FEMİNİZM
Futbolun feminin kökləri - doğum-ölüm ritualları ilə əlaqəsi… Alov İnanna yazır Tarix : 20 Dekabr 2022, 12:00



Futbol da daxil olmaqla əksər oyunların kökü (incəsənətdə olduğu kimi) qam-şaman ritualları ilə bağlıdır, başqa sözlə dinidir. Oyun sözünün qədim türkcədə „qam-şaman" demək olması da bu səbəbdən heç təsadüfi deyil. 


Bir zamanlar dini mərasimlər – mistik-dini mənalar yüklənmiş oyunlarla, ya da dini hadisələri canlandıran teatr tamaşaları ilə müşayət edilirdi. Məsələn, məhərrəmlik vaxtı göstərilən şəbehlər həmin ənənənin islam libası geyindirilmiş uzantısıdır. Yaxud, Novruz bayramındakı Çömçəxatun, Keçəl-Kosa tamaşaları, oyunlar və yarışlar da min illərin o tayındakı kult və mərasimlərdən günümüzə kimi sızıb gəlib.


Müasir futbol oyununun adı və tarixi ingilis dili və İngiltərə ilə əlaqələndirilsə də, bu oyun bir az fərqli formalarda Şimali və və Cənubi Amerikada mayalarda, azteklərdə, Anadoluda, Çində, antik Yunanıstanda, Spartada, İtaliyada və s. mövcud olub. Mahmud Qaşğari Divanü Lüğət-it-Türk əsərində 11-ci əsrdə Orta Asiyada yaşayan türk xalqlarının arasında Təpük (Təpik) adlı top oyununun çox məşhur olduğunu göstərir. 


Bəzi araşdırmalara görə futbol 5 min il bundan əvvəl Çində „Cuju" adıyla oynanırdı. Bu oyun, mayalarda müqəddəs top oyunu kimi „Öllamalitzil" adlanırdı. Futbol dualist təsəvvürlərin meydana gəlişindən sonra bir-biri ilə döyüşən əks qütbləri, kosmik dualizmi ifadə etməyə başlayır. Bu əksliklərin döyüşü bir çox bayramların məzmununda qalıb; məsələn, dekabrın 21-də Çillə gecəsi bayramında, (yəni gecənin gündüzlə döyüşü və gündüzün qələbəsi), həmçinin Novruz bayramında (qışın məğlubiyyəti) və s. Futbol iki qarşı tərəfin döyüşünü əks etdirsə də, onun qədim kökləri bizi bütünlüklə yenidəndoğum inanışına aparıb çıxarır.


 Bir zamanlar futbol dairəvi meydançalarda gerçəkləşirdi. Dairəvi formalı oyun meydançaları 17 əsrə qədər qalıb. (Aşağıda şəkil var; Florensiyada futbol)


Simvolistikada dairə hər zaman feminin bir işarə kimi ana bətnini, ya da ana qarnını, həmçinin insanlığın ilk inamı olan yenidəndoğumu təmsil edir. Matriarxal zamanlardan üzü bəri, Afrikadan Arktikaya qədər dünyanın hər yerində bütün yaşayış məskənləri – evlər, aullar, kəndlər, kult yerləri və s. ana qarnı, ana bətni ilə eyniləşdirilərək dairəvi formada hazırlanırdı. İlk vaxtlar ritual kimi düşünülən futbol oyunu da, yuxarıda dediyim kimi dairəvi meydançada keçirilirdi və bu dairənin ortasından keçən xətt onu ikiyə bölürdü. 


Yeri gəlmişkən, Barbara G. Walker yazır ki, çevrəni iki yerə bölən düz xətt – diameter, qədim yunancada hərfi mənada „Tanrı-ana" deməkdir və bu söz antik yaranış miflərində (kosmoqoniya) istifadə edilirdi. Həmin miflərdə Dünya ananın bədəni (Tiamat, Themis, Temu, Maa və s.) iki yerə bölünür, onun yarı hissəsindən göy, yarı hissəsindən isə yer yaranır. Futbol sahəsi də ikiyə bölünürdü və ortasında dairə, dairənin içində dəlik olurdu, hazırda həmin dəlik dairə içində kiçik nöqtə kimi mövcudluğunu qoruyur. Futbolun sirri – həmin dəlikdədir. 


Dünyanın hər yerində bir zamanlar dəliklər, çalalar, çuxurlar, müqəddəs Torpaq ananın göbəyi, analıq, orqanı, ya da onun yeratı məkanına gedən qapı və ya keçid hesab edilirdi. Oynayan tərəflər topu həmin dəliyə atmalı idilər. (Klaus Schmidt Göbəklitəpədə də tapılan dəlikləri „ruh dəlikləri" adlanıdırır. Şəkil 2.). Dəliyə girən top – yeraltına, Torpaq ananın qoynuna düşmüş olurdu. Hazırda dəliyi qapı əvəzləyib. Bəs qapının mənası nədir?

