bütün bu sadaladığım və gündəmdə olan digər problemləri aradan qaldıracağıma,daima seçicilərlə işləyəcəyimə, onların bütün qayğılarından xəbərdar olacağıma və həllinə çalışacağıma SÖZ VERİRƏM! 


 
 

qadinkimi.com