Güclü böyüdək övladımızı...
Elə böyüdək ki, həyatda hər şeyə hazır olmasını bilsin, hər kəsdən her şey gözləməsini öyrənsin, hər an həyatın ona yeni surprizlər hazırladığını, hazırlayacağını dərk edərək yaşasın. Sevinc kimi kədərin də olacağını anlasın.
Güclü böyüdək övladımızı...
Qızımızı xüsusilə güclü böyüdək. Güc kişidən çox qadına lazımdır. Mənən güclü böyüdək. İradəsiylə, ağlıyla, savadıyla, dərkiylə güclü olsun.
Məncə kişi həyatı daha bəsit yaşayar, ya daha adi yanaşır. Qadın isə daha incə, daha həssas, daha dərindən. Bu dərinlik içində itib-batmasın, boğulmasın deyə güclü olmalıdır qadın. Həyatında baş verən qasırğaların, tufanların, küləklərin qarşısında güclü dayana bilsin, yıxılmasın deyə güclü olmalıdır. Yıxılmasın ki, yıxılmağını dörd gözlə gözləyənlərin ona uzatdığı əldən tutmaq məcburiyyətində qalmasın. Yıxılsa belə, özü qalxa bilsin. Həyatda başına nə gəlirsə - gəlsin, tək öz gücünə güvənsin, tək çıxış yolunun öz mənəvi gücü olduğunu dərk etsin və bu güclə ayağa daha möhkəm qalxsın, daha möhkəm yapışsın həyatdan, daha mərdanə dayansın, daha böyük addımlarla irəliləsin.
Güclü böyüdək qızlarımızı...
Hər addımda öz qürurunu qorusun, öz qüruru üçün saxlasın namusunu, öz qüruru üçün yüksəlsin xanımlıq mərtəbəsinə, öz qüruru üçün davransın həyatda. Atası, qardaşı, yoldaşı, oğlu üçün namus qoruyanlardan olmasın. Sabah onların həyatda olmaması "istədiyimi edə bilərəm" demək olmasın onun üçün. "Mənə yaraşmaz"ı anlasın, anladığı üçün çəkinsin pis əməllərdən, insanlara pislik etməkdən, vicdansızlıq etməkdən. Özü üçün, Öz qüruru, Öz vicdanı üçün yaşasın ki, başqasının qürurunu da tapdalamasın, başqasının vicdanına hörmət etsin, ona güvənən, inanan insanlara sözün bütün mənalarında xəyanət etməsin.
Güclü böyüdək ki, vicdanı, mənəviyyatı gücsüzlərdən qoruna bilsin!!!
Güclü böyüdək ki, güclü olaq!
Gülnar Abdullazadə
qadinkimi.com