Nə fahişələrə, nə də ərəblərə qarşı qərəzim yox idi. Düşünürdüm ki, alan razı, satan razı. Nə işimə qalıb? Ta ki, bir gecəyə qədər.
Gecə saat 01.00 radələri idi. Məkanlardan birində uzunmüddətli partnyorumla münasibətimə son qoyub şəhərin mərkəzində bir az dərd çəkmək istəyirdim. Amma mərkəzə çatanda həyatım boyunca özümə vermədiyim sual ortaya çıxdı. Harda oturum ki, fahişəyə oxşamayım? Skamyalara baxdıqca, Məşədi İbadın güzgü qabağındakı monoloqu yadıma düşürdü. Burda otursam, elə biləcəklər, yan skamyadakı ərəblərə görə gəlmişəm. Orda otursam, düz işıq düşən yerdi, deyəcəklər ki, ərəbləri çağırıram. Ən yaxşısı, "alver” olmayan yer seçmək idi. Amma mərkəzdə istirahət haqqımın belə asan əldən çıxmağını qəbul edə bilməzdim. Bir boş skamya tapıb oturdum. Beş dəqiqə keçməmiş, orta yaşlı bir ərəb kişi də mənimlə eyni skamyaya əyləşdi. Qısa şortlu qız və ərəb. İndi elə oturmalıydım ki, bu kişi ilə heç bir əlaqəmin olmadığını nümayiş etdirim. Əlimlə başımı tutub bir az fikirləşməyə başladım. Yaxşı ideya deyilmiş. Yoldan ötən gənc oğlanlardan "Depresyondayım”, "Kövrəlib” kimi replikalar eşidəndə başımı qaldırdım.
Bir gecədə iki sevgilimi itirmişdim sanki. Bu küçə də, bu skamya da, bu ağacın, bu fənərin altı da artıq mənim deyildi. Bakı artıq mənim deyildi. Fahişələrin və ərəblərin ovlağıydı. Amma işıqlı gecələrini sevdiyim sevgilimi tərk etməyə tələsmirdim. Ayağımı dişləyən ağcaqanadlara rəğmən heç yerə getməyəcəkdim.
Bir azdan ərəbin dostu da gəlib aramızda əyləşdi. "Hello, madam” deyib mənə nəsə təklif etdi. Əlindəkinin nə olduğunu ayırd etməsəm də, başımı bulayıb, üzümü çevirdim. "Birşey-mişey” olmayacağını başa düşüb, axır ki, skamyadan durdular. Tək qaldım.
Bakının dərdi mənə keçmiş partnyorumu da unutdurmuşdu.
Vəziyyətə bir tərəfdən bakılı, bir tərəfdən feminist kimi baxırdım. Öz-özümə verdiyim suallara cavab tapmağa çalışırdım. Axı feminizm öz bədənini satmaq hüququnu tanıyır. Əgər fahişəlik mənə görə pis sənət deyilsə, fahişə hesab olunmaq məni niyə narahat edirdi?
Çünki, feminizm seks işçiliyinə qarşı çıxmasa da, seksual obyektivləşməyə qarşı idi.
Seksual obyektivləşmə - başqa bir insana yalnız öz şəxsi seksual məmnuniyyətini təmin etmək üçün alət (obyekt) kimi münasibət göstərməkdir. Qadına qarşı istehlakçı münasibət onu ikinci növ insana çevirir, lakin patriarxal cəmiyyətdə bu o qədər normal hala çevrilib ki, bəzən biz bunu görməkdə çətinlik çəkirik. Feministlərin mediada və reklamlarda qadının seksual obyekt kimi görülməsinə qarşı mübarizə apardığı bir dövrdə mən mərkəzi küçədə skamyada oturarkən seksual obyektivləşmə ilə üz-üzəydim.
Necə ki, Madaqaskar multfilmində aslanın gözündə bütün zebralar ət tikəsinə bənzəyirdi, ərəblərin də gözündə bakılı qızlar ət tikəsiydi. Məni narahat edən məhz bu idi. Şəhəri öz istirahətim üçün rahat istifadə edə bilməmək, skamyada oturarkən şəhər sakini deyil, ət parçası, "easy meat” olmaq. Dincəlmək əvəzinə psixoloji gərginlik yaşamaq.
Bəs problemin həlli necə olmalıydı? Bu sualın cavabını tapa bilməmişdim.
Müəllif: Gülnara Mehdiyeva
Qadinkimi.com