Qəhvə dadında qadın
Sən gələndə ümidlərin yorğun vaxtıydı,
Sən gələndə bu həyatın durğun vaxtıydı.
Sən gələndə mən əlimi səndən üzmüşdüm,
Qədəhimə şərab deyil, zəhər süzmüşdüm.
Unutmuşdum sevginin də şirin dadını,
Ömrümə ayaq ucunda gələn qadını...
Sevgilərin uçqununda çılğın əllərim
Kürəyindən sürüşəndə ipək tellərin...
Qar yağmışdı, pıçıltıyla dedin ki, qışdı,
Sən ovcumda əriyirdin qartək o qışda.
Sinəmdə bir köz alışır payız çağında,
Gəl, isti bir qəhvə dəmlə yağış yağanda.
Qışda gəlmə, qışda gəlmə, qışdan qorxuram,
Yağış yağır, pəncərədən sənə baxıram.
İndi sənin dodaqların orda üşüyür,
Çiçək kimi yanağında solub gülüşün.
Kirpiyində damla-damla nisgil hıçqırır.
Yağış yusun aparsın qoy bu ayrılığı.
Sən gələndə dodaqlarım susuz qalmışdı,
Siqareti siqaretə hey calamışdım.
Sən gələndə dörd tərəfim tüstü-dumandı,
Sən gələndə yaşamağım zəif gümandı.
Sən gələndə Günəş batdı, Ay da göründü,
Bu payızdan sağ çıxmasam, günah sənindi...
Şeir: Kənan Hacı
qadinkimi.com