KİŞİ KİMİ
Gənclər gününə özəl - Əbədi öndərimiz M.Ə.Rəsulzadənin gəncliyə xitabı! Tarix : 02 Fevral 2019, 12:11
Yazar : Qadinkimi.com
Fevralın 2-si ölkəmizdə " Gənclər günü" kimi qeyd olunur. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda keçirilib. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. 

Dünyada yalnız 1998- ci il avqustun 8- dən 12- dək Lissabonda keçirilən Konfransda BMT- nin qərarı ilə avqustun 12- si gənclər günü elan olunub. Bu əlamətdar tarixi gün münasibəti ilə bütün gənclərimizi və özünü gənc hiss edənləri təbrik edir, əbədi öndərimiz M.Ə. Rəsulzadənin  1920- ci ildə Azərbaycan gəncliyinə etdiyi müraciətini təqdim edirik:


"Ey gənclik!
Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz!

Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu.

O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: "Irəli, irəli Azərbaycan əsgəri" - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.

Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan".

Lahıc, İyul 1920
"Əsrimizin Siyavuşu" Gəncliyə Xitab