Hikmət Mirzəyevi tanıyaq:"Onunla döyüşmək intihara
bərabərdir”
Əfsanəvi sərkərdə!
Əzəmət, vüqar simasında məskən salmış bir adam düşünün. Gözlərindəki dərinlik, üzündəki məğrurluq nələr danışır, nələr… Amma özü susur. Gördüklərini də, yaşadıqlarını da, elə özünü də gizlədir. O, sirr qutusudur, hər kəsə maraqlıdır. Şuşa fatehi, general-leytenant Hikmət Mirzəyevi deyirəm. Çoxları Vətən müharibəsində tanıdı cənab generalı.
Bir də illərdir, keçdiyi şərəfli hərb yolu var.
Onun haqqında məqalə hazırlayanda çox axtardım, oxuculara ətraflı məlumat vermək üçün araşdırdım. İnanın, Hikmət Paşanın yaşı da bilinmir. Sadəcə Biləsuvarda dünyaya göz açdığı məlumdur. Fəqət təvəllüdü neçədir bəlli deyil. Yalnız təxmin edə bilərik, hər halda 40-dan çox olar. Nə isə...
Hikmət Mirzəyev haqqında əldə etdiyim faktlar:
Hikmət İzzət oğlu Mirzəyev Azərbaycan Silahlı Qüvvələri Xüsusi Təyinatlıların komandanıdır. Ümumilli Lider Heydər Əliyevin prezident olduğu illərdə polkovnik –leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini məhz Heydər Əliyevin özü təqdim edib. 19 yanvar 2002-ci il tarixində Ulu Öndərin sərəncamına əsasən Hikmət Mirzəyev general-mayor ali rütbəsinə layiq görülüb.
Eyni zamanda Hikmət Mirzəyev 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyi üçün Heydər Əliyevin fərmanına əsasən "İgidliyə görə” medalı ilə təltif edilib. 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmət” ordeninə layiq görülüb
Hikmət Mirzəyev 2016-cı ilin aprelində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. O 4 günlük döyüşlərdə qazandığımız zəfərlər, məhv edilən erməni qüvvəsi elə Hikmət Paşanın adı ilə bağlıdır.
44 günlük Vətən müharibəsində də Hikmət Mirzəyevin həm özü , həm də aslanları düşmənin nəfəsini kəsdi. Cəbrayıl rayonunun azad edilməsi əməliyyatı generalın başçılığı ilə həyata keçirilib. Hikmət paşa və xüsusi təyinatlıları Şuşanın azad edilməsində də misilsiz qəhrəmanlıq göstəriblər. Bu səbəbdən onlara Şuşa fatehləri deyirlər. Həm də mənfurların canına müdhiş qorxu salıblar. Xüsusilə də general-leytenant Hikmət Mirzəyev ermənilərin qorxulu röyası olub. Demə düşmənə şok yaşatmaq üçün təkcə Hikmət paşanın adını çıkmək kifayət imiş.
Ali Baş Komandan Cəbrayılın və Şuşanın işğaldan qurtuluşu münasibətilə H.Mirzəyevlə danışaraq, ona təbriklərini çatdırıb.
Müharibədən sonra ölkə başçısı generala "Vətən müharibəsi qəhrəmanı” adı verib, onu Cəbrayıl, Füzuli, Qubadlı, Kəlbəcər və Şuşanın azad olunmasına görə medalları ilə təltif edib. Tarixi 10 dekabr paradında Hikmət komandanla birlikdə Xüsusi Təyinatlı Qüvvələrin bir hissəsi xalqın qarşısına çıxdılar. Hər kəs kimi mənə də Hikmət paşa maraqlı gəlirdi, onun üzünə diqqətlə baxdım. Simasındakı ifadəni sözlə izah edə bilmərəm. Amma bir cümlə oxudum, hisslərimə tərcüman oldu :
"Generalın üzündə övladını itirmiş bir atanın kədəri var”.
Bəli, o ağrını hiss etmək olurdu. Lakin qüruru və məğrurluğu, özünəməxsus şux duruşu da yerində idi, dosta fəxarət, düşmənə göz dağı bəxş edirdi.
Onun haqqında sosial şəbəkələrdə bir əfsanə dolanır:
"Hikmət Mirzəyev çox sərt xarakterə malik, təmkinli, soyuqqanlı və hər bir addımını yüz ölçüb-biçən hərbçidir. Onu təəccübləndirmək və nə isə diktə etmək çətin məsələdir. Üz cizgiləri hər şeyi deyir. Ancaq internatda böyüyən əsgəri şəhid olanda H.Mirzəyev onu qucaqlayıb, hönkür-hönkür ağlayıb”.
İnanıram.
O, sərt baxışların arxasında belə qəlbi təmiz, kövrək adamın olduğuna əminəm. Zatən ona görə araşdırmaq istədim Hikmət paşanı. Onu tanıyanları tapmaq üçün çox çalışdım. Həm ünvanına yazılan rəylərə, həm də statuslara nəzər yetirdim.
