QADIN / KİŞİ
İlqar Kamil yazır - Gerçək bəy Tarix : 30 İyul 2019, 18:13
Yazar :
İllər əvvəldi, dostumun qonağıyam, ailəsiylə problemləri var; anlaşmırlar, yola getmirlər, kəsəsi, ayrılmaq üzrədirlər. Dostum narahatdı, nə edəcəyini bilmir, af-uf edib durur, gah özünü, gah da xanımını günahlandırır. Dərd budur ki, problemin qaynağını da bilmir. Mənə, vaxtıyla xanımına yazdığı sevgi məktublarından danışır, nişanlı dövrlərini anladır, "o məni sevirdi” deyir, - "indi isə...” ardını gətirə bilmir, qəhərlənir... sonra qəfil dikəlib, xanımı duymasın deyə xısın-xısın pıçıldayır:

"Canıvı yeyərəm, qardaşım, bizə bir psixoloq gözüylə bax gör nədi məsələ, axı biz bir-birimizi sevirdik, niyə belə olduq, niyə bu günə düşdük?”

Sonra təklifinin ayıb olduğunu düşünərək düzəliş eləyir: "əşşi, boş ver, onsuz da iş işdən keçib artıq”.

Bir söz demirəm, nə deyim ki?...

Axşam birlikdə gəzintiyə çıxırıq, 3 yaşlı oğulları da bizimlədi, yan-böyrümüzdə ora-bura qaçır, atılır-düşür, yorulur, yuxusu gəlir. Xanım uşağı alır qucağına. Davam edirik, gəzirik, dolaşırıq: uşaq hələ də xanımın qucağındadır və hiss edirəm bərk yorulub, "ver mən götürüm, bacı” deyib, uşağı ondan almaq istəyirəm, amma etmirəm, axı əri var – böyrümüzdə əlini sallayıb dəvə ləngəriylə, vecsiz-vecsiz yeriyən əri.

Evə qayıdırıq. Qapının ağzına çatanda əyilib dostumun qulağına pıçıldayıram: "deyəsən problemin kökünü tapdım”. "Necə, nə, nədir ki?” –deyib çaşqın baxışlarla gözlərimə zillənir. Gözlərimlə işarə edib qucağı uşaqlı xanımını göstərirəm:

"Sən yanında ola-ola yolboyu yükünü özü daşıyan yorğun qadın səni niyə sevsin, niyə istəsin ki?”

Bilirsiz, məncə, qadının bu dünyadakı ən böyük ehtiyacı güvənli bir çiyindir. Elə bir çiyin ki, qadın ona başını yaslarkən dağa söykənib düşünsün, qorxusu keçsin, gözü xumarlansın, əsnəsin, yuxulasın və hətta yatsın mışıl-mışıl. Qadın üçün ən rahat yastıqdı kişi çiyni.

Məsələn, Necat İşlərin baş rolda oynadığı "İkimizin yerinə" adlı filmini xatırlayıram; öyrətməninə aşiq olan şıltaq bir qızın hekayətini danışır, üstəlik, elə filmin özü də şıltaqdı, məsumdu, qadın kimidi, şeir kimidi. Budur, müəllimlə qız yan-yana əyləşiblər, deyib, gülüb, danışırlar. Birdən müəllim qayıdır ki, "indi, elə indi bu saat ürəyindən keçən ən gözəl şeyi et". Müəllimin beynindən, bəlkə də, nələr keçir, nələr, qızsa əvvəl xumar-xumar gülür, sonra ehmalca, çox ehmalca başını onun çiyninə söykəyir, sadəcə bu!

Elə bil qayaya kəpənək qondu.

İndi o qıza soruşsan ki, ətrafın kişiylə doludu, niyə məhz bu öyrətmən? Yəqin, cavabı belə olacaq:

Onun elə güvənli çiyinləri var ki...

Olsun, buyur sən oyandan başla ki, qadın azadlığı, belə, helə, filan və sair... Mənsə düşünürəm, yalnız çərçivələri olan azadlıq gözəldi - başqa cürü sərgərdanlıq! Məsələn, mənim aləmimdə, ailə həyatı qurmuş qadının yoldaşının qollarındakı (əhatə dairəsindəki) azadlığı daha qəşəngdi, nə inki hansısa subay qızın titrək, ürkək sərbəstliyi. Əlbəttə, kişi kişidirsə, qadın ona gələrək kölələşmir, əksinə, arın-arxayın, qorxusuz-hürküsüz, olduqca ləzzətli bir azadlığa qovuşur.

Və mənə görə əsl xoşbəxt ailə modeli məhz belədir: qadın, sevdiyi kişinin yanında heç nədən, heç kimdən qorxmur, hətta kişinin özündən belə!

Bəyinin əsəbi-zəhmindən (insanlıq halıdır, hərdən olur) elə bəyinin özünə sığınan qadın - necə də möhtəşəm qadındır və qadını üçün bu şəraiti, bu güvəni və bu hüzuru yaradan kişi - necə də gerçək bir bəydir!

 
Qadinkimi.com