BİLİM / DİN
Firuz Mustafa - Şərq və Qərb Tarix : 18 May 2020, 15:45
Yazar : Qadinkimi.com
Əslində Şərqlə Qərb arasında Çin səddi yoxdur.

Amma arada bəzi fərqli məqamlar var.

Ötənlərdə Qərb Şərqdən öyrənirdi, indi isə əksinə, Şərq Qərbdən öyrənir.

Qərbdə rasionallığa, Şərqdə isə nağılçılığa meyl güclüdür.

Qərb ağıla söykənir, Şərq qəlbə.

Qərb beşiyə təzim edir, Şərqsə Qəbrə.

Qərb bu günlə yaşayır, Şərqsə dünənlə.

Qərb rasionaldır, Şərqsə irrasional.

Qərbdə şəxsiyyət güclüdür, Şərqdə isə şəriət.

Qərb sıçrayışlarla irəliləyir, Şərq isə inersiya ilə.

Qərbdə fərdi düşüncə hökmrandır, Şərqdə kütləvi düşüncə.

Qərb adamı cəmiyyətlə daha çox təmasda olur, Şərq adamı daha çox təbiətlə təması sevir.

Qərb öz keçmişindən gülərək, Şərqsə ağlayaraq ayrılır.

Qərb çoxdandır ki, daha çox fəlsəfəyə, Şərqsə daha çox dinə arxalanır.

Qərbdə soyuq rənglər, Şərqdə isti rənglər dominantdır.

Qərbdə qanunlar, Şərqdə isə ənənələr hökmrandır.

Qərbli gördüyünə, şərqli isə eşitdiyinə daha çox inanır.

Qərbdə cəmiyyət, Şərqdə isə ailə kultu güclüdür.

Qərb analizə, Şərq sintezə üstünlük verir.

Qərb konkret faktlara, Şərq daha çox basmaqəlib postulatlara istinad edir.

Qərbdə hiylə ağıl əlaməti kimi, Şərqdə isə ağıl hiylə əlaməti kimi qəbul edilir.

Qərb intellektual tələbata daha çox vəsait ayırır, Şərq həzzlərin təmin edilməsinə.

Qərbdə din daha çox mədəniyyət elementi kimi qəbul edilir, Şərqdə həyat tərzi kimi.

Qərbdə sadə görünən çox şey, Şərqdə mürəkkəb təsir bağışlayır.

Qərbdə pulun hökmranlığa tabeliyi, Şərqdə isə hökmranlığın pula tabeliyi daha aydın duyulur.

Qərb Şərqə heyrətlə, Şərq isə Qərbə riqqətlə yanaşır.

Qərbdə istehsal, Şərqdə isə istehlak hissi güclüdür.

Qərb savaşa sənət, Şərq sənətə savaş kimi baxır.

Qərbin Şərqdən pulsuz əxz etdiyini, Şərq Qərbdən pulla geri alır.

Vaxtilə Şərq Qərbə yürüş etmişdi, bu gün Qərb Şərqə hücum edir.

Artıq dediyim kimi, Şərqlə Qərbi ayıran sədlər Çin səddi qədər enli yox, olsa-olsa Çin kağızı qədər ensizdir.

Qərbi Şərqdən fərqləndirən amillər arasında coğrafi mühitin rolu böyükdür.

Şərq və Qərb eyni ağacın budaqlarıdır. Budaqların birinə göyərçin qonub, o birisinə bülbül.
 
 

Firuz Mustafa 
qadinkimi.com