Hikmət paşayla biləsuvarlılar xüsusilə qürur duyur. Bu rayondan olan Nurlan Mirəli söyləyir ki, o uşaq olanda Hikmət Mirzəyev rayondan çıxıb. Ona görə yaxından tanımır, amma fəxr edir:
"Onunla eyni rayonda doğulmuşuq,eyni küçələrdən keçib, məktəbə getmişik. Eyni məhəllələrdə oynamışıq, eyni kanalın suyunu içmişik. Qardaşını, qardaşı və bacısı uşaqlarını, bütün qohum-əqrəbasını tanıyırıq, çox səmimi olduğumuz yaxınları var. Bunun qürurunu yaşamaq başqa hissdir. Bütün yaşananlar tarixdir və tarix yazılırsa, orda Şuşa fatehi Hikmət Mirzəyev də var. Qürurumuzsan, paşam”.
İlkin Əsədov: Fikri hələ də müharibədədir. "Daha az igidimi itirmək üçün nə etsəydim” - deyə fikirləşir. Gözləri bunu deyir.
Jurnalist Elçin Alıoğlu isə belə düşünür:
"O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir. Döyüşdə Hikmət Mirzəyevlə üz-üzə gəlmək rəsmən intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir. Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi təsadüf deyildi”.
Onunla birgə savaşan və adının çəkilməsini istəməyən igidlərindən biri xatirələrini belə yada salır:
"Çox sərt və qəddar görünür. Lakin bir o qədər də həssas, istiqanlı insandır. O, qorxu nədir bilmir, tanımır. Döyüşdə mərmilər yağış kimi səpələnirdi. Bir tərəfdən də snayperlər nişan alırdı, başımızı qaldıra bilmirdik. Amma o, uzaqdan bizi gördü, ayaq üstə, yeriyə-yeriyə yanımıza gəldi. Bir az söhbət elədi ki, kefimiz açılsın. Sonra eynilə mərmi yağışının içindən getdi. Hətta bizim uşaqlardan biri qalxıb, onu snayper atəşindən qorumaq üçün yanında getmək istədi. General dedi ki, siz özünüzü qoruyun, məndən nigaran qalmayın. Ümumiyyətlə, çox mərd və cəsarətli adamdır. Öz şəxsi heyətini, XTQ mənsublarını kiməsə əzdirməz. Nə isə problemimiz olanda, başqaları kimi incitmək əvəzinə arxamızda durur. Məsələ həll olunana kimi əl çəkmir. Belə bir cəngavər savaşçıdır”.
Hərbi ekspert Ədalət Verdiyev də Hikmət Mirzəyevlə bağlı fikirlərini "Sherg.az”la bölüşüb:
"Onunla 1992-ci ildə birgə xidmət etmişəm, sonra ayrılmışam. Bilirəm ki, həm birinci, həm də ikinci Qarabağ savaşında kifayət qədər uğurla iştirak edib. Hikmət peşəkar hərbçidir. Əvvəlcə hərbi məktəbi, sonra Türkiyədə hərbi akademiyanı bitirib. Ardınca Xüsusi Təyinatlıların kurslarından sertifikatlar alıb.
Azərbaycanda hərbçi kimi nümunə axtarsaq, birinci general-leytenant Hikmət Mirzəyevi göstərmək olar. Sadə olmaqla yanaşı tələbkar, peşəkar, öz işinin ustasıdır.
Məsələn, müharibə dövründə döyüş zonasında əllərində telefonla ortalıqda dolaşanları var idi. Bunun bizə ziyanı da dəydi. Heç bir dəfə də Hikmətdən uyğunsuz hərəkət, söz görmədik. Görəcəyimizi də düşünmürəm”.
Ümid edirəm ki, sizə Hikmət paşanı daha yaxşı tanıda bildim. İndi isə elə onun özünə sözüm var.
Cənab general, bir gün oxumağınız ümidi ilə yazıram. Biz general dərdinin, itkisinin nə olduğunu yaxşı bilən millətik. Bir dağımız devrilib, ürəyimizə dağ çəkdi. Yəqin siz də çox üzüldünüz. Adını çəkəndə nitqim tutulur, ona görə çətinliklə deyirəm, general-mayor Polad Həşimovun şəhadətindən danışıram. Əksəriyyət onu sağlığında tanımadı.
Bu üzdən dərdimiz də ikiqat çoxdur. Nə xoş ki, sizi tanıyırıq, bilirik. Şuşa fatehimiz Hikmət Mirzəyev, sizə sonsuz hörmətimiz və sevgimiz var. Bunu əminliklə, bütün xalqın adından qeyd edirəm. Allah sizi qorusun, hələ uzun illər Xüsusi Təyinatlı oğullarınızın başından əskik etməsin. Siz də şəhid atasısınız, axı döyüşdə itirdiyiniz hər əsgərinizi övladınız kimi sevirdiniz. Ona görə həm də Tanrıdan sizə səbr diləyirəm. Sizdən bir müsahibə ümidilə...
Var olun, PAŞAM !