BURA / ORA
Fransa Senatından qalmaqallı hicab qadağası! Tarix : 26 May 2019, 17:10
Yazar : Qadinkimi.com
Fransada skandal qərar! Məktəblilərin valideynlərinə hicab qadağası qoyuldu.
 


Məktəblilərin valideynlərinə hicab qadağası qərarı geniş müzakirələrə səbəb oldu. 
Fransada qadınların məktəb gəzintilərində iştirakı zamanı hicabla gəlməsini qadağan edən qanun layihəsi səs çoxluğu ilə qəbul olunub. Mərkəz Sağ Cümhuriyyətçilər Partiyasının təklif etdiyi maddə 100 "xeyr” səsinə qarşı 186 "bəli” səs çoxluğu ilə qəbul edilib. 159 senator isə bitərəf səs verib. 
Bu maddənin qüvvəyə minməsi üçün Parlamentdə təsdiq olunması lazımdır. Bu səbəbdən də qadağa ətrafında müzakirələr başlayıb. 
Fransanın təhsil naziri Jan-Mişel Blanker bu maddənin Dövlət Şurasının qərarına zidd olduğunu və məktəb ekskursiyalarının inkişaf etdirilməsində problem ortaya çıxaracağını vurğulayıb. 
Mövzuyla bağlı açıqlama verən sosialist deputat Vivian Artiqalas məsələnin hüquqidən çox siyasi olduğunu və senatorların bəhanə tapdıqlarını deyib. 
Fransa Məscidlər Birliyinin sədri Məhəmməd Moussaoui isə bu qərarın din azadlığına zidd olduğunu açıqlayıb. Moussaoui millət vəkillərinə bu maddənin qəbul edilməməsini və fərqli inanclara sahib vətəndaşlara bərabər yanaşılmasını təmin etmək barədə müraciət edib. 

Qərarı müdafiə edən sağçı senatorlar bu qərarın dünyaviliyin qorunması baxımından vacib olduğunu deyiblər. Onlar bu qanun layihəsinin bütün dini simvolların təbliğinə qarşı olduğunu bildiriblər. Məktəb gəzintilərində valideynlər də müvəqqəti ictimai işçi sayıldığı üçün onların hər hansısa simvol istifadə etmələrinin doğru olmadığını vurğulayıblar.  Onlar xristianlığın yüz illərlə Fransanı və ümumilikdə bütün Avropanı cəhalət içində saxladığını, bundan canlarını qurtarmaq üçün milyonlarla insanın qanının töküldüyünü, buna əsrlərlə vaxt sərf olunduğunu, savaşların yaşandığını xatırladırlar. İndiki vəziyyətdə də qazanılmış dünyavi və sivil dövlətlərinin yenidən dini xurafata sürüklənə biləcəyindən narahat olduqlarını, bunun qarşısını almaq üçün sərt qanunlara ehtiyac olduğunu bildiriblər. Qanunun lehinə səs verən Senatarolardan biri çıxışında belə deyib: "Bu günkü sivil və inkişaf etmiş Fransanı yaratmaq üçün xiristianlığı dövlətdən ayırdıq, kilsədə yaşamasını qanuniləşdirdik. Gərək ölkəmizə üz tutan müsəlmanlar anlasın ki, onların dövlətlərinin inkişaf etməməsinin səbəbi dini siyasi alət kimi saxlamaq istəyən qüvvələrin cəmiyyətdə müsəlmanlığın rituallarını saxlamasıdı. Biz bunu öz tariximizdə yaşamışıq. Və elə həmin dövrdə Avropadan saysız insan dünyanın müxtəlif yerlərinə köç edib. Bu gün biz geriyə gedə və eyni günləri yaşaya bilmərik. Əksinə dini alət edən, terror, siyasi tərəfdar toplama vasitəsi kimi istifadə edənlərlə savaşmalıyıq".
 
 

qadinkimi.com