YAZI / DÜŞÜNCƏ
Günel Dəniz: Pozulan haqq tərəzimiz və Aysel Əlizadənin narahatlığı Tarix : 21 May 2022, 14:36
Yazar : Günel Dəniz

Hər insanın həyatında itirməkdən qorxduqları vardır. Onların canı yananda sənin də içində birşeylər qopar, üstəlik bu, gözünün önündə baş verdikdə daha bir dağılarsan içindən, elə ağrıyarsan ki, dilində söz, gözündə yaş qalmaz...izah etməsi çətin bir ağrıdır bu. Heç bir söz, heç bir kəlmə yetməz anlatmağa, bütün dünyanın əlifbasını töksən də qabağına anlada bilməzsən içində baş verən o tufanı, qasırğanı.



Mən o ağrını, o tufanı, qasırğanı ən son bir məsum körpənin qəddarca qətlindən hədsiz sarsılmış bir ananın titrək səsində duydum, övladını itirən bir atanın çarəsiz baxışlarında gördüm, iliklərimdə hiss etdim. 


10 yaşlı Nərmin balanın cinayəti ilə bağlı aylardı gecəsi gündüzünə qarışan hamının peşəkar jurnalist, yazar olaraq tanıdığı, sevdiyi, mənimsə hər şeydən öncə bir dost olaraq, bir övlad və bir ana olaraq tanıyıb bildiyim Aysel Əlizadədən və dolayısıyla mərhum körpənin atası Şərif Quliyevdən gedir söhbət.  



Öncəliklə qeyd edim ki, cinayətin baş verdiyi ilk gündən Aysel xanımla bu proseslərin müzakirəsini aparmışıq. Dəfələrlə onun daxilən yaşadığı sarsıntının, can yanğısının, hiss və həyəcanlarının şahidi olmuşam. Bu qan donduran cinayətə  sadəcə jurnalist, yazar olaraq yanaşmayıb. Hər şeydən əvvəl bir ana kimi öz övladı yerinə qoyaraq izləyib baş verənləri. Normalı da bu olmalıdı zənnimcə. Peşə sonradan qazanılır, öncə biz İnsanıq. İnsan olaraq bu vəhşəti sakit izləmək mümkün deyil. 



Saytımızda da dəfələrlə dərc etdiyimiz "Nərmin cinayəti"ni məhz göstərildiyi kimi yox, öz baxdığı rakursdan görüb işıqlandırdığı üçün İlkin Süleymanovun növbəti məhkəməsində (məhkəmədən öncə, məhkəmə zamanı və sonra) Aysel xanıma qarşı müxtəlif qarayaxmalar və sözlü hücumlar oldu. Bu hadisənin birə-bir şahidi olaraq məsələyə aydınlıq gətirməyi özümə borc bildim. 



Deməli, məhkəməyə daxil olmazdan öncə qapı önündəcə İlkin Süleymanovun ailəsi və tərəfdarlarının  "Aysel xanım, niyə ötən gəlişinizdə Nərminin atasından müsahibə götürdüz, bizdən götürmədiz?!”, "Niyə onların evinə gedib sosmediada canlı yayın açdız, bizlə açmadız?!” kimi saysız hesabsız suallarla, ittihamlarla üz-üzə qaldıq. Çox demirəm, azacıq məntiq sahibi insan bilməlidi ki, öncəlik zərər çəkən ailənin olmalıdı. Sözü gedən məhkəmə öldürülən bir uşaqla bağlıdısa sözsüz ki, öncə o uşağın valideynlərinin, yəni zərər çəkən ailənin duyğu və düşüncələri dinlənilməlidir. Şübhəli bilinən şəxsi dindirmək isə istəyə bağlıdı, heç kimin buna borcu və öhdəliyi yoxdu. Və bu öhdəlik birbaşa hüquq mühafizə orqanlarına aiddir. Zənnimcə onlar da, bu işin öhdəsindən layiqincə gəlirlər. Xülasə qarşı tərəfin bu anlamsız ittihamlarını yarıda kəsib məhkəmə zalına daxil olduq. Məhkəmə başladı. Prosesi izlədiyimiz zaman birdən gözətçi polis mənə yaxınlaşdı və məhkəmə zalından uzaqlaşıb, yoxlama cihazından keçməli olduğumu dedi. Yoxlanışdan sonra Aysel xanım da eynilə çağırıldı, yoxlanıldı. Görünən o ki, Aysel xanımın əməliyyat sonrası istifadə etdiyi belindəki korset onlara (İlkin Süleymanovun ailəsi və tərəfdarlarına) dinləmə cihazı olaraq görünüb və məhkəməyə şikayət edilib. Məhkəmə sonrası isə çox ədəbsiz və həyasızca hücumlar davam etdi. "Belinizdəki dinləmə cihazıydımı?”, "Kimin sifarişiylə gəlmisiz?”, "Kimə işləyirsiz?”, "Buna görə nə qədər pul almısız?” və s. və i.a. Hətta bir neçəsi əminliklə "hə, mən də gördüm belindəki dinləmə cihazı idi” dedi. 