Yeraltı dünyanın qapısı olan dəliklər sonradan zamanla topun vurulduğu qapı formasına düşüblər. 


Dəliyin daşıdığı simvolik mənalar qapı simvoluna da aiddir. Qədim insanlar yaşadıqları yeri, məsələn, mağaranı, ya da qazmanı, ya da aulu ana bətni kimi qəbul edirdilər. Demək olar ki, bütün dillərdə ev sözü ilə ana, ana bətni arasında əlaqə var. İnsanın ana bətnindən dünyaya çıxışı analıq orqanı vasitəsi ilə baş tutur.  Qapı simvolunun ilkin və ən çox yayılmış mənası analıq orqanı ilə bağlıdır. Daosizmdə Dao "Qaranlıq dişinin qapısı” kimi bütün mövcudatın anası sayılır. Qədim yunancada üçbucaqla göstərilən böyük delta hərfinin (Δ) mənası "müqəddəs qapı” idi. Bu hərf-simvolla analıq orqanı – vagina nəzərdə tutulur, insanın dünyaya bu müqəddəs qapıdan gəldiyi qəbul edilirdi.


Qədimdə analıq orqanı müqəddəs hesab edilir və məbədlərdə ona səcdə edilirdi. Ta bu yaxınlara qədər qapının müqəddəs sayılması, onun içindən keçərkən qarşısında əyilmə, həmçinin yuxarısına oval forma verilməsi qorunub saxlanılıb. Aul mədəniyyətini davam etdirən xalqlarda qapı hələ də elə qurulur ki, işəri girəndə hörmət mənasında onun qarşısında əyilib keçməli olursan.  


Şəkidə də adamı əyilməyə məcbur edən oval formalı darvaza qapıları indiyədək durur. Dünyaya "qapıdan” gələn insan öldükdən sonra yenidən doğulması üçün fetus formasında ana bətni kimi düşünülən qəbirə, ya da küp qəbirə qoyulurdu. Bir çox miflərdə, eləcə də dinlərin əksəriyyətində öldükdən sonra o biri dünyaya keçiş bir qapıdan keçməklə mümkün olur. Məsələn, yunan mifologiyasında yeraltı dünyanın qapısı üçbaşlı Kerber tərəfindən qorunurdu, yaxud, təkallahlı dini təsəvvürlərə görə, o dünyaya gediş, məsələn, cənnət və ya cəhənnəm qapısından keçməklə gerçəkləşir.


Futbol oyununda iki rəqib komandanın bir-birinin qapısına eyni topu davamlı olaraq ötürmək istəməsi – ölüm-doğum-ölüm-doğum ritualının oyun şəklinə salınmasıdır.

Amerika yerlilərində də mövcud olan bu top oyunu min illər boyunca müqəddəslyini mühafizə edə bilib. 


Mayalarda oyun meydançası H hərfi şəklində hazırlanır. Onların Öllamalitzil adlandırdıqları top oyunu da həyat, ölüm, yenidən doğum ritaullarını canlandırırdı. Sonralar bu oyun meydanı hərfi mənada ölüm-dirim savaşına dönür: məsələn, vaxtilə Quatemalada Ölama  adlandırılan futbol oyununda uduzan komanda üzvləri qurban edilirdilər. Orta əsrlərdə də futbol oyunu ölüm və xəsarətlərlə müşayət edildiyinə görə dəfələrlə krallıq və kilsə tərəfindən qadağan edilib. 


Mayaların müqəddəs kitabı olan Popol Vuh-da H hərfi kimi təsəvvür edilən futbol meydançasında doğmaqda olan ana tanrıça rəsmi var. (Şəkil 3. Meydançada doğan ana tanrı) Bu şəkil futbolun doğum-ölüm kultunu ifadə etməsini göstərən bariz sübutlardan biridir. 

Futbolun hazırkı dördbucaqlı formalı sahədə oynanılması da onu feminin məzmundan uzaqlaşdırmır. Çünki əksər həndəsi fiqurlar kimi, dördbucaq da, kvadrat da Dünya ananın dörd istiqamətini və dörd bucağını simvollaşdırır. Daosizmə görə „hər şeyin anası Dao” dördbucaqlı Yeri yaradır. Şimali Amerikada Pueblo hindularının inanışına görə dünyanın yaradıcı bir "düşünən qadın”, ya da "toxuyan qadın”dır. O iki ip toxuyur və onların mərkəzini dörd yerə bölərək dörd  istiqamətli və üfüqlü Yeri yaradır. 


Bu gün futbol maskulin bir oyun kimi, mübarizə, döyüş ruhu, qarşısındakını məğlub etmə ehtirası aşılayaraq öz feminin keçmişindən min illərlə uzaqda qalıb.




Alov İnanna

qadinkimi.com