Bilirsiz ki, məhkəmə zalına dinləmə cihazı, telefon və s. aparmağa icazə yoxdur və heç kimin ağlına gəlmir ki, əgər bu həqiqətən dinləmə cihazıdısa, yoxlanışdan sonra təkrar zala necə buraxıla bilərdik? Bağıraraq

insana hücum etmək düşünməkdən çox asandı bəzən. Amma arada o beyinləri düşünmək üçün də istifadə etsək yaxşı olar. Ayrıca bütün məhkəmə proseslərinin səsi yazılır və istənilən mətbuat bunu əldə edə bilər. Hamının görə biləcəyi böyüklükdə səs aparatını kim belinə taxıb gələr? Nə qədər də gülünc ittihamlardı…


İstintaq, məhkəmə prosesi, prokurorluq qalıb bir yanda düşüblər mərhumun ailəsinə insan olaraq canı yanan, onları da dinləmək, anlamaq, söz haqqı tanımaq istəyən bir insanın üstünə. Eyni prosesi mərhum körpənin ailəsinə də ediblər. Yəni bu ölkədə baş verən 10 yaşlı uşağın faciəli ölümü qalıb bir kənarda "Ailə niyə yenidən övlad sahibi oldu?”, "Ana niyə ağlamadı?”, "Ata niyə sakitdi?”, "Ailə çox şeyi bilir və nəsə özünü müəmmalı aparır, burda nəsə qaranlıq bir şeylər var” kimi bir çox mənasız suallar, ittihamlarla sanki diqqətləri başqa tərəfə yönəltməyə çalışırlar. Elə danışırlar, elə görüntü yaradırlar ki, elə bil hər kəs İlkin Süleymanovu və yaxınlarını dinləməyə məcburdu, elə bil övlad itirən, zərərçəkən Şərif Quliyev yox İlkin Süleymanovdur. Məqsəd nədi? Belə etdikdə nə olur?  Ailə hər necə olursa olsun, lap tutaq ki, heç övladına sahib çıxmayan, laqeyd valideynlər olsun, lap uşaq ata-anasız yetim biri olsun, dövlət 10 yaşlı uşağın işgəncə altında ac-susuz saxlanmasına, təcavüz edilməsinə, başından vurularaq öldürülüb və sonda yandırılmasına - bu cür ağır bir cinayət işini aparmağa, cinayətkarı tapıb cəzalandırmağa məcburdu, elə deyil? O zaman nədən narahatdı bu insanlar? Əgər günahsızdılarsa onlar üçün nə fərqi var Aysel xanım kimlə müsahibə edir, hansı mövqedədi və ya Nərminin ata-anası kimə müsahibə verir, kimə vermir, yenidən övlad dünyaya gətirir, gətirmir bütün bunların məsələyə nə aidiyyatı var axı? Ortada vəhşicə qətlə yetirilən bir uşaq var və bu qətli kim yerinə yetiribsə o da layiqli cəzasını almalıdı. Məsələ bu qədər sadədi, qəlizləşdirmək, psixoloji basqılar, manipulyativ hərəkətlər etmək lazım deyil. Elin gözü tərəzidi deyirlər. Bu deyim bütün zamanların aktual kəlamı olub. El hər zaman fili fil, qarışqanı da qarışqa görüb. Bəs indi nə oldu bizə? Haqq tərəzimiz nə zaman  pozuldu? Nə zamandan bəri biz bir can itkisinə bu qədər laqeyd olduq?  Nə zaman biz övlad itkisini bütün qəlbiylə hiss edən, duyan birini bu qədər şərəfsizcə ləkələməyə, qara yaxmağa çalışmaqdan çəkinməz olduq?

Şərif Quliyevin evində Nərmindən savayı üç övlad daha böyüyür. Və ata digər övladlarını gözündən kənara buraxa bilmir, bir iş dalınca göndərə bilmir, sürəkli səksəkə içindədi. Ölkənin ucqar bir kəndində uşaq qonşuluqdakı evdə yaşayan əmisigilə belə rahat gedə bilmirsə, bu o deməkdir ki, bu ölkədə hər birimizin övladının can güvənliyi təhlükə altındadı. 



"Bir uşaq oğurlandı, öldürüldü, yandırıldı” – demək bəlkə də asandır.



"Mənim uşağım, bacımın, rəfiqəmin, əzizlərimin övladı oğurlandı, öldürüldü, yandırıldı”– deməmək üçün ata-ananı və onlara canı yanan insanları suçlayan kəslər,  lütfən, əlinizi vicdanınıza qoyun. Bir anlıq özünüzü o ailənin yerinə qoyun bu ailənin yaşadığı travma sizə asan gəlməsin. 



O ki qaldı Aysel Əlizadəyə qarşı əxlaqsızca edilən böhtanlara…



Aysel Əlizadə imzasına bələd olan, onu yaxından tanıyıb bilən, yaradıcılığını diqqətlə izləyən hər kəs bilir ki, o hər zaman həqiqət yolçusu olub, istər məqalələrində, istər çıxışlarında, istərsə də öz həyat yolunda hər zaman əzənin yox, əzilənin yanında olub. Onun heç kimə qərəzli münasibəti olmayıb və heç kəs ona sifarişlə heç nə yazdıra bilməz. O hər zaman haqqın yanındadı. Nahaqqı heç vaxt müdafiə etməz. Haqq hardadısa ordadı Aysel Əlizadə. Əgər İlkin Süleymanovu və ailəsini dindirmək istəməyibsə, deməli, haqqı onların yanında görməyib. Və özü də dəfələrlə ifadə edib ki, mən əgər görsəm ki, haqsıza arxa çıxıram çıxıb milyonların qarşısında üzr istəyərəm. Bu qədər də böyük ərdəm sahibi bir insandı yəni. 



Və sonda…



Bir kitabda oxumuşdum bir uşaq "Ya Aburnee” yazılı bir tatu yazdırmışdı boynuna. "Məni basdır” idi anlamı.. Sevdiklərinin ölümünə dözə bilməyəcəyini, onlardan əvvəl ölmək istədiyini izah edən ən anlamlı söz bu olsa gərək. Sənin yoxluğuna alışa bilmərəm, dözə bilmərəm məni basdır... Sonsuza gedəcək ilk insan mən olum, İlahi.. Sevdiklərimi alma məndən…

Diqqət etsəz bu sözü övladını itirən hər bir ata-ananın (fərqi yoxdu övladı Şəhid olub, qəzada ölüb, qətlə yetirilib) gözündən oxuya bilərsiz. Bunun üçün illah da göz yaşı axıtmağa gərək yoxdu, gerçək göz yaşları ürəyə axıdılandı. 



Ümid edirəm ki, həqiqət gec-tez öz yerini tapacaq. Nərmin balanın qanı yerdə qalmayacaq. Həm Nərmin balanın ruhu, həm də Aysel Əlizadənin narahat ana ürəyi sakitlik tapacaq.



Günel Dəniz

qadinkimi